“Demokratiyanın üz qabığı seçkilərdir”-MƏZAHİR PƏNAHOV – YENİLƏNİB

Biz seçkilərin keçirilməsinin məsuliyyətinin nə qədər yüksək olduğunu bilirik. Buna görə də işimizi demokratik prinsipləri əsas götürərək qururuq.

Etikxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında adıçəkilən komissiyanın sədri Məzahir Pənahov deyib.

“Demokratiyanın üz qabığı seçkilərdir. Seçkiləri təşkil edən isə Mərkəzi Seçki Komissiyasıdır”-deyən M. Pənahov bildirib ki, MSK çox ciddi orqandır.

“Biz seçkilərin keçirilməsinin məsuliyyətinin nə qədər yüksək olduğunu bilirik. Buna görə də işimizi demokratik prinsipləri əsas götürərək qururuq”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanıb və MSK-nın bugünkü iclası da buna həsr olunub,

Belə ki, iclasın gündəliyinə MSK-nın 13 fevral, 15 fevral, 17 fevral, 18 fevral, 19 fevral, 20 fevral, 21 fevral, 22 fevral, 23 fevral, 24 fevral, 25 fevral 2020-ci il və 27 aprel 2021-ci il tarixli iclas protokollarının təsdiq edilməsi və Respublika üzrə dairə seçki komissiyalarının yenidən formalaşdırılması məsələləri daxildir.

M. Pənahov bildirib ki, dairə seçki komissiyalarının fəaliyyət müddəti 5 ildir, MSK bu gün 125 dairə seçki dairəsini formalaşdırmalıdır.

MSK sədri bildirib ki, DSK-ları formalaşdırmaq MSK-nın səlahiyyətidir:

“Komissiya üzvləri öz namizədlərini irəli sürəndə biz siyasi partiyaların təmsilçilərinin DSK-da üstünlük təşkil etməsini əsas götürürük. Partiyaların rayon şöbələri də öz namizədlərini irəli sürə bilərlər. Biz buna üstünlük veririk. Biz çalışmalıyıq ki, partiyalar yerlərdə də tanınsın, onların yerlərdə də tərəfdarları artsın. Biz artıq bütün dəyərlərimizi inkişaf etmiş ölkələrlə müqayisə edirik. Komissiyalarda da demokratik prinsiplər əsas götürülür. 125 dairədə 3-də bir sayda, yəni hər bir MSK üzvü 375 sayda komissiya üzvü namizədliyi irəli sürə bilər”.

Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

DSK-ların yenidən formalaşdırılması ilə bağlı qərar və qərara əlavə olunan dairə seçki komissiyaları üzvlərinin siyahısı rəsmi mətbuatda dərc olunacaq.

DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsi vasitəsilə də ictimailəşdiriləcək.

***

Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlərinin siyahısını təsdiq edib.

Bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

M. Pənahov bildirib ki, 125 Seçki Dairəsi üzrə DSK-lar yenidən formalaşdırılıb.

MSK sədri bildirib ki, 1125 nəfər DSK üzvünün təyin olunması rəsmiləşəcək:

“Siyahı mətbuatda dərc olunacaq. 5 gün müddətində bütün DSK-larda DSK sədri və katibi seçiləcək. Bu proses gecikməməlidir”.

Etikxeber.az

Read Previous

“Ermənistan indiki şəraitdə müharibədən sonra yaranmış situasiyanın şərtlərini nəzərə almağa məcburdur”-MİLLƏT VƏKİLİ

Read Next

KƏLBƏCƏRDƏN GÖYÇƏ-BASARKEÇƏR BƏYANATI-Vaqif Abdullayev yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir