DEPUTAT: “Dondurulmuş münaqişələr Avropa üçün real təhlükə yaradır” – FOTO

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov qurumun martın 21-23-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən 94-cü Rouz-Rout seminarında iştirak edib.

Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən Etikxeber.az-a bildirilib ki, tədbirdə Bosniya və Herseqovina ilə NATO arasında əməkdaşlıq səviyyəsi və perspektivləri, müdafiə və təhlükəsizlik sahəsində islahatlar, Orta Şərq və Şimali Afrika, habelə Qərbi Balkan regionlarında qeyri-sabitlik, Avropa və Balkan regionlarında mövcud olan təhdidlər, terrorçuluq və radikalizm, miqrasiya axını, qaçqınlar və digər mövzular üzrə çıxışlar edilib, müzakirələr aparılıb.

K. Bayramov Avropa və Balkan regionlarında mövcud olan təhdidlər mövzusunda keçirilən panel müzakirələrində çıxış edərək dondurulmuş münaqişələrin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avropa üçün real təhlükə yaratdığını, bu münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən hələ də həll olunmadığını, bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qondarma “referendumun” keçirilməsinin regionda gərginliyin daha da artmasına səbəb olduğunu bildirib. Eyni zamanda, Kamran Bayramov qeyd edib ki, Ermənistanın bu təxribatçı addımı silahlı münaqişənin siyasi həllində maraqlı olmadığını aydın şəkildə göstərir və bu kimi fəaliyyətlə Ermənistan Avropanın təhlükəsizliyinə xələl gətirir.

Bundan sonra deputat NATO Parlament Assambleyasının rəhbərliyinə müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin Avropa üçün yaratdığı təhlükənin və Ermənistanın bu cür hərəkətlərinin qiymətləndirilməsi üçün qurum tərəfindən müvafiq hesabatın hazırlanması təklifi ilə çıxış edib.

Seminarda, həmçinin Azərbaycanın Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Etikxeber.az

Read Previous

Sabah Azərbaycanda havanın hərarəti 18 dərəcəyədək yüksələcək

Read Next

Həsənov ön xətdə müdafiənin təşkilini yoxladı- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir