Deputat parlamentdə şəhid Çingiz Qurbanovun məsələsini qaldırdı…

Millət vəkili Qənirə Paşayeva nəşi işğalçı Ermənistan tərəfindən ölkəmizə verilməyən Çingiz Qurbanovla bağlı Milli Məclisdən (MM) beynəlxalq təşkilatlara müraciət  və işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu təklif edib.

Etikxeber.az-ın məlumatına görə, yaz sessiyasının ilk iclasında çıxış edən  Q.Paşayeva  2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq təxribat törətməyə çalışan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun irəliləməsinin qarşısını alarkən baş verən döyüşdə həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfindən ölkəmizə verilməməsi, bu məsələ ilə bağlı Azərbaycanın beynəlxalq təşkilatlara müraciəti ilə bağlı danışıb və Qızıl Xaç Komitəsi başda olmaqla beynəlxalq təşkilatlara, onların Azərbaycandakı ofislərinə çağırış səsləndirib.

Deyib ki, işğalçı Ermənistanın qeyri- insani əməllərinə qarşı beynəlxalq təşkilatlar etiraz səslərini daha çox ucaltmalı və işğalçı ölkəyə beynəlxalq konvensiyalara da zidd olan bu qeyri-insani əməllərini durdurması üçün təzyiqlər etməlidirlər.

“Hər kiçik məsələdə öz münasibətlərini sərt şəkildə ortaya qoyan beynəlxalq təşkilatların Azərbaycandakı ofislərindən də bu məsələdə daha həssas münasibət gözləyir Çingiz Qurbanovun ailəsi və bütün azərbaycanlılar”- deyən millət vəkili  bir sıra millət vəkilləri həmkarları kimi şəhidimizin ailəsini ziyarət etdiyini, ailənin böyük acı çəkdiyini vurğulayaraq işğalçı Ermənistanın hər zaman olduğu kimi, bu dəfə də qeyri-insani əməllərinə davam etməsinə beynəlxalq təşkilatları sərt münasibətə çağırıb.

Millət vəkili həmçinin, işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulunun vacibliyindən danışıb:

“Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər edir, orada müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər, biznes adamları, qeyri-hökumət təşkilat nümayəndələri, sənətçilər beynəlxalq hüquq normalarını pozurlar və Azərbaycan həmin şəxslərlə bağlı haqlı olaraq özünün birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Təbii ki, biz bu kimi addımları pisləməklə yanaşı, kimliyindən asılı olmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş şəxslər arzuolunmaz şəxslər elan olunublar və bundan sonra da elan olunacaqlar”.

“Bu günə kimi bu məsələ ilə Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun və göstərilsin ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər və eyni zamanda onlara qarşı ciddi tədbirlərin görülməsi üçün Azərbaycan tədbirlər görəcək. Hesab edirəm ki, belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı. Bununla da bütün beynəlxalq ictimaiyyətə mesajı vermiş olarıq ki, Azərbaycan dövləti onun icazəsi olmadan ərazilərinə qanunsuz səfər etmiş şəxsləri heç zaman bağışlamayacaq və bunun da qanunvercilikdə birmənalı şəkildə öz əksini tapması çox vacibdir” – deyə, o, sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Yeni tapılan abidələrlə bağlı yeni qaydalar

Read Next

Narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə bağlı cərimə və cəzalar müəyyən olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir