Daha 3 boksçumuz “İslamiada”nın ən azı bürünc medalını təmin edib- FOTO

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının dördüncü günündə – mayın 15-də dörddəbir final mərhələsi çərçivəsində dörd boksçumuz rinqə çıxıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) Oyunlarda ilk döyüşünü keçirib. İyirmi yaşlı idmançımız yarışa dörddəbir final mərhələsindən qoşulub. Birinci Avropa Oyunlarının mükafatçısı olan idmançımız Mərakeş boksçusu Taoufik Kaçfi ilə qarşılaşıb. Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. Birinci raundda Mərakeş boksçusunun qaşı partladığı üçün o, döyüşü davam etdirə bilməyib. Nəticədə idmançımıza texniki qələbə verilib və o, İslamiadada ən azı bürünc medalı təmin edib. T.Əliyev mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatov ilə qarşılaşacaq.

Turnirdə 69 kiloqram çəki dərəcəsində çıxış edən Tamerlan Abdullayev ikinci döyüşünü keçirib. Dörddəbir final mərhələsində boksçumuz qətərli Tulasimaraam Tarumalinqamı məğlub edib. T.Abdullayev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək.

“Bakı-2017”də 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov da ikinci döyüşünə çıxıb. O, dörddəbir finalda misirli Uosri Hafizlə qarşılaşıb. İkinci raundda rəqib mübarizəni davam etdirmək istəmədiyi üçün döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz qalib elan olunub. M.Məcidov yarımfinalda Hüsseyn İaşaiş ilə (İordaniya) üz-üzə gələcək. Görüş mayın 17-də keçiriləcək.

Turnirdə 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov birinci döyüşündə Omid Əhmadisafa (İran) ilə qarşılaşıb. Görüş rəqibin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaydalara əsasən, yarımfinala yüksəlmiş boksçular özlərinə ən azı bürünc medalı təmin etmiş olurlar. Buna görə də Azərbaycan millisinin yarımfinala yüksələn beş üzvü artıq bürünc medalları təmin ediblər.

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları mayın 18-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Baş nazirdən “vida” yeməyi… – FOTO

Read Next

İslamiada: Türkiyənin kişi və qadın tennisçiləri çempion oldular- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir