Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas şərtlər sırasındadır. Bələdiyyələr yerli sosial məsələlərin həlli üçün maliyyə imkanlarına sahib olmalıdırlar. Təbii ki, bunun üçün pul vəsaiti lazımdir və onun mənbələri müəyyənləşməlidir”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib.
O, deyib ki, bu mənbələr sırasında bələdiyyənin yerli büdcəsi, mülkiyyəti və əmlakı durur. Təəssüf ki, 2000-ci illərin əvvəlində bələdiyyələr bu maliyyə mənbələrindən düzgün istifadə etmədilər. Onlar sərəncamlarında olan bir çox torpaq sahələrini satdılar.
Onun sözlərinə görə, bələdiyyələr hesab edirdilər ki, satılmış torpaqlardan əldə olunan vəsaitləri əhaliyə xərcləyəcəklər və bu daim davam edəcək. Amma belə olmadı, torpaqlar tükəndi.
Komitə üzvü bildirib ki, belə olan halda, bələdiyyələr ağır vəziyyətdə qalaraq alternativ maliyyə mənbələri axtarmağa başladılar. Bu məqamda onların əsas vəzifələri hesab edilən yerli vergi və ödənişlərin yığımı gündəmə gəldi.
“Deməliyəm ki, qanunvericilikdə bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması sahəsində olduqca geniş səlahiyyətləri mövcuddur. Belə ki, bələdiyyələrin 9 növ vergi və ödəniş yığmaq səlahiyyəti var. Bunların sırasında 4 növ vergi – fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli materiallar üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi var. 5 növ ödənişlərin sırasına isə küçə-divar reklamının yayımına görə ödəniş, mehmanxana, sanatoriya, kurort və digər turizm xidmətlərinə görə ödəniş, nəqliyyat vasitələrinin daimi və müvəqqəti dayanacaqlarına görə ödəniş, bələdiyyə ərazisində stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş və bələdiyyənin mülkiyyətində olan əmlakın və torpaqların icarəsindən və satışından olan ödənişlər daxildir.
Təbii ki, bələdiyyələrin fəaliyyətinin ilk illərində vergi yığımı olduqca aşagı idi. Çünki bələdiyyə büdcəsinə daxil olan vəsaitin çox böyük faizi yalnız torpaq satışından formalaşırdı. Lakin bu sahədə 2014-cü ildə çox inqilabi bir dəyişikliklər baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə bəzi qanun layihələri təqdim edildi. Həmin qanun layihələrinə əsasən fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydasının tam dəyişdirilməsi, torpaq vergisinin dərəcələrinin dəyişdirilməsi, eyni zamanda dövlət büdcəsindən bələdiyyələrə ödənilən dotasiyalarin verilməsi meyarlarının təkmilləşdirilməsi, bələdiyyələrə dövlət büdcəsindən subvensiyaların verilməsi və bələdiyyələrə ödənilən yerli vergi və ödənişlərin nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulurdu. Və həmin il Milli Məclis tərəfindən bu qanunlar qəbul olundu. Bunun nəticəsində də 2015-ci əvvəlindən bələdiyyələr bu sahədə böyük irəlləyişlər əldə ediblər. Yığılan vergi və ödənişlərin həcmi ildən ilə artır. Məsələn, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcələrinə yerli vergi və ödənişlər nəticəsində daxil olan vəsaitin həcmi 12.5 faiz artıb.
Təbii ki, burada yalnız bələdiyyələrin səyləri kifayət etmir, vətəndaşlar da bu prosesdə fəal olmalıdır. Vətəndaşlarda vergi mədəniyyəti yüksək olmalıdır. Qanunla vergiləri ödəməlidir. Çunki bələdiyyələr toplanan vəsaiti həmin ərazinin sosial-iqtisadi inkişafına yönəldir. Bu sahədə bir çox işlər görülüb. Bir neçə ildir ki, bələdiyyələrin milli asossiasiyaları tərəfindən “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsü həyata keçirilir. Bələdiyyələr gördüyü işləri layihələr formasında reallaşdırırlar və bu layihələrə vəsait xərcləyirlər, görülən işlər haqqında vətəndaşlara hesabat verirlər. Hesab edirəm ki, bələdiyyə-vətəndaş münasibətləri daim güclənməlidir. Və bunun nəticəsində vətəndaşlar tərəfindən də bələdiyyələrə inam və etibar artır. Əgər biz bələdiyyələrin inkişaf etməsini istəyiriksə, vətəndaşlar və dövlət onlara öz dəstəyini göstərməlidir. Dövlət tərəfindən bələdiyyələrə hər il dotasiya verilir. Yarandığı vaxtdan indiyə qədər bələdiyyələrə təxminan 63 milyon manatdan çox dotasiya verilib…”-deyə, o, daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az