Daxili Qoşunların şəxsi heyəti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib? – FOTOLAR

İyulun 20-dən 28-dək paytaxtımız növbəti beynəlxalq yarışa – Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edib.

Daxili Qoşunların  (DQ) mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, hər zaman olduğu kimi, bu yarışmada da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti polis əməkdaşları ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunub.

Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb

Yarışlar keçirilməzdən əvvəl iyulun 16-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində Daxili Qoşunların Komandanlığının iştirakı ilə keçirilən tədbirdə Avropa Gənclər Olimpiya Festivalı zamanı ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək hərbi qulluqçuların xidmətə hazırlığı, təminat-təchizat məsələlərinin həlli, eləcə də nəqliyyat vasitələrinin vəziyyəti yoxlanılıb.

Məruzə edilib ki, yarış zamanı xidməti-döyüş tapşırıqlarının və müəyyən edilmiş vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün planlaşdırılmış hazırlıq tədbirlərinin vaxtlı-vaxtında icrası təmin olunub. İlk növbədə, bütün zəruri sənədlər, o cümlədən müvafiq plan-hesab hazırlanaraq şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb, polislə qoşunların birgə fəaliyyətinin əlaqələndirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə baş idarəetmə mərkəzi yaradılıb.

Yarışların təşkil olunacağı ərazi və obyektlərə baxış keçirilərək xidmətin təşkili baxımından təhlil olunub, aidiyyəti üzrə komandir heyəti xidmət aparma yerləri ilə əyani tanış edilib. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilərək, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub.

Qeyd olunub ki, hazırlıq mərhələsində həvalə edilən obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması mövzuları üzrə xüsusi məşğələlər keçirilib, xidmətə cəlb olunacaq qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib. Tədbirə hazırlıqların yoxlanılması məqsədilə xüsusi təyinatlı bölmələrin, perimetrboyu xidmətin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların xüsusi geyim formalarına, hərtərəfli təminatına, xüsusi vasitə və avadanlıqlarla, rabitə vasitələri ilə təchizatına və nəqliyyat vasitələrinə baxış keçirilib.

Şəxsi heyətin hazırlığı, ümumilikdə, qənaətbəxş qiymətləndirilib və Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqların icrasına məsuliyyətlə yanaşılmasının, nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam həcmdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda xidmətin aparılması ilə əlaqədar konkret tapşırıqlar verilib, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə olunub.

Hərbi qulluqçularımız tərəfindən yarış və qeyri-yarış obyektlərinin mühafizəsi etibarlı şəkildə təmin olunub

dq

Daxili Qoşunların hərbi qulluqçuları polis əməkdaşları ilə birlikdə yarış keçirilən obyektlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması məqsədilə xidmətə başlayıblar. Onlar tərəfindən yarış və qeyri-yarış obyektlərinin mühafizəsi istiqamətində qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib. Belə ki, yarışlar zamanı marşrut üzrə perimetrboyu ərazilərin mühafizəsi təmin edilib, mühəndis-istehkam qrupları tərəfindən tamaşaçılar üçün quraşdırılmış tribunalar və digər obyektlər əvvəlcədən yoxlanılaraq müvafiq qaydada aidiyyəti üzrə mühafizəyə verilib.

Nəzarət-buraxılış məntəqələrində buraxılış rejimi təmin olunub, hərəkət icazəsi olan mülki avtomobillərin yoxlanılması zamanı xidməti itlərdən də istifadə edilib. Qeyd olunan istiqamətlər üzrə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilərək xidmətin aparılmasında hər hansı nöqsana yol verilməyib.

Həmçinin xidmətə cəlb olunan hərbi qulluqçularla əvvəlcədən aparılmış təlimatlandırma, o cümlədən onların mənəvi-psixoloji və fərdi keyfiyyətlərinə xüsusi diqqət yetirilməsi nəticəsində vətəndaşlarla, xüsusən əcnəbi qonaqlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi əməl olunub.

Yarış zamanı xidmətin keyfiyyətli təşkili üçün bütün profilaktik tədbirlər görülüb, şəxsi heyətin daşınması, onların qidalanması, hərbi qulluqçulara tibbi xidmət göstərilməsi, asudə vaxtın səmərəli təşkili xüsusi diqqət mərkəzində saxlanılıb.

Qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları yerinə yetirilərkən hərbi qulluqçularımızın ayıq-sayıqlığı nəticəsində bir sıra qanun pozuntularının da qarşısı alınıb. Beləliklə, mötəbər tədbir zamanı ictimai təhlükəsizliyin təmin olunmasında kifayət qədər təcrübəyə malik olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti bu dəfə də qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Etikxeber.az

Read Previous

“Əhalinin keyfiyyətli istilik enerjisi ilə təmini vacib məsələdir” – NOVRUZ MƏMMƏDOV – FOTO

Read Next

Türkiyə prezidentinin oğlu xanım millət vəkillərinə nə hədiyyə etdi? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir