“Dedim ki, özündən muğayat ol, özünü qoru…Dedi ki, bizi qoruyan Allahdır…”-QƏBƏLƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN DÖRD ÖVLADINDAN BİRİ, EVİN TƏK VƏ SUBAY OĞLU ÜMMAN ƏMİRASLANOVUN ATASI NAMİQ ƏMİRASLANZADƏ – FOTOLAR

Ümman müharibəyə könüllü getmişdi…Müharibə zamanı iki dəfə danışmışdıq…Axırıncı dəfə danışanda dedi ki, ata, çox danışa bilmirəm, rahat vaxtda özüm zəng edərəm…Səsi qırıq-qırıq gəlirdi…Dedi ki, irəliləyə-irəliləyə gedirik…Dedim ki, özündən muğayat ol, özünü qoru…Dedi ki, bizi qoruyan Allahdır…Bu, onunla son danışığımız oldu…Bizdən sonra axırıncı dəfə əmisi, əmisi oğlu ilə danışmışdı…

Bunları Qəbələ rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Ümman Əmiraslanovun Bakı şəhərinin Qaraçuxur qəsəbəsində yaşayan ailəsini, valideynlərini ziyarət zamanı atası Namiq Əmiraslanzadə dilə gətirib…

Qeyd edim ki, bu gün-3 oktyabr 2026-cı il tarixində, günorta saatlarında Goranboylu Qazi Vüsal Yusibovla birlikdə Ümman Əmiraslanovun Qaraçuxurda yaşayan ailəsini, valideynləri-anası Fəzilə xanımı və atası Namiq Əmiraslanzadəni ziyarət etdik…

Bu, həm də bizim Şəhidin ailəsini ilk ziyarətimiz idi

Ziyarət zamanı öncə Şəhidimizin ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Şəhidimizin ruhu qarşısında ehtiramla baş əydiyimizi dilə gətirdik…

Bir ömür boyu Ümman Əmiraslanov da daxil olmaqla, cəmi Şəhidlərimizə borclu olduğumuzu söylədik…

Təxminən saat yarım çəkən ziyarət zamanı Şəhidimizin valideynləri ilə dərdləşdik, söhbətləşdik, onlara az da olsa, təsəlli verməyə çalışdıq…

Şəhidimizin atasının dediklərindən:

“…Ümmanın uşaqlıqdan hərbə, hərb sənətinə böyük marağı varıydı…Hərbçi olmaq istəyirdi…O vaxt onu Əsgərliyə aparmaq istəmirdilər…Amma özü könüllü şəkildə Əsgərliyə getdi…Əsgərliyi 2015-2016-cı illərdə oldu…Aprel döyüşlərində də iştirak etmişdi…Hətta ayağından yaralanmışdı…Amma onu bizdən gizlətmişdi…”Papanin” hospitalında olanda deyibmiş ki, “yaralanmağım barədə valideynlərimə heç nə deməyin…Müharibə olsa, məni qoymayacaqlar…”…Ümman belə bir vətənpərvər, ürəkli oğul idi…Müharibəyə də özü könüllü getmişdi…Müharibənin altıncı günündə-oktyabrın 2-də isə Suqovuşanda Şəhid oldu…Nəşi bir gün sonra, ayın 3-də kəndimizdə-Mıxlıqovaq qəbiristanlığında torpağa tapşırıldı…Bir ata kimi mənim üçün çox ağırdır…Çox dözülməz dərddir oğul, bala dərdi…”

Bu yerdə qeyd edim ki, Ümman 1996-cı ilin 21 dekabr tarixində Qəbələ rayonunun Mıxlıqovaq kəndində dünyaya gəlib…

Evin dörd övladından biri, üç bacının tək qardaşı, ailənin tək oğlu olub…

Bacılarından ikisi ailəli, kiçik bacısı isə daun xəstəsidir…

2003-2014-cü illərdə Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində oxuyub…

2015-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

Azərbaycan Ordusunun Əsgəri kimi Aprel döyüşlərinin iştirakçılarından olub…

2016-cı ilin iyulunda isə Əsgərlikdən qayıdıb, evinə-ailəsinə dönüb…

İkinci Vətən Müharibəsinə kimi müxtəlif sahələrdə işləyib…

2020-ci ilin sentyabrın 21-də könüllü şəkildə hərbi təlimlərə qoşulub…

27 sentyabr tarixindən də Vətənin müdafiəsinə atılıb, döyüşlərə qatılıb…

Döyüşlər zamanı öndə vuruşanlardan olub…

Müharibənin 6-cı günündə, oktyabrın 2-də isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub…

Nəşi bir gün sonra-3 oktyabr tarixində Mıxlıqovaq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub…

Valideynləri isə övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

Mıxlıqovaq kəndində adını daşıyan küçə var…

24 yaşında Şəhadətə qovuşan Ümman həm də subay idi…

Məqamı Ali və Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Maduroya narkoterrorizm ittihamı-İRƏLİ SÜRDÜ – YENİLƏNİB

Read Next

Pekin əlindən gələni edəcək ki, Venesuella Amerika üçün ikinci İraqa və ya Əfqanıstana çevrilsin… – POLİTOLOQUN PROQNOZU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir