Deputat qarğış etdi: “Kim cənab Prezidentə kömək etmirsə…”

“Qonaqkənddə nazirlərin, komitə sədrlərinin mal-qaraları qışlağa gedir. Çobandan soruşursan ki, bunlar kimindir,  nazirlərin adına kimi deyir…”
“Mən demişəm ki, kim cənab Prezidentə kömək etmirsə, bu ölkənin suyu və çörəyi haram olsun. Içi mən daxil olmaqla”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Yevda Abramov parlamentdə çıxışı zamanı deyib.
Millət vəkili deyib ki, büdcə layihəsinə səs verib düyməni basarkən arzu edəcək ki, büdcədən haram əllər yox olsun:
“Amma bunun nə xeyri ? Yenə həmin insanlar, yenə həmin əməllər yerinə yetiriləcək. Xalq biz deputatlardan çox şey gözləyir, danışmamaq da olmur. Elə-belə də burada gəlib oturmaq olmur axı, Oqtay müəllim? Mən bu gün büdcədən rayonum üçün pul istəmirəm. Bilirəm ki, ölkə başçısı demişkən, 2017- ci il ağır il olacaq. Amma elə məsələlər var ki Azərbaycan məmurundan çox şey asılıdır…Qonaqkənddə nazirlərin, komitə sədrlərinin mal-qaraları qışlağa gedir. Çobandan soruşursan ki, bunlar kimindir,  nazirlərin adına kimi deyir. Mən indi burada ad çəkmək istəmirəm”.
Y. Abramov bildirib ki,  hər zaman xalqın dərdini MM-in tribunasına gətirib:
“Kimisə tənqid etmişəmsə, bu şəxsi qərəzlə bağlı olmayıb. Birinci Tarif Şurası ilə bağlı demək istəyirəm. Bu Şura hansı arqumentləri əsas götürüb işığın ,qazın qiymətini qaldırır? Orada heç olmasa, bir millət vəkili təmsil olunmalı deyilmi? Heç olmasa, onu qaldıranlar bunun səbəbini izah etsin?!  Mən bu artımla heç razı deyiləm. Deyirlər ki, 62 faiz əhaliyə təsir göstərməyəcək. Mən bu rəqəmə inanmıram. Bu rəqəm cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasətin nəticələri ilə düz gəlmir. Çünki cənab Prezident hər dəfə çıxışında deyir ki, yoxsulluq rəqəmləri aşağı düşüb. Amma əhalinin yoxsulluq faizi hələ də çoxdur. Ona görə də qazı və işığı çox yandırırlar.
Təklifim budur: Geriyə yol yoxdur. Amma çıxış yolları var. İndi 300 milyon əlavə olunacaq deyirlər, düzdür, o pulu tapmaq böyük rəqəm deyil. Bu pulu komitə və nazirliklərdən dotasiya şəklində də ötürmək olar. Kvotanı ikiqat artırmaq olar. Yığım faizini çoxaltmaqla, bu bəladan qurtulmaq olar. Qaz və işıqla bağlı qərar elə bir zamanda qəbul olunub ki, bu gün Qubaya 20 sm qar yağıb, şaxta 10-12 dərəcədir. Belə bir zamanda xalqın boğazından tutmaq, xalqı çətinliyə salmaq düzgün deyil.Xalq referendumun təsiri altında yaşayır. Xalq referenduma deyil, prezidentə səs verib.
Qubada və digər regionlarda cənab Prezidentə necə bir sevginin olduğunun şahidi oldum. Oqtay müəllim, bu, sadəcə, referendum deyildi, prezidentin yenidən seçilməsi idi. Amma məmurlarımız belə ciddi qərarları qəbul edərkən, doğrudanmı,  xalqı düşünürlər? Mən buna tam şübhə ilə baxıram. Bundan əlavə, bu gün ölkənin valyuta bazarına ciddi süni müdaxilələr var. Mən bunu gözümlə “Xalqlar dostluğu” , “28 May” metrosu və Quba bazarında görmüşəm. Eyni gündə 4 saatın içində dollar 5 manat fərqlə satıldı və alındı. Həmin insanların xüsusi maşınlarının arxa hissəsində kisələrlə dollar hardandır? Bu pullar onların əlinə necə düşüb? Mən buna məətəl qalmışam. Kim diktə edir bu “qara bazar”a? Belə olacaqdısa, biz valyutadəyişmə məntəqələrini niyə ləğv etdik?
Xaricdə bir avronu dəyişmək üçün pasportumuzu təqdim edirik. Orada ad- familiyamız yazılır. Bu qədər insanları işsiz qoyduq. “Qara bazar”da möhtəkərlik üçün daha da geniş imkanlar açdıq. Onsuz da valyutadəyişmə məntəqələrini ləğv etmək effekt vermədi. Eyni şəraiti Rusiya da keçirib. Amma Rusiya bu xəstəliyi bu cür keçirmədi…”
Etikxeber.az

Read Previous

“Günlərlə əlimizdə pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik” – MİLLƏT VƏKİLİ

Read Next

“Xərçəng xəstəliyi” kimi yayılan “reket” jurnalistlərə qarşı mübarizə aparılmalıdır – TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir