“Dedi ki, ana, hava qaralmamış kəndi tərk edin…Sən demə, müharibəyə cəmi saatlar qaldığını bilirmiş…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İLK ŞƏHİDLƏRİNDƏN OLAN GORANBOYLU HİDİ VƏLİYEVİN ANASI SƏNUBƏR TEYMUROVA – FOTOLAR

Bu gün-26 sentyabr 2025-ci il tarixində İkinci Vətən Müharibəsinin ilk Şəhidlərindən biri və iki gün sonra Anım Günü olan Qəhrəman Goranboylu, Qəhrəman Tap-Qaraqoyunlulu, MAXE Hidi Bəxtiyar oğlu Vəliyevin ocağında oldum yenidən…

Yenidən ocağını, ailəsini ziyarət etdim…

Bir daha Şəhidimizin ailəsinə, anası Sənubər xanıma, Sənubər Yaşa qızı Teymurovaya Allahdan səbr və dözüm dilədim…

Bir daha Şəhidimizin ruhu və onların-ailəsinin qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Bir daha bir ömür boyu Hidi Vəliyev də daxil olmaqla, cəmi Şəhidlərimizə və onları Uca tutan ailələrə-Şəhid ailələrinə borclu olduğumu, borclu olduğumuzu söylədim…

Sonra Şəhidimizin doğmaları, anası Sənubər xanımla söhbətləşdim, dərdləşdim bir daha…

Sənubər xanımın dediklərindən:

“Sentyabrın 26-sı, axşam saatlarına yaxın, hava da bir az isti idi…Hidi evə gəldi…Hidinin xidmət etdiyi, işlədiyi hərbi hissə də bizə yaxın idi, evimizin, məhləmizin arxa tərəfində yerləşirdi…Qarpız-pendiri çox xoşlayırdı…Dedi ki, ana, mənə qarpız-pendir gətir, nahar edim…Mən də gətirdim, iştahla yedi…Dedi ki, Gizirlik kursuna gedəcəyəm…Mən də dedim ki, ömrüm, get, arxanda dayanmışam…Onu da dedi ki, mənə paltar qoy, isti paltarlar da olsun…Sonra dedi ki, hava qaralmamış kəndi tərk edin…Sən demə, müharibəyə cəmi saatlar qaldığını bilirmiş…Bizim kənd də cəbhə bölgəsi, 1988-ci ildən də atəş altında idi…Dəfələrlə təsərrüfatda işləyəndə atəşə tutulmuşduq…

Sonra dedi ki, mənə pul verə bilərsənmi…Dedim ki, üstümdə cəmi 5 manat qalıb, onu götür, bir azdan da hərbi hissənin qabağında ol, qalan pulu tapıb gətirəcəyəm…Və pulu da tapıb aparıb verdim…Bu, Hidi ilə evimizdə sonuncu görüşümüz oldu, axırıncı dəfə evdə nahar etdi (gözləri dolur)…Və 27-si tezdən Yer-Goy oynadı, müharibə başladı…Allah…necə gülə-gülə gedirdilər döyüşə…Elə 27-si axşam saatlarında da Şəhid oldu…Kəndimiz güclü atəş altında olduğu üçün Hidini 28-i günü Qızılhacılı qəsəbə qəbiristanlığında dəfn etdik…Qeyd edim ki, ən çox Şəhid verən də elə Hidigilin hərbi hissəsi oldu…Şəhid qardaşlardan Əli, o cümlədən Turqut, Siyasət, Məqsəd, Kərim…neçə-neçə İgid Oğullar Şəhid oldu Hidi balamla bir yerdə, bir gündə…”

…Ruhu şad, məqamı Ali və Uca olsun!

Nur içində yatsın, Nur üzlümüz!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Millət vəkillərindən 27 sentyabr-Anım Günü ilə bağlı dünya parlamentlərinə-MÜRACİƏT

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva Anım Günü ilə bağlı-PAYLAŞIM ETDİLƏR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir