“Deputat adını daşımaqdan böyük şərəf duymuşam”- Mehriban Əliyeva parlamentdə yekun çıxışı etdi – YENİLƏNİB (3)

Milli Məclis (MM) birinci vitse-prezident Mehriban Əliyevanı alqışlarla qarşılayıb.

Qeyd edək ki, M. Əliyeva parlamentin martın 7-də keçirilən növbəti plenar iclasında iştirak edib və deputatlıq fəaliyyətinin başa çatması ilə bağlı parlamentdə yekun nitqi söyləyib.

Etikxeber.az-ın xəbərinə görə, ilk öncə spiker Oqtay Əsədov qeyd edib ki, ilk dəfədir M. Əliyeva birinci vitse-prezident kimi MM-ə təşrif buyurub:

“Gəlin onu salamlayıb yüksək dövlət vəzifəsinə təyin edilməsi münasibətiləı təbrik edək. Mehriban xanım öz doğma evinə gəlib. Onun çox saylı fəaliyyəti var. O, 12 ilə yaxın dövrdə bizimlə həmkar olub. Xalqımıza, dövlətə qulluq edib. Ölkədə parlament mədəniyyətinin inkişafına tövhə verib. Bir sıra qanununvericilik təşəbbüslərinin müəllifi olub , eyni zamanda 4 amnistiya aktının təşəbbüskarıdır. Milli Məclisin fəaliyyəti dövründə Amerika, Fransa parlamentlərasrası dostluq qrupunun sədrləri olub. Milli Məclisi beynəlxalq aləmdə layiqincə təmsil edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, YAP-ın sədr müavinidir, O həm də Heydər Əliyev Fondunun prezidentidir. O sözün əsl mənasında millət vıkilidir. Əminəm ki, bundan sonra da xalqımızın vəkili olaraq qalacaq. Onun bu posta təyinatı ölkəmizin ictimai siyasi həyatına yeni nəfəs gətirəcək”.

“Deputat adını daşımaqdan böyük şərəf duymuşam”

Sonra M. Əliyeva yekun nitqi söyləyib.

O, deyib ki, 21 fevralda ölkə Prezidentinin sərəncamı ilə birinci vitse- prezident vəzifəsinə təyin edilməyilə bağl deputat fəaliyyətini dayandırmalı olur:

“10 ildən artıqdır ki, parlamentdə fəaliyyət göstərmişəm. Deputat adını daşımaqdan böyük şərəf duymuşam. Ölkəmizin inkişafında deputat korpusunun da böyük rolu olub. Xüsusilə də ölkədə həyata keçirilən islahatların hüquqi bazasının yaradılmasında deputatların xüsusi rolu olub. Bu müddət ərzində parlamentdə xoş abu-havanın şahidi olmuşam. Belə bir mühitin yaradılnmasında spiker Oqtay müəllimin rolu var . O öz vəzifəsini layiqincə yerinə yetirib. Fəaliyyətim dövründə mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün dövrlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal xarakter daşımayıb, nailiyyətlərimizə kömək olub. Əminəm ki bundan sonra da Xəzər rayonun inkişafı üçün çalışacam. Humanizm ideyalarına uyğun olaraq irəli sürdüyüm amnistiya aktlarının qəbul olumması təşəbbüsü həmkarlarım tərəfindən dəstəklənib. 39887 məhkum cəzadan azad edilmişdir. İnsanlara azadlıq bəxş etmiş deputatlara da təşəkkür edirəm. İnanıram ki, bu cür təşəbbüslər bundan sonra da mümkün olacaq. Deputat fəaliyyətimi ömür fəaliyyətim kimi qiymətləndirirəm. Vəzifəmdən, fəaliyyətim istiqamətindən asılı olmayaraq sadə prinsiplərinə əsaslanmışam. Çalışıram ki, vəzifəmi vicdanla, ləyaqətlə yerinə yetirim. Çünki vicdan və ləyaqət, qarşlılıqlı hörmət və humanizm Tanrının insana verdiyi ən ali keyfiyyətlərdir. Bundan sonra da mənəvi dəyərləri üstün tutacam, müstəqilliyin qorunması, ölkəmizin inkişafı üçün hərtərəfli çalışacam.
Bu müddət ərzində soydaşlarımızdan mənim ünvanıma təbrik məktubları gəlir. Səmimi ürək sözlərinə görə hər birinə dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, bütrün Azərbaycan qadınlarını və parlamentdə təmsil olunan qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bu illəri birgə keçirdiyimiz fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Qoy, Tanrı hər zaman Azərbaycanı qorusun!”

Daha sonra deputatlar öz fikirlərini bildirib.

“Bu təyinat cəmiyyətin sosial sifarişidir…”

Millət vəkili Siyavuş Novruzov M. Əliyevanın birinci-vistse prezident seçilməsini cəmiyyətin sosial sifarişi kimi qiymətləndirib.

O, bu təyinatı eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının bariz nümunəsi kimi dəyərləndirib. O, qeyd edib ki, bu təyinat hakim partiya üçün ikiqat sevinclidir. Çünki 2013- cü ildə M. Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi ilə o, YAP-ın fəaliyyətinə yeni impuls verib.

“Mehriban xanım çox peşəkar siyasətçi kimi dövlət başçısına yardımçı olacaq”

“Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda sosial bir dövlətdir. Mehriban xanımın özünün də dediyi kimi əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük bir töhfə vermiş olacaq”.

Bunu isə birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

Z.Əsgərov sonra bunları bildirib: “Tam əminliklə onu da deyə bilərəm ki, Mehriban xanım çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipal bir adam, bu sahədə özünün dediyi kimi möhtərəm Prezidentimizin ən yaxın silahdaşı kimi, dövlət başçısına yardımçı olacaq. Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Mehriban xanımı xarakterizə edən onun insani keyfiyyətlərindən biri – humanistliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquq ilə bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması, eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir”.

“Mehriban Əliyeva Azərbaycanda kimsəsizlərin, köməyə ehtiyacı olanların ümid yeri, dayağıdır”

Deputat Azay Quliyev çıxışında bildirib ki, M. Əliyevanın ali dövlət vəzifəsinə təyin olunması ölkə vətəndaşları, dünyada yaşayayn soydaşlarımız tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.

A. Quliyevin sözlərinə görə, ölkənin birinci xanımının yüksək vəzifəyə təyin olunması dünya ictimaiyyəti tərəfindən təqdir edilib:

“Bu da təsadüfi deyil. Ona görə ki, Siz geniş ictimai-siyasi və beynəlxalq fəaliyyətinizlə həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda çox böyük rəğbət qazanmısınız. Sizin Ulu Öndərin ölməz ideyalarını həyata keçirən, milli dövlətçilik məfkurəsini gələcək nəsillərə çatdıran fəaliyyətiniz haqqında saatlarla danışmaq olar. Təkcə Heydər Əliyev Fondunun qurucusu və prezidenti olaraq gördüyünüz işlərə görə hər kəs sizə hörmət edir”. A. Quliyev bildirib ki, M. Əliyeva Azərbaycanda kimsəsizlərin və köməyə ehtiyacı olanların ümid yeri , dayağıdır: “Azərbaycanda humanizm, xeyriyyəçilik ənənələrinin canlanması Sizin adınızla bağlıdır. Siz Milli Məclisin deputatı kimi məhbəsdə olan vətəndaşlarımızın amnistiya aktı ilə azadlığa çıxmasına, onların bağışlanmasına nail olmusunuz. Qədim muğam sənəti Sizin sayənizdə özünün intibah dövrünü yaşayır. YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi, şifahi irsinin şah əsəri kimi qorunur. Hörmətli Mehriban xanım, Siz dünya mədəniyyətinə və sivilizasiyalararası dialoqa çox böyük töhfə vermisiniz. Ümumdünya mədəni irsin bir hissəsi olan Vatikandakı müqəddəs yerləri bərpa etməyiniz çox böyük addımdır. Bu, bir müsəlman ölkəsinin xristianlıq ənənələrinin qorunub saxlanmasına gösətrdiyi xoşgörüdür. Bütün Qərb mətbuatı Sizin sanballı töhfələrinizi alqışlayır, təqdir edir. Siz Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası, uğrunda prinsipial mübarizə aparırsınız. Qeyri-hökumət təşkilatlarına və vətəndaş cəmiyyətlərinə verdiyiniz dəstək və qiymətə , bu istiqamətdə yorulmaz fəaliyyətinizə görə, Sizə ictimaiyyət adından təşəkkür edirəm. Əminəm ki, Azərbaycanın daha da inkişaf etmiş ölkəyə çevrilməsində birinci vitse-prezident kimi böyük nailiyyətlərə imza atacaqsınız”.

“Hər bir qələbənin, nailiyyətinin arxasında eyni niyyətli, eyni fikirli, güclü və vahid bir komanda durur”

M. Əliyeva sonda deputatların onunla bağlı çıxışına münasibət bildirib.

O, qeyd edib ki, əmindir ki, hər bir qələbənin, nailiyyətinin arxasında eyni niyyətli, eyni fikirli, güclü və vahid bir komanda durur:

“Mən öhdəmə düşən vəzifənin məsuliyyətini dərk edirəm. Eyni zamanda, həyacan da keçirirəm, amma gələcəyə optimizmlə yanaşıram. Çünki bilirəm ki, məni dəstəkləyən xalqımız var. Bununla yanaşı, ölkəmizin İlham Əliyev kimi bacarıqlı, savadlı, güclü prezidenti var. Odur ki, müstəqilliyimizin bərkiməsi üçün əlimizdən gələni tam gücümüzlə bir yerdə, bir komanda kimi həyata keçirə biləcəyik”.

mehriban xanim-4

Etikxeber.az

Read Previous

BULUDlar nə qədər özlərini YİGİD hesab etsələr də, sərhədləri təyin edə bilməz – DEPUTAT

Read Next

Zahid Oruc Ombudsmanı sərt tənqid etdi – YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir