“Dərdlərimlə qızımın ailəsinə yük olmaq istəmirəm, mənim də qürurum, mənliyim var…Qalan ömrümü birtəhər başa vurmaq, daldalanmaq üçün balaca bir daxmaya ehtiyacım var…”-ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN ANASINDAN ÖLKƏ PREZİDENTİ VƏ BİRİNCİ XANIMA MÜRACİƏT

Əslən Bərdənin Güloğlular kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin anası Mehparə Qəribova ölkə Prezidenti İlham Əliyev, Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət edib.

Etikxeber.az xəbər verir ki, adıçəkilən müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən Mehparə Süleyman qızı Qəribova 1969-cu ilin 7 mart tarixində Bərdə rayonunda, Güloğlular kəndində-sadə bir ailədə anadan olmuşam. 1991-ci ildə ailə həyatı qurmuşam. İki övlad-bir oğul, bir qız anasıyam. Çox təəssüflər olsun ki, 2002-ci ildən qeyri-rəsmi, 2007-ci ildən isə rəsmi şəkildə həyat yoldaşımdan ayrılmışam (məhkəmə qərarı da ortadıdır), belə demək mümkünsə, keçmiş həyat yoldaşım məni, iki körpə balasını tərk edib gedib. Həmin vaxtdan da (2002-ci ildən də) Bakıda, Suraxanında çox darısqal, çox şəraitsiz bir evdə iki övladımı minbir əzab-əziyyətlə böyüdüb, boya-başa çatdırmışam.

Övladlarımın həm anası, həm atası olmuşam, onları vətənpərvərlik ruhunda böyütmüşəm. Elə bu səbəbdəndir ki, tək oğlum-Fəxri Qəribzadə də həyatını hərblə, Ordu ilə bağladı və hərbçi-MAXE kimi, İkinci Vətən Müharibəsinin ilk günlərindən, ilk anlarından Vətən torpaqlarının azadlığı naminə döyüşlərə atıldı, döyüşdü, vuruşdu, qəhrəmanlıqlar göstərdi. Ağır döyüşlərdən birində də (Ağdərə istiqamətində), oktyabrın 10-da qəhrəmancasına həlak oldu, Şəhidlik məqamına ucaldı.

Sizin başçılığınız və rəhbərliyinizlə əldə edilən tarixi Qələbə və Zəfərimizdə oğlumun, Fəxrimin də payı var. Oğlumla, Fəxrimlə qürur duyur, fəxr edirəm. Fəxr edirəm ki, belə bir oğulun anasıyam. Oğlum da daxil olmaqla, bütün Şəhidlərimizin, Şəhid balalarımız ruhları qarşısında baş əyirəm. Baş tacımız, and yerimizdirlər!”

Müraciətdə sonra qeyd olunur:

“Cənab Prezident!

Sizə müraciət etməklə bildirmək istəyirəm ki, 20 ilə yaxın kirayədə yaşamışam. Oğlumun Şəhidliyindən sonra isə müvəqqəti olaraq, Bərdədə, Güloğlularda, qızım-Türkanəgildə müvəqqəti yaşayıram. Qızımgilin ailəsi də böyükdür, özü, həyat yoldaşı, qayınanası, qayınatası, 4 körpə balası və üstəlik mən. Özlərinin də maddi-sosial durumu çətindir. Belə bir durumda öz dərdlərimlə artıq onlara da yük olmaq istəmirəm, mənim də qürurum, mənliyim var. Bəli, oğlumdan sonra gözümə heç nə görünmür, mənə dəbdəbəli ev-eşik lazım deyil. Sadəcə, qalan ömrümü (həm də səhhətimdə ciddi problemlər var) birtəhər başa vurmaq, daldalanmaq  üçün balaca bir daxmaya, balaca bir evə ehtiyacım var.

Həm də çox təəssüflər olsun ki, ömrü boyu övladlarından xəbəri olmayan, övladının dəfninə, yasına belə gəlməyən birinin iki aydan sonra “atalıq sevdası”na düşməsi, yerli məhkəmənin onun xeyrinə qərar çıxarması, sığorta pulunun, müavinətin tən yarsını ona kəsməsi, o cümlədən, vərəsəlik haqqını ona verməsi “faktı” ortadır”.

Şəhid anası qeyd edir ki, bu, həm Şəhidin ruhuna hörmətsizlikdir, həm övladlarını minbir əziyyətlərlə böyütmüş bir anaya-Şəhid anasına qarşı hörmətsizlikdir.

“Mənə pul da lazım deyil, sadəcə, istəyirəm ki, həm sığorta pulunun qalan hissəsi “ata”dan geri tələb edilsin, həm müavinət almaq, həm də vərəsəlik hüququndan məhrum olunsun. Çünki dediyi kimi, onun “ata” olmağa, özünü “ata” adlandırmağa haqqı yoxdur, övladının dəfninə, yasına gəlməyənin nə atalıq haqqı-hüququ ola bilər ki?! Mən həmin sığorta pulunu tam şəkildə körpə övladı qalan bir Şəhid ailəsinə bağışlamaq və Şəhidimin ruhunu az da olsa, sevindirmək istəyirəm. Odur ki, istəyirəm ki, Apellyasiya Məhkəməsi ədalətli qərar qəbul etsin, həm pulun qalan hissəsini “ata”dan tələb etsin, həm də onu müavinət almaq və vərəsəlik hüququndan məhrum etsin. Bu, həm Şəhidimin haqqıdır, həm də mənim.

Sizdən çox-çox, acizanə şəkildə rica və xahiş edirəm ki, səlahiyyətlərinizdən istifadə edib bu məsələnin həllində dəstəyinizi, yardımınızı əsirgəməyəsiniz. Eyni zamanda, balaca bir daxma ilə təmin olunmağım üçün aidiyyatı qurumlara, Bərdə rayon İcra hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (eləcə də, bugünədək bircə dəfə kömək əli uzatmayan “YAŞAT”-a) göstəriş və tapşırıq verəsiniz. Məni nə mal, nə mülk, nə pul maraqlandırır. Oğlumdan sonra mənə heç nə lazım deyil. Sadəcə, yuxarıda da qeyd etdiyim kimi, ömrümün qalan hissəsini birtəhər başa vurmaq üçün balaca bir daxma ilə  təmin olunmağımı istəyirəm.

İnanıram və əminəm ki, dərdli, gözləri yaşlı Şəhid anasının müraciəti nəzərə alınacaq və müraciətdə qeyd olunanlar həllini tapacaq. Öncədən də Sizə dərin minnətdarlığımı və təşəkkürlərimi bildirirəm. Allah Sizi, ailənizi, Vətənimizi, igid Əsgərimizi qorusun!”-deyə, müraciətdə daha sonra bildirilir.

Etikxeber.az

Read Previous

Bakı, Sumqayıt, Abşeron, Gəncə və Şəkidə əyani tədris qismən-BƏRPA OLUNDU

Read Next

Daha 515 yeni yoluxma-DAHA 13 ÖLÜM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir