Daha bir unudulmaz və unudulmayacaq-GÖRÜŞ… – FOTOLAR

Bu gün-cəmi bir neçə saat öncə daha bir gözəl, daha bir unudulmaz və unudulmayacaq görüşdə iştirak etdim…

Millətinin vəkili, hər zaman Şəhidlərə, Şəhid ailələrinə, Qazilərə, Qazi ailələrinə, Birinci və İkinci Vətən Müharibəsinin iştirakçılarına xüsusi həssaslığı ilə seçilən, fərqlənən, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə xanımın-Qənirə Paşayevanın növbəti dəfə Şəhid ailələri və Qazilər ilə görüşünə qatıldım…

Qeyd edim ki, görüş təşəbbüsü yenə Qənirə xanım tərəfindən gəlmiş, mən də öz növbəmdə onun təklifini, təşəbbüsünü Şəhid Cəmil Məmmədlinin anası Aygün xanıma-Aygün Məmmədovaya və İkinci Vətən Müharibəsinin gerçək Qəhrəmanlarından, Qazilərindən olan baş leytenant Elnur bəyə-Elnur Xəlilova çatdırmışdım…

Hər ikisi də təklifi olduqca razılıqla, məmnunluqla qəbul etmiş, qarşılamış və görüş də bu günə, saat 13:00-a təyin edilmişdi…

Bəli, görüş də təyin olunduğu vaxtda baş tutdu, sadəcə, məkan fərqli idi…

Görüş MM-də, Qənirə xanım iş otağında, kabinetində deyil, bu dəfə çox dəyərli ictimai fəal Arzu xanım Bağırovanın rəhbərlik etdiyi və bugünlərdə 3 yaşı tamam olan, uğurlu fəaliyyəti ilə yadda qalan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin ofisində baş tutdu…

***

Qeyd etdiyim kimi, görüş çox unudulmaz və unudulmayacaq bir görüş oldu, necə deyərlər, səmimi, duyarlı bir görüş…

Onu da qeyd edim ki, görüşdə digər Şəhidimiz-İkinci Vətən Müharibəsinin Dastan yazan Qəhrəmanlarından olan 5 övlad atası, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Ramiz Cəfərovun həyat yoldaşı Sitarə xanım Cəfərova, o cümlədən, 2016-cı ilin Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı-polkovnik-leytenant Amil Göyüşov, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, tanınmış şair-publisist Əkbər Qoşalı, Türkiyədən olan albayımız, tanınmış ictimai fəal İndira Şəmsivari, gənc yazar Zeynəb Ədalətqızı və başqa bir neçə şəxs iştirak edirdi…

Görüşdə öncə Şəhidlərimizin xatirəsi bir dəqiqilik sükutla yad edildi.

Sonra görüşün rəsmi hissəsini Əkbər Qoşalı açaraq bildirdi ki, Şəhid ailələri və Qazilərlə görüş artıq bir ənənə halını almaqdadır. Həm millət vəkili Qənirə Paşayeva, həm də Arzu Bağırovanın rəhbərlik etdiyi təşkilat tərəfindən Şəhid ailələri və Qazilərlə mütəmadi görüşlər keçirilməkdədir və bugünkü görüş də həmin ənənənin davamı, tərkib hissəsidir.

Sonra Arzu xanım çıxış edərək bildirdi ki, Vətən uğrunda qəhrəmancasına həlak olan Şəhidlərimizə, onların ailələrinə və Torpaq uğrunda sağlamlıqlarını itirən Qazilərimizə diqqət, qayğı onların fəaliyyətinin başlıca istiqamətidir. O, həmçinin bildirdi ki, Şəhid ailələri və Qazilərə diqqət, qayğı hər bir kəsin, hər birimizin borcudur.

Görüşün əsas təşəbbüsçüsü və səbəbkarı olan Qənirə xanım da öz növbəsində bildirdi ki, Şəhidlər, Şəhid ailələri, Qazilər, Birinci və İkinci Vətən Müharibəsinin iştirakçıları baş tacımızdırlar.

“Biz hər Şəhidimizlə, hər bir Şəhid ailəsi, hər bir Şəhid ata-anası ilə, hər bir Qazimizlə, hər bir Vətən Müharibəsinin iştirakçısı ilə fəxr duyur, qürur hissi keüçiririk. Onların hər birinə borcluyuq, onların haqqı, borcu ödənilməz. Şəhid olmaq da, Şəhid valideyni olmaq da, Qazi olmaq da hər kəsə qismət olan bir Ucalıq, Zirvə deyil. Bəli, onlar Zirvədirlər. Onlara diqqət və qayğı, həssas münasibət də hər birimizin borcudur…Milli Məclis də Şəhid ailələrinin, Qazilərin bir evidir…Hər zaman da Milli Məclisin qapıları onları üzünə taybatay açıqdır, hər zaman Şəhid ailələrinin, Qazilərin quluğunda durmağa hazırıq”-deyə, Qənirə xanım sözlərinə əlavə etdi.

MM-in digər komitə sədri Sadiq Qurbanov isə Azərbaycan cəmiyyətində Şəhidlərə, Şəhid ailələrinə, Qazilərə xüsusi diqqət və həsaas münasibətin olduğunu qeyd etdi.

Eyni zamanda, özünün də Birinci Qarabağ Savaşının, Xalq hərəkatının iştirakçılarından olduğunu diqqətə çatdırdı.

Bildirdi ki, müharibəni öz gözləri ilə görüb, canlı şəkildə yaşayıb, döyüşlərin elə ilk günündə döyüşçü yoldaşını-dostunu itirib.

“Ona görə də hər bir Şəhid, hər bir Şəhid ailəsi, hər bir Qazi bizim üçün doğmadır, əzizdir, müqəddəsdir. Şəhid ailələri, Şəhid valideynləri qarşısında da heç zaman həyacansız ola, həyacansız danışa bilmirəm. Onların hər birinin, o cümlədən, bugünkü görüşdə iştirak edən Şəhid anasının və Şəhid xanımının qarşısında baş əyirəm”-deyə, MM-in komitə sədri sonra qeyd etdi.

Görüş zamanı digər iştirakçılar, o cümlədən, Şəhid anası Aygün Məmmədova və Şəhid xaımı Sitarə Cəfərova, Qazi Elnur Xəlilov da öz fikirlərini səsləndirdilər, görüş üçün Qənirə xanıma xüsusi minnətdarlıqlarını ifadə etdilər.

Qeyd etdilər ki, bu görüş özü Şəhidlərə, Şəhid ailələrinə, Qazilərə diqqət və qayğının, həssas münasibətin bir nümunəsidir.

Bu yerdə qeyd edim ki, əslən İsmayıllıdan olan və Bakıda, Bayıl qəsəbəsində böyüyüb boya-başa çatmış Cəmil Məmmədli 2020-ci ilin oktyabrın 14-dən 15-nə keçən gecə Füzuli istiqamətində ağır döyüşlərdə qəhrəmancasına Şəhid olub. Şəhidimiz İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn edilib. Ali təhsilli, evin tək oğlu idi…

46 yaşlı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenanr Ramiz Cəfərov isə 2020-ci ilin noyabrın 5-də Şuşa uğrunda döyüşlərdə igidliklə və qəhrəmancasına Şəhidlik Zirvəsinə ucalıb. O, həmçinin, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. Ölümündən sonra Şəhidimiz Vətən Müharibəai Qəhrəmanı adına layiq görülüb, 3 medalla təltif olunub. Ramiz Cəfərov İkinci Fəxri Xiyabanda dəfn edilib. Ailəli, 5 övlad-4 qız, bir oğul atası idi…

Görüşün sonunda Şəhid anası və Şəhid xanımına, Qazimizə, eləcə də, digər iştirakçılara MM-in Mədəniyyət komitəsinin və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin adından Məktub(lar) və hədiyyələr təqdim olundu…

***

Bəli, bir görüş də belə başa çatdı…

Bir görüş də öz unudulmaz anları ilə yaddaşlarda qaldı və tarixə çevrildi…

Bir görüş də beləcə hafizələrə unudulmayacaq məqamları ilə həkk olundu, öz möhürünü vurdu…

Bir daha var olun, Qənirə xanım, bir daha var olun, Qənirə bacım!

Yaxşı ki, varsınız…Sizin kimi duyarlı Vətən övladları var olduqca, bu Vətən heç zaman basılımayacaq, Vətən,Torpaq yolunda canlarını fəda edənlər, sağlamlıqlarını itirənlər heç zaman unudulmayacaq!

Allah Şəhidlərimizə rəhmət etsin, Allah Qazilərimizə şəfa versin, Allah Birinci və İkinci Vətən Müharibəsinin Dastann yazan iştirakçılarını qorusun, Allah Azərbaycanımızın bayrağını ucalardan uca etsin, Allah Sizə Yar və Yardımçı olsun, Qənirə xanım!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru və “525-ci qəzet”in parlament müxbiri

Etikxeber.az

Read Previous

“Hamının gözü qarşısında baş verən müzakirələrin açıq şəkildə təhrif olunması…”-AZAY QULİYEV YAZDI

Read Next

21-ci əsr: Telefon və internet üzünə həsrət qalan, həsrət qoyulan-HACIQABULLULAR… – ŞİKAYƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir