Deputat “Məhkəmələr və hakimlər haqqında” və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsini istəyir-EYNİ ZAMANDA, BUNLARLA BAĞLI LAYİHƏLƏR HAZIRLAYIB TƏQDİM ETMƏYİ NƏZƏRDƏ TUTUR…

Millət vəkili Bəhruz Məhərrəmov “Məhkəmələr və hakimlər haqqında” və  Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsinin tərəfdarıdır.

Bu haqda Etikxeber.az-a açıqlamasında bildirən millət vəkili üzvü olduğu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin payız sessiyası ilə bağlı ilk iclasında da belə bir təkliflə çıxış etdiyini və təklifinin müsbət qarşılandığını dilə gətirib.

“Belə ki, “Məhkəmələr və hakimlər haqqında” mövcud qanunda məhkəmələrin baxışında olan işlərin mediada yayılması məsələsinin layihələndirilməsini, bununla bağlı adıçəkilən sənədə yeni dəyişikliyin edilməsini istəyirəm. Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə vəkillərin ittiham tərəfi ilə bərabər statusda fəaliyyətini təmin edəcək dəyişikliklərin edilməsinin tərəfdarıyam. Odur ki, hər iki sənədə dəyişiklikləri nəzərdə tutan layihələri hazırlayıb, təqdim etmək fikrindəyəm”-deyə, millət vəkili bildirib.

Millət vəkili eyni zamanda, son günlərin əsas gündəm mövzularından olan Tofiq Yaqublunun həsi və onun ətrafında yaşananlara toxunaraq, bir daha bildirib ki, kimsənin həbsdə olmasını, səhhətinə zərbələr gəlməsini istəmir.

“Ancaq burada bir məsələ var və bu da ondan ibarətdir ki, dünya təcrübəsində məhkəmələrdə işə baxdığı müddətdə adətən kənar təsirlərdən azaddırlar. Elə bizim Məhkəmə və Hüquq Şurası ilə bağlı sənəddə, “Məhkəmələr və hakimlər haqqında” qanunda, eləcə də, bu istiqamətdə digər qanunvericilik aktlarında da məhkəmə, hakim müdaxilədən, təsirdən tam kənardır. Yəni, bu müddətdə həmin məhkəmə prosesinin nəticələrinə təsir edəcək nə bir açıqlama vermək, nə ictimai təzyiq etmək olar. Bu yöndə hansısa bir cəhd olarsa, o zaman hakim evdə oturub fikirləşər ki, mən filan qərarı çıxarsam, görəsən haqqımda nə yazarlar və yazacaqlar…

Ona görə məhkəmə qərarı olmadan bu məsələdə ictimai rəy formalaşdırmaq olmaz. İndi bu məsələdə də məhkəmənin yekun qərarı yoxdur. Birinci instansiya məhkəməsinin qərarı var, apellyasiya bəlkə onu ləğv edəcək. Niyə indidən biz Apellyasiya Məhkəməsinin hakiminin beynini deşməliyik, ona təzyiq etməliyik?! Sərt qərar verəcək, o zaman Avropa hüquq mexanizmi var, Avropa Məhkməməsi onu cərimələyəcək. Ona görə bu məsələdə bir qədər həssas və səbrli olmaq lazımdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Millət vəkili həmçinin, “Nifrət dili” ilə bağlı qanunvericilik aktının hazırlanması və qəbul olunması məsələsinə toxunub.

Bir daha komitədəki mövqeyinin üstündə qaldığını bildirib:

“Sosial şəbəkələrdə fəaliyyətin tənzimlənməsi, komitədə irəli sürülən “Nifrət dili” konsepsiyası ilə bağlı tədbirlərin effektivliyi üçün sosial şəbəkə şirkətləri ilə əməkdaşlığın, nümayəndələrin səfir, komissar yaxud hər hansı adla adlandırılmasından asılı olmayaraq, qarşılıqlı nümayəndəliklərin açılması, ikitərəfli müqavilələrin bağlanaraq öhdəlik formalaşdırılmasının vacibliyini bir daha dilə gətirmək istərdim. Hesab edirəm ki, bunlar vacibdir və mütləqdir”.

07:38

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputat daha 54 seçicisini-DİNLƏDİ VƏ… – FOTOLAR

Read Next

54 saat ictimai nəqliyyat-VƏ METRO İŞLƏMƏYƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir