“Dağlıq Qarabağa heç bir status verilməyəcək…”-MİLLƏT VƏKİLİ

Azərbaycan dövləti və xalqı möhtəşəm qələbənin təntənəsini yaşamaqdadır. Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən Müharibəsi kimi yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən il sentyabrın 27-də xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin, eləcə də qismən hərbi səfərbərliyin elan olunması həmin günün unudulmaz hadisələridir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım dilə gətirib.

Millət vəkili sonra qeyd edib:

“Xalqda həmin gün böyük coşğu var idi. Çünki nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başladı. Biz torpaqlarımızın azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir.27 sentyabrda başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, müzəffər Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi ilə erməni işğalına son qoyuldu.

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Ötən il noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. Noyabrın 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri arasında imzalanmış bəyanat Azərbaycanın siyasi qələbəsi oldu. Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlandığı gündən, baxmayaraq ki, döyüş meydanında üstünlük bizim tərəfimizdə idi, yenə də münaqişənin danışıqlar masası ətrafında həllinin vacibliyini bəyan edərək Ermənistandan irəli sürülən şərtlərə əməl etməyi tələb edirdi. 44 gündə Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan həmin Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyəti oldu.

Xalqımız tam əmin idi ki, Prezidentimiz İlham Əliyevin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti, nə zaman nəyi edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərin arxasında dayanan mühüm addımlarının nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Digər vacib məsələ, Prezidentimizin dediyi kimi, Dağlıq Qarabağa heç bir status verilməyəcək. Eyni zamanda, bəyanata əsasən üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alındı.Qələbəmizin təmin olunmasında qardaş Türkiyənin birmənalı olaraq mənəvi və siyasi dəstəyi mühüm rol oynadı. Xalqımız bu qardaş dəstəyini böyük minnətdarlıqla xatırlayır və bundan sonra da hər zaman xatırlayacaq.44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı.

Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmələrini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir. Bununla yanaşı,düşmənin vandalizm aktları törətdiyi doğma torpaqlarımızda sürətlə yenidənqurma, bərpa-quruculuq işləri həyata keçirilir. Eyni zamanda, dövlətimiz azad olunmuş ərazilərdə hərbi cəhətdən də möhkəmlənməkdə davam edir, özünün sərhədlərini qoruyur, Türkiyə ilə birgə hərbi təlimlər keçirən ordumuz öz gücünü və təcrübəsini gündən günə daha da artırır.

Bütövlükdə, hesab edirəm ki, qazandığımız qələbənin, zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı, cəmiyyəti möhtəşəm birlik nümayiş etdirərək ordumuzla, müzəffər Ali Baş Komandanımızla sıx birlik nümayiş etdirdi. Bu amil bizim qələbəmizdə çox mühüm rol oynadı. Hörmətli Prezidentimizin dediyi kimi, heç bir qüvvə bizim qarşımızda dayana bilməz və belə də oldu. Allah şəhidlərimizə rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

Ötən il-bu gün: Erməni vandalizminin qurbanı olmuş Qurbanovlar ailəsi…Ailəsinin 5 üzvünü itirmiş MAXE Nadir Qurbanov…Goranboyun ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən biri-MAXE HİDİ VƏLİYEV… – FOTOLAR

Read Next

İkinci Vətən Müharibəsinin ilk Şəhidləri: Qızılhacılılı Fariz Qurbanov və Elman Həsənov, Tap-Qaraqoyunlulu Hidi Vəliyev, Mingəçevirli Əli və İslam Əhmədovlar…-MƏZARLARI ZİYARƏT OLUNDU, RUHLARINA DUALAR OXUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir