“Daha ciddi nəticələr çıxarılacaq və …” – SƏMƏDZADƏ- RƏYLƏR

İLHAM ƏLİYEV: “…Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir…”

ZİYAD SƏMƏDZADƏ: “Dövlət başçısı bir daha göstərdi ki, qazanılan, əldə edilən nailiyyətlərlə, uğurla kifayətlənmək, arxayınçılığa, səhlənkarlığa yol vermək olmaz, daha çox , daha keyfiyyətli və daha məsuliyyətli çalışmaq lazımdır”

Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası çox əhəmiyyətli və müsbət hadisə kimi qiymətləndirirəm. Bu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm əhəmiyyətə malikdir. Çünki burada ölkənin 6 ayda keçdiyi yola bir daha nəzər salınır, müsbət tendensiyalar vurğulanır, harada çatışmazlıqlar, problemlər var, onlar deyilir və nöqsanların aradan qaldırılması, çıxış yolları göstərilir.

musavira-musavira

Bunu Etikxeber.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

O, artıq illərdir ənənənə halını alan bu iclasların ölkə iqtisadçıları, iqtisadiyyatla bağlı olan elm adamları üçün də böyük əhəmiyyət daşıdığını, onları da yaxından maraqlandırdığını deyib.

8 iyul-ilya

Onun sözlərinə görə, çünki bu tipli iclaslarda ölkənin bütün sahələrinə sərf-nəzər yetirilməklə yanaşı, daha çox sosial-iqtisadi sferada, iqtisadiyyatda baş verən hadisələrə diqqət yetirilir və ölkə iqtisadçıları, iqtisadi mərkəzlər, bu sahə ilə əlaqəli olan ekspertlər də gələcək fəaliyyətlərindəbundan bir növ özləri üçün nəticələr çıxarır, deyilənləri öz fəaliyyətlərində, çıxışlarında, elmi araşdırmalarında nəzərə alırlar:

“Odur ki, təkcə bir millət vəkili, parlamentin  müvafiq komitə sədri kimi yox, həm də iqtisadçı alim olaraq bu iclaslar məni də çox maraqlandırır, gələcək fəaliyyətimə, yoluma obrazlı desək, bir işıq salır. Şəxsən bir alim olaraq da bu tipli iclasları, müşavirələri çox vacib və son dərəcədə önəmli sayıram”.

6

Komitə sədrinin dediyinə  görə, belə bir iclasın ölkənin enerji sistemində yaranmış vəziyyətdən, yəni, 3-4 iyul olaylarından, bu yöndə prezidentin məlum müşavirəsindən cəmi 4 gün sonra keçirilməsi də mühüm, yerinə düşən  məqamlardan sayıla bilər:

“Bildiyiniz ki, 3-4 iyul tarixlərində Mingəçevirdə yerləşən “Azərbaycan” İES-də baş verən qəza ilə bağlı ölkənin enerji sistemində, cəmiyyət həyatında bir qədər xoş olmayan, dövləti də, cəmiyyəti də narahat edən məqamlar yaşandı. Dövlət başçısı da hər zaman olduğu kimi, yenə xalqı və dövlətinin yanında oldu, vəziyyətə nəzarəti dərhal öz üzərində götürdü, qısa zamanda hər şey yoluna qoyuldu, ölkədə xaos olmasını istəyənlərin arzuları yenə gözlərində qaldı. Xüsusilə də, 4 iyul müşavirəsi elə bilirəm ki, hələ uzun illər yaddaşlardan silinməyəcək. Çünki bu müşavirədə ölkə prezidenti nöqsanlarla, qüsurlarla, buna yol verənlərlə bağlı barışmayacağını, öz işinin öhdəsindən layiqincə gəlməyənlərə qarşı sərt mövqe nümayiş etdiriləcəyini bir daha qətiyyətli şəkildə ortaya qoydu.

1488451229_ziyad-s-str-7-8

Bu müşavirə bütövlükdə Azərbaycan cəmiyyətində böyük rezonans doğurdu, insanlar bir daha Azərbaycan dövlətinin, ölkə prezidentinin qətiyyətinə, iradəsinə şahidlik etdilər və dövlətlə, prezidentlə birgəliklərini göstərdilər. Bundan cəmi 4 gün sonra isə ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclasının keçirilməsi, orada dövlət başçısı tərəfindən iqtisadi inkişafımızla, sosial rifahımızla, ölkəmizin gələcək “yol xəritəsi” ilə bağlı dəyərli fikirlərin səsləndirilməsi, ciddi tapşırıqların verilməsi də çox əhəmiyyətli, təqdirəlayiq məqamlardandır”.

Komitə sədri bildirib ki, ümumiyyətlə, son 6 ayın gedişatı, əldə olunan uğurlar, nəticələr onu deməyə əsas verir ki, Azərbaycanın dinamik, sürətli inikafı bu dövrdə də davam edib, etdirilib:

“Təsadüfi deyil ki, Ümumi Daxili Məhsul (ÜDM) 1,3 faiz təşkil edilib, infilyasiya birrəqəmli olub, 3 faiz olub. Ölkənin valyuta ehtiyatları artıb, 45 milyard dollara yaxınlaşıb və ilin sonuna qədər bir az da artması gözlənilir. Ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 6 milyard dolar olub. Qeyri-neft sektorunda 2 faizlik artıma nail olunub və bu onu göstərir ki, ölkədə iqtisadiyyatın neftdən asılılığına son qoyulması üçün ciddi addımlar atılır, böyük əzm, iradə nümayiş etdirilir.Bununla yanaşı,  ölkədə daha 67 min iş yeri yaradılıb ki, bunun da 58 minə yaxını daimi iş yerləridir. Bununla yanaşı, sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir. Kənd təəssüratı 7,6 faiz artıb. Xarici ticarət dövriyyəsi 35 faiz artıb. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır və sair. Həmçinin, bu ilin 6 ayı ərzində Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşmasında da çox böyük addımlar atılıb. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub.  İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb – “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə – TAP  da qrafik üzrə icra edilir. Dövlət başçısı da çıxışında bu məqamlara geniş toxundu və bildirdi ki, ölkə iqtisadiyyatı daha da inkişaf etdirilməli, islahatlar daha da dərinləşdirilməli, iqtisadi dayanıqlılıq, şəffaflıq daha da yüksək səviyyədə təmin olunmalıdır. Həmçinin, qeyd etdi ki, vergi, gömrük orqanlarından böyük gözləntilər var və bu orqanlar, vergi, gömrük sistemi dünyanın ən müasir standartlarına cavab verən səviyyəyə qaldırılmalıdır. Korrupsiyaya son qoyulmalıdır, sahibkarlar vergidən başqa ödənişlər etməməlidirlər və vergilərdən yayınmamalıdırlar. Heç kəs güzəşt gözləməməlidir, hamı qanun qarşısında bərabər olmalıdır. Dövlət başçısı həmçinin, ünvanlı sosial yardımlar məsələsinə toxunaraq dedi ki, bu yardımlar imkanlı adamlara verilməməlidir, onlar özləri bundan imtina etməlidirlər, yardımlar daha çox ehtiyacı olan insanlara verilməlidir. Bir sözlə, dövlət başçısı bir daha göstərdi ki, qazanılan, əldə edilən nailiyyətlərlə, uğurla kifayətlənmək, arxayınçılığa, səhlənkarlığa yol vermək olmaz, daha çox , daha keyfiyyətli və daha məsuliyyətli çalışmaq lazımdır. Bunlar çox vacib elementlərdir və elə hesab edirəm ki, ilin sonunadək, yəni, qarşıdakı 6 aylıq dönəmdə də deyilənlər, səslənənlər iradlar, verilənlər tapşırıqlar mütləq nəzərə alınacaq, daha ciddi nəticələr çıxarılacaq və daha gözəl nəticələr əldə ediləcək”.

ELDƏNİZ SƏLİMOV: “Azərbaycan “gəmi”sinin sükanı  İlham Əliyev adlı kapitatın etibarlı əllərindədir…”

Millət vəkili Eldəniz Səlimov da həmkarı kimi düşünür və hesab edir ki, son iclas da əvvəlki iclaslar kimi ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında böyük rol oynayacaq, özünün müsbət töhfələri, müsbət tendensiyaları ilə müşaiyət olunacaq.

eldeniz salimovvv

E. Səlimovun dediyinə görə, bu cür iclaslar  həm də bir növ hesabatdır, xalq, dövlət qarşısında hökumətin, dövlət başçısının hesabatı:

“Bundan gözəl nə ola bilər ki?! Bu, Azərbaycan dövləti və hökumətinin nə qədər məsuliyyətli, nə qədər açıq və şəffaf, insanlara, ölkə vətəndaşlarına nə dərəcədə sayğılı olduğunu göstərir. Düzdür, Nazirlər Kabineti hər il mart ayında, parlamentin 5-ci iclasından gec olmayaraq, son bir illik fəaliyyəti ilə bağlı deputatlar və onların vasitəsilə  bir növ cəmiyyət qarşısında hesabat verir, amma bu iclasların da cəmiyyət, dövlət qarşısında hesabatlılıq baxımından ayrı, özünəməxsus yeri var. Xüsusilə də, dövlət başçısının, fəaliyyətinin baş istiqamətini, ana xəttini yalnız və yalnız  xalqının və dövlətinin maraqları təşkil edən cənab İlham Əliyevin bu iclaslara qatılması, sədrlik etməsi ona ayrı bir rəng qatır, ona ayrı bir gözəllik verir.

eldeniz salimov-1

Hər dəfə ölkə başçısı yeni mesajlarla, təzə, bir-birini təkrarlamayan, amma bir-biri ilə üzvü sintez təşkil edən çağırışlarla çıxış edir. Öz irad və tapşırıqlarını verir, hər kəsi, ən çox da məsul şəxsləri və aidiyyatı qurumları xüsusi məsuliyyətə dəvət edir, ölkənin gələcəyinə, inkişafına yönəlik çağırışlarını edir. Bu dəfə də məhz belə oldu. Bu iclasda da cənab  prezident ölkənin, cəmiyyətin inkişafı ilə bağlı fikirlərini bəyan etdi, öz tövsiyə və tapşırıqlarını verdi”.

E. Səlimov dövlət başçısının çıxışında işğalçı dövlətlə bağlı da çox mühüm və maraqlı məqamların dilə gətirildiyini  söyləyib:

“Dövlət başçısı dedi ki, Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Artıq onun  dediklərini erməni xalqı da deyir. “Mən bir neçə dəfə ən mötəbər kürsülərdən , BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham eləmişdim. Demişdim ki, bu, kriminal- xunta rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış, oğru rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir”– deyən, dövlət başçımız onu da sözlərinə əlavə etdi ki,  bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi əslində Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki dövlət başçımızın sözlərinə görə,  əgər müstəqilliyinin 26 ilinin 20 ili bu hakimiyyətin altında keçmişdirsə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Yəni, Azərbaycan prezidentinin fikrincə, Ermənistan uğursuz dövlətdir, onların qəhrəmanları oğrulardır, onların generalları oğrulardır, oların ordusu oğru ordusudur. Tamamilə haqlı, çox sərrastlıqla söylənmiş fikirlərdir. Bu fikirlər bütün Azərbaycan cəmiyyətinin fikirləri və mövqeyidir. Bu məsələdə heç bir fikir, mövqe ayrılığı da ola bilməz və olmamalıdır. Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti bundan sonra da ifşa edilməlidir…”.

Millət vəkili sonda bildirib ki, 8 iyul  iclasında dövlət başçısı tərəfindən səslənən fikirlər, verilən mesajlar birmənalı şəkildə ölkəmizin sürətli və dinamik inikişaf yolunda daha iri addımlarla addımlamasında öz müsbət rolunu oynacayaq, müsbət töhfələrini mütləq şəkildə vermiş olacaq:

“Kimsə də buna şübhə edə bilməz. Çünki Azərbaycan “gəmi”sinin sükanı  İlham Əliyev adlı kapitatın etibarlı əllərindədir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az   

 

 

 

Read Previous

Qeyri-neft sektorunda 2 faiz artım baş verib – İLHAM ƏLİYEV

Read Next

“Yaramaz bir məmur pul naminə o yeri satır…” – PREZİDENTDƏN XƏBƏRDARLIQ – FOTO-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir