Daha bir Şəhid ailəsi-Nicat İbişovun valideynləri – BAŞ NAZİRƏ MÜRACİƏT ETDİ…

Mingəçevirdən olan daha bir Şəhid ailəsi-Nicat İbişovun valideynləri – Samirə və Vasif İbişovlar Baş nazir Əli Əsədova müraciət ünvanlayıblar.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, Əli müəllim!

Yazıb Sizə bildirmək istəyirik ki, biz-Samirə və Vasif İbişovlar Şəhid Nicat İbişovun valideynləriyik. Nicat İkinci Qarabağ Savaşının Şəhidlərindəndir. Evin-ailənin tək oğlan övladı olan balamız-Nicatımız Vətən uğrunda döyüşlərdə-oktyabrın 10-unda Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhadətinə qovuşub, Şəhidlik məqamına uclalıb. Həmin gün nəşini götürmək mümkün olmayıb, yalnız 15 gündən sonra, oktyabrın 25-də nəşini götürmək mümkün olub və Mingəçevirə, Şəhidlər Xiyabanına gətirilərək, torpağa tapşırılıb. Ölümündən sonra da, Ali Baş Komandan tərəfindən də iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Övlad itirmək nə ağır və əzablı olsa da, biz Şəhid valideynləri olaraq, Şəhidimizlə, Nicatımızla Fəxr edir, Qürur duyuruq. Fəxr edir, Qürur duyuruq ki, müqəddəs Qələbə və Zəfərimizdə minlərlə, on minlərlə Vətən övladı kimi, balamızın-Nicatımızın da əməyi, zəhməti, payı var. Fəxr edir, Qürur duyuruq ki, Nicat kimi Qəhrəmanın, İgidin, Şəhidin valideynləriyik. Nicat da daxil olmaqla, bütün Şəhidlərimiz bizim baş tacımız, and yerimizdir. Qarşısında, qarşılarında ehtiramla baş əyirik”.

Müraciətdə sonra deyilir:

“Hörmətli, Baş nazir!

Müraciət etməklə, nəzər-diqqətinizə iki məsələni, iki xahişimizi çatdırmaq istəyirik. İstəyirik ki, bütün Şəhidlərimizin, o cümlədən, həyatdan nakam getmiş Nicatımızın adı, xatirəsi əbədiləşdirilsin. Çünki bu, Şəhidimizin, Şəhidlərimizin halal HAQQIdır. Bu HAQQI qanları, canları ilə qazanıblar. Ona görə istəyirik ki, Minçəçevirin küçələrindən birinə oğlumuzun, Nicatımızın adı verilsin. Eyni zamanda, istəyirik ki, oxuduğu, təhsil aldığı 19 saylı orta məktəbə Şəhidimizin, Nicatımızın adı verilsin. Bu, elə bilirik ki, Şəhidimizin, Nicatımızın HAQQIdır. Bu baxımdan, bu iki məsələnin reallaşması, bu iki xahişimizin nəzərə alınması üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və digər aidiyyatı qurum və orqanlara göstəriş və tapşırıqlar verməyinizi dönə-dönə rica edirik.

Həmçinin, çox istərdik ki, xüsusilə, 1994-cü ildə qəbul edilmiş və hələ də qüvvədə olan qərarın-Şəhid adlarının, Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məsələsində böyük maneə olan iki orden tələbinin aradan qaldırılmasına, ləğv olunmasına qərar verəsiniz. Bu, həm Şəhidlərimizin ruhunu sevindirmiş olar, həm də Şəhid ailələrinə azacıq olsa belə, təsəlli olar. Bir daha inanmaq istərdik və inanırıq ki, qaldırdığımız, xahiş etdiyimiz məsələlər tərəfinizdən nəzərə alınacaq, öz müsbət həllini tapacaq və Şəhidimizin, Nicatımızın ruhu sevindirilmiş olacaq.

Öncədən də şəxsinizə minnətdarlığımızı və təşəkkürlərimizi ifadə edirik. Allah Dövlətimizi, Millətimizi, Vətənimizi, İgid Əsgərimizi və Qalib Ali Baş Komandanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Ölkə ərazisində terror-təxribat törədən erməni silahlı dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşdı-RƏSMİ

Read Next

“Bütün bunlar bir daha bizim xalqın necə sülhsevər, multikultural düşüncəli və çətinlik çəkənlərə yardımçı olan bir xalq olduğunu nümayiş etdirdi!”-ELDƏNİZ SƏLİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir