DEPUTAT: “Görülən işlər yaxın perspektivdə yüksək nəticələrlə müşayiət olunacaq”

“Yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur. Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublikaboyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldəniz Səlimov deyib.

O, bildirib ki, dövlət tərəfindən göstərilən davamlı dəstək hesabına aqrar sektorun geniş potensialından maksimum səmərəli istifadə olunur.

Deputatın sözlərinə görə, bu dəstək ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq üçün böyük stimuldur:

“Əlamətdar haldır ki, respublikanın bölgələrində kənd təsərrüfatına məqsədyönlü dəstək tədbirləri öz bəhrəsini verməyə başlayıb. Maddi-texniki bazanın gücləndirilməsi, təsərrüfatlarda qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi məhsuldarlığı artırıb və bütövlükdə ölkə üzrə aqrar sektoru yeni inkişaf mərhələsinə çıxarıb. Ötən il məlum çətinliklərə baxmayaraq, respublikanın kənd təsərrüfatında 2,6 faiz artıma nail olunub. Cari ildə isə bu göstəricini daha da artırmaq, yeni istehsal və ixrac imkanları yaratmaq qarşıya məqsəd qoyulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ötən il kənd təsərrüfatında qazanılan uğurlardan məmnunluq ifadə etməklə yanaşı, vurğulayıb ki, cari ildə aqrar sektorda artım daha böyük rəqəmlərlə ölçülməlidir.

Qeyd edim ki, ölkəmizın ixrac imkanlarının genişləndirilməsi məqsədilə genişməzmunlu tədbirlər həyata keçirilir. Respublikamızda başlanan yeni nəsil iqtisadi islahatlar çərçivəsində ötən ildən  ölkədə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Son vaxtlarda ayrı-ayrı xarici ölkələrdə ardıcıl şəkildə logistik mərkəzlər yaradılır, eyni zamanda, “Made in Azerbaijan” brendi geniş şəkildə təbliğ olunur. Ölkəmizdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında Azexport.az portalı yaradılıb. İndiyədək portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Bütün bu görülən işlər yaxın perspektivdə daha yüksək nəticələrlə müşayiət olunacaq”

Etikxeber.az

Read Previous

“Bu, öz bəhrəsini artıq verməkdədir…” – ELDAR İBRAHİMOV

Read Next

Düşmən atəşkəs rejimini 128 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir