Daha bir Şəhidimiz-PƏRVİZ TAĞIYEV MİNGƏÇEVİR ŞƏHİDLƏR XİYABANINDA DƏFN OLUNDU – YENİLƏNİB – (2)

İkinci Vətən Müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Etikxeber.az-ın məlumatına görə, İkinci Vətən Müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən isə APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

12:22

***

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən xəbər verildiyi kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Məlumata görə, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır: 

“Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun-kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbr diləyirik”.

13:40

***

Şəhid hərbçimizlə Mingəçevirdə vida mərasimi keçirilir.

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir şəhərində yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimində şəhər icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak edir.

13:58

***

Şəhid hərbçimiz Mingəçevirdə dəfn edilib.

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində hərbçilər, şəhər icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Dövlət himni səslənib, yaylım atəşi açılıb və şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Vətən müharibəsində itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Etikxeber.az

Read Previous

Daha 1080 yeni yoluxma-DAHA 20 ÖLÜM…

Read Next

DYP-dən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir