Daha bir Şəhid ruhuna hörmətsizlik…BİRİNCİ QARABAĞ ŞAVAŞI ŞƏHİDİ SAHİB HƏSƏNOVUN ATA OCAĞININ ACINACAQLI VƏZİYYƏTİ NİYƏ HEÇ KİMİ MARAQLANDIRMIR? BİR-BİRİNİ ƏVƏZLƏYƏN İSMAYILLI RƏHBƏRLƏRİ, MÜVAFİQ QURUMLAR İLLƏRDİR HARA BAXIRLAR? – FOTOLAR

Bu gün, axşam saatlarına yaxın daha bir Şəhid ocağında oldum…

İsmayıllının Qubaxəlilli kəndinin Birinci Qarabağ Savaşı Şəhidi, ailənin 8 övladından biri, bəyliyi ağ kəfən olan Sahib Məhəmməd oğlu Həsənovun yaşadığı evi, ata ocağını ziyarət etdim…

Şəhidin bacısı Əsmayə xanımla, digər qohumları ilə görüşdüm, bir araya gəldim, söhbətləşdim…

Qeyd edim ki, 51 yaşlı Şəhidimiz 1971-ci ilin iyun ayının 13-də anadan olub…

Keçmiş sovetlər ordusunda hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb…

Və bir müddət keçdikdən sonra könüllü şəkildə Qarabağ uğrunda döyüşlərə atılıb, Birinci Qarabağ Savaşında iştirak edib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

1993-cü ilin yeni il gecəsində, dekabr ayının 31-də Ağdamın Salahlı kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi iki gün sonra, 1994-cü ilin yanvar ayının 2-də dəfn olunub Qubaxəlilli kəndinin qəbiristanlığında…

Şəhidliyindən 3 il keçəndən sonra, daha doğrusu, 1997-ci ilin iyun ayının 13-də, Cənnətdəki 4-cü doğum günündə qardaşı oğlu dünyaya gəlib və qardaşı oğluna onun adı verilib…

Torpağı sanı yaşasın, əmisinin ruhu köməyi olsun!

Eyni zamanda, Şəhidliyindən bir müddət sonra təhsil aldığı Qubaxəlilli kənd orta məktəbinə onun-Sahib Həsənovun adı verilib…

Və bununla da hər şey bitmiş sayılıb…

Ötən 29 il ərzində Şəhidin artıq dünyasını dəyişmiş valideynləri və hazırda ata ocağında tək yaşayan bacısı və iki övladından biri daun xəstəsi olan qardaşı ilə maraqlanan olmayıb…

Ötən illər ərzində demək olar ki, Şəhidlə bağlı rəsmi səviyyədə hansısa bir tədbir-filan keçirilməyib…

Ötən il 50 yaşı tamam olsa da, Cənnətdəki növbəti ad günü, yubileyi ilə bağlı rəsmi, rayon rəhbərliyi səviyyəsində heç bir tədbir təşkil olunmayıb…

Sadəcə, ata ocağında yaşayan bacısı tərəfindən işlədiyi kitabxanada balaca bir tədbir düzənlənib…

Vəssalam!

Sanki Sahib Həsənov adlı Şəhid, Qəhrəman yoxuymuş!!!

Ev demişkən, Şəhidin yaşadığı, böyüyüb boya-başa çatdığı ev-əgər ona da ev demək olarsa-uçuq-salxaq, qəzalı vəziyyətdədir…

Evdən əsər-əlamət belə yoxdur, sadəcə, daxma…

Hər tərəfi uçulub, sökülüb, dağılır …

Yağan yağış, qar evin içinə tökülür, əsən külək evin içindədir…

Şəhidin ali təhsilli bacısı Əsmayə xanım dəfələrlə rayon rəhbərliyinə müraciət etsə də, hər dəfə eyni, saymazyana, laqeyd münasibətlə üzləşib, mənfi cavab alıb…

Hər dəfə “bizim imkanımız yoxdur”-deyilib…

Şəhid bacısı isə heç kimdən, dövlətdən yeni ev istəmədiyini, sadəcə, evin təmir olunmasını, Şəhidin ruhunun sevindirilməsini istədiyini deyir…

“Mənə ev lazım deyil…Demirəm ki, gəlib təzə ev tiksinlər…Ancaq bura Şəhid ocağıdır…Buradan, bu ocaqdan Vətən yolunda canını verən Şəhid çıxıb…Özü də cəmi 22 yaşında, nişanlılı…Qardaşımın bəyliyi ağ kəfəni oldu… Sadəcə, istəyirəm ki, bu evə əl gəzdirsinlər, onu təmir etsinlər…Başqa heç nə lazım deyil…Ən azı Şəhidimizin ruhu xatirinə bu, edilməlidir”-deyə, Şəhid bacısı əlavə edir…

Və əlavə sözə, şərhə də ehtiyac qalmır…

Kor-kor, gör-gör…

Necə deyərlər ki, görünən kəndə bələdçi nə lazım?!

Hər şey gün kimi ortadadır…

Və bu biabırçı, utancverici vəziyyət, Şəhid ruhuna hörtmətsizlik tezliklə aradan qaldırılmalıdır…

Dövlət, rəsmi, aidiyyatı qurumlar səviyyəsində…

Bunu Şəhidin ruhu tələb edir və bu tələb də mütləq yerinə yetirilməlidir, tərəddüd etmədən, bəhanə gətirmədən!!!

20:42

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidlərindən Fərid Əliyevin anası-RƏNA VƏLİYEVAYA “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM EDİLDİ – FOTOLAR

Read Next

“Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat-MƏRHƏLƏSİNDƏ VƏ RƏQİBİ MƏLUM OLDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir