Prezidentlə Birinci vitse-prezident Arif Məlikovla vida mərasimində iştirak etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenli Arif Məlikov vəfat edib.

Etikxeber.az xəbər verir ki, bəstəkarla vida mərasimi bu gün saat 14:00-dan etibarən Bakı Musiqi Akademiyasında keçirilir.

***

Vida mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev vida mərasimində çıxış edərək Arif Məlikovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə danışıb. Nazir vurğulayıb ki, Arif Məlikovun Nazim Hikmətin librettosuna yazılmış “Məhəbbət əfsanəsi” baleti görkəmli bəstəkara dünya şöhrəti qazandırıb. Bu balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub. Arif Məlikov səkkiz simfoniya, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, dram tamaşalarına musiqilərin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqiləri bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında uğurla səslənir.

Arif Məlikovun musiqisində fikir dərinliyi, gözəllik, qeyri-adilik, coşqunluq, müasirlik və bunların vəhdətində orkestri ustalıqla cazibəyə salaraq təbii ahəngdə idarə etmək qabiliyyəti çox güclüdür. Məhz Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur ki, dünyanın sənətsevərlərini öz cazibəsində saxlamaqdadır.

Əbülfəs Qarayev deyib ki, Arif Məlikovun ümummilli lider Heydər Əliyevə ithaf etdiyi 8-ci “Əbədiyyət” simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsindədir.

Vidam mərasimində Bakı Musiqi Akademiyasan rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və Arif Məlikovun tələbəsi bəstəkar Ceyhun Allahverdiyev çıxış edərək Arif Məlikovun bənzərsiz sənət dünyasından söhbət açıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

Vida mərasimindən sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Vida mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Arif Məlikovun onun üçün doğma bir insan olduğunu söyləyib.

Bildirib ki, bəstəkarın Nazim Hikmətin sözlərinə yazılmış romansları əsl şedevrdir.

Rektor deyib ki, Arif müəllim əsl ziyalı kimi Bakı Musiqi Akademiyasında gənc musiqişünasların, bəstəkarların yetişməsinə böyük zəhmət sərf edib. Arif Məlikov dünyasını dəyişsə də, yazdığı əsərlər hər zaman böyük salonlarda səslənəcək, nəinki müəllifinə, həm də mənsub olduğu millətə şöhrət gətirəcək.

Arif Məlikovun dünyasını dəyişməsini Azərbaycan elmi üçün də böyük itki hesab edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, o, böyük akademik düşüncəyə malik bir musiqi xadimi idi. Hər zaman Azərbaycan elmini ləyaqətlə təmsil edən Arif Məlikovun yeni sənətşünaslar, musiqişünaslar nəslinin yetişməsində müəllim, elmi məsləhətçi kimi xüsusi rolu olub. O, Azərbaycan musiqi mədəniyyəti tarixində yüksək zirvələr fəth edib. Heç tərəddüd etmədən demək olar ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Qara Qarayevin “İldırımlı yollarla”, Fikrət Əmirovun “Min bir gecə” əsərlərindən sonra Arif Məlikovun “Məhəbbət əfsanəsi” Azərbaycan xalqına və musiqi mədəniyyətinə dünya şöhrəti qazandırıb.

Allah rəhmət etsin!

ARİF-1

ARİF-2

ARİF-3

Etikxeber.az

Read Previous

“Hər mərkəzdə təqribən 100-150 iş yeri olacaq ki…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Read Next

Litvanın yeni prezidenti kim olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir