“Dedim ki, Heydər Əliyeviç, o, sizin yadınızdadır?” – XALQ ARTİSTİ

Fikrət VERDİYEV: Gördüm ki, Zeynəb xanım kiminləsə danışır, birdən dedi ki, Heydər Əliyeviç, bir dostumuz var, yanımdadır, o da sizinlə danışmaq istəyir…

Məlum olduğu kimi, bu ilin iyul ayının 14-də eks-prezident, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin qurulmasında böyük xidmətləri olmuş mərhum Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 50 ili tamam olur.

Düz, 50 il, yarım əsr öncə Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi, Azərbaycan kommunistlərinin və Azərbaycanın rəhbəri seçildi.

1969-cu ilin iyulun 14-dən başlanan yol 1982-ci ilin sonlarına, Heydər Əliyev SSRİ rəhbərliyinə irəli çəkilənə, Nazirlər Soveti sədrinin birinci müavini təyin edilənədək davam etdi.

Odur ki, Etikxeber.az olaraq, Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar tanınmış insanların, görkəmli şəxsiyyətlərin, nüfuzlu keçmiş partiya-sovet işçilərinin, ziyalıların onunla bağlı xatirilərini bölüşəcəyik.

Azərbaycanın tanınmış sənətkarlarından olan Xalq artisti Fikrət Verdiyev Etikxeber.az-a açıqlamasında Heydər Əliyevi hər zaman böyük ehtiram və minnətdarlıq hissi ilə yad etdiyini bildirib.

fikret-1

O, həm də qeyd edib ki, yaradıcı və qurucusu olduğu “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Heydər Əliyevin ilə bağlıdır:

“Göygöl”ün dövlət statusu alması, onun fəaliyyətə başlaması məhz o kişinin adı, xidmətləri ilə bağlıdır”

Sonra Heydər Əliyevlə bağlı xatirəsini bölüşən Xalq artisti bunları deyib:

“1974-cü ildə Bolqarıstanın keçmiş  kommunist rəhbəri Todor Jivkov Azərbaycana, o cümlədən, Gəncəyə gəlmişdi. Onunla bağlı verilən ziyafət mərasimində rəhmətlik Heydər Əliyev dedi ki, bir “Bayatı-Şiraz” ifa elə, mən də ifa etdim və çox gözəl qarşılandı.

Sən demə, bu məqam üstündən uzun illər keçsə də, Heydər Əliyevin yadından çıxmayıbmış. O vaxt, səhv etmirəmsə, 1991-ci ilin Novruz bayramı günləri idi.

Yoldaşımgilin mənzili Zeynəb xanımgillə eyni binada, eyni blokda idi. Bu mənzili Xan əmiyə məhz rəhmətlik Heydər Əliyevin özü vermişdi.

Zeynəb xanımın mənzilinin qapısını döyüb içəri keçdim. Bu zaman gördüm ki, Zeynəb xanım kiminləsə danışır, birdən dedi ki, Heydər Əliyeviç, bir dostumuz var, yanımdadır, o da sizinlə danışmaq istəyir. İnanın, yerimdə donub qaldım, dedim, Zeynəb, mən axı nə danışacam o böyük insanla?

Dedi ki, heç nə olmaz, danışarsan. Telefonun dəstəyini götürüb, dedim ki, Heydər Əliyeviç, salam, necəsiniz? Dedi ki, əleykümə-salam, kimdir danışan? Dedim ki, “Göygöl” ansamblının rəhbəri Fikrət Verdiyev.

Qayıdıb dedi ki, bilirsən də, Fikrət, “Göygöl” ansamblını mən yaratmışam. Dedim ki, bunu tək mən yox, bütün Azərbaycan bilir, “Göygöl” sizin adınızla bağlıdır.

Dedi ki, Göygöldəki ziyafət mərasimi yadındadır, orada bir “Bayatı-Şiraz” ifa etdin, xatırlayırsanmı? Üstündən 17 il keçmişdi, dedim ki, Heydər Əliyeviç, o, sizin yadınızdadır? Dedi ki, elə şey olar, əlbəttə. Onu da dedi ki, bəlkə, milyardlarla hadisə olub, onların hamısı mənim yadımdadır, birini də unutmamışam.

Telefonda bir xeyli söhbətləşdik, sanki dilim açılmış, təbim gəlmişdi. Dəstəyi yerə qoyanda Zeynəb xanım dedi ki, bəs deyirdin danışa bilmirəm, bayaqdan bülbül kimi ötürsən…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bələdiyyələr qanunları yaxşı bilməlidirlər” – TAHİR RZAYEV

Read Next

Maksimum bal toplayıb müəllimliyi seçən Aysel: “ÇOX OXUDUM”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir