Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidi- Xüsusi Təyinatlı, MAXE Şahadət Qalib oğlu Üsüfovun doğum günüdür.
Şahadət Üsüfovun bu gün-13 dekabr 2025-ci il tarixində 25 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Şahadət Üsüfov 2000-ci ilin dekabr ayının 13-də Şamaxı rayonunun Dağ Göylər kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin dörd övladından, üç qardaşdan biri olub.
Böyük qardaşına babasının adı-Comərd, kiçik qardaşına Hekayət və tək bacılarına isə Ləman adı qoyulub.
Qardaşı Comərd hazırda ailəlidir.
2006-2017-ci illərdə Dağ Göylər kəndində yerləşən Ə.Məmmədov adına tam orta məktəbi oxuyub və orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb.
Əsgərliyini başa vurar-vurmaz, 2020-ci ilin iyul ayından yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) MAXE kimi fəaliyyətə başlayıb.



İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb, Kəlbəcər-Füzuli-Hadrut-Xocavənd istiqamətlərində 14 günlük döyüş yolu keçib.
Axırıncı dəfə ayın-oktyabrın 7-si axşam və 8-i səhər tezdən ailə üzvləri, valideynləri ilə danışıb, ayın 8-dən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Oktyabrın 10-u günü isə Hadrut istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və Şəhidlik xəbəri ailəsinə elə həmin gün-axşam saatlarına yaxın verilib.
Nəşi bir gün sonra-11 oktyabr tarixində kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni, eyni zamanda, Müdafiə naziri tərəfindən “Şücaətə görə” medalı ilə təltif olunub…
Eyni zamanda, Dağ Göylər kəndində adına küçə verilib.
Həmçinin, Çöl Göylər kənd orta məktəbinə Şahadət Üsüfovun adının verilməsi ilə bağlı vəsatət qaldırılıb.
Şəhidin dayısı-əslən Sabirabad rayonunun Kovlar kəndindən olan Zaur Balahüseyn oğlu Hüseynov da Şəhiddir.
O, cəmi 18 yaşında, dörd ayının Əsgəri kimi 1993-cü ildə-Birinci Qarabağ Savaşında Şəhid olub, itkin düşüb.
15:50
***


Bu gün həm də Bakılı, Qobustanlı İkinci Vətən Müharibəsi Şəhidi Ələddin Əlizaman oğlu Xəlilovun Anım Günüdür.
Ələddin Xəlilovun bu gün Əbədiyyətə uğurlanmasından beş il keçir.
Qeyd edək ki, əslən Şamaxı rayonunun Şamlı kəndindən olan Ələddin Xəlilov 2001-ci ilin 29 iyun tarixində Bakının Qobustan qəsəbəsində dünyaya gəlib…
Ailənin üç övladından biri, evin böyük və subay oğlu olub…
Qardaşı subay, tək bacısı isə ailəlidir…
Orta məktəbi bitirdikdən az sonra, 2019-cu ilin yayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…
İkinci Vətən Müharibəsi zamanı bir il üç ayın Əsgəri kimi döyüşlərə atılıb…
Müharibənin 5-ci günündə, oktyabrın 1-də isə Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi uzun müddətdən sonra, dekabr ayının 13-də əldə edilib və Qobustan qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…
Ancaq ailəsi, valideynləri övladlarının ölkənin ali ordenlərindən biri ilə də təltif olunmasını istəyir və tələb edirlər…
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
***
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şahadət Üsüfovun Göylər (Dağ Göylər) kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar edilib.
Şəhidin ailəsinə, doğmalarına, valideynlərinə-anası Zəminə xanıma və atası Qalib Üsüfova Allahdan səbr və dözüm arzulanıb.
Şəhidin Vətən naminə fədakarlığndan, Vətəni hər şeydən, ailəsindən belə üstün tutmasından və adı kimi Vətən yolunda Şəhadətə ucalmasından söz açılıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Çıxışlardan sonra Göylərli məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Xatirə fotoları çəkdirilib.
Məzarını ziyarətdən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Şamaxı, Bakı və Abşerondan olan Şəhid ailələri, yerli ziyalılar, məktəblilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
16:39
***
FOTOLAR:





***








***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





