Deputatlar sabah gedir – QIŞ TƏTİLİNƏ

Millət vəkilləri  44 məsələni müzakirə edib, qış tətilinə yollanacaqlar

Milli Məclis (MM) sabah qış tətilinə çıxır.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, dekabrın 28-də MM-in payız (qış) sessiyasının, həm də il ərzində sonuncu plenar iclası keçiriləcək.

Sonuncu iclasın gündəliyinə isə ən azı 44 məsələ daxil edilib.

Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Notariat haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Elektron ticarət haqqında”,  “Lisensiyalar və icazələr haqqında”, “Patent haqqında”, “Banklar haqqında” və digər qanunlara, o cümlədən, İnzibati Xətalar, Mülki, Gömrük, Şəhərsalma və Tikinti  məcəllələrinə dəyişiklik layihələridir.

Yaşayış məntəqələrinin müfəssəl planının məcburi tətbiqi müddəti daha bir il uzadılır?!

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə nəzərdə tutulan dəyikikliklər layihəsinə əsasən, Azərbaycanda hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir.

Odur ki, bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddətinin daha 1 il uzadılması zərurəti yaranıb.

Qeyd olunur ki,  Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

meclis-oqtay-1

Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və bir sıra şərtlərin birgə mövcud olduğu hallarda yol verildiyi müəyyən edilsə də, Məcəllənin 75-ci və 80-ci maddələrində tikinti obyektinin inşasına icazənin məhz müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verildiyi göstərilir.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanununun 2.2-ci maddəsində tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş tələbin Məcəllənin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixdən 7 il sonra tətbiq edilməsi nəzərdə tutulur.

Hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir və bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb. Beləliklə, müfəssəl planın məcburi tətbiqinin 2020-cu ildə həyata keçirilməsi planlaşdırılır.

Məhkəmə prosesləri onlayn rejimdə də müşahidə edilə biləcək

Bununla bağlı Mülki Prossesual Məcəlləyə dəyişiklik layihəsində qeyd edilir.

Dəyişikliyə görə, adıçəkilən Məcəllənin 176-cı (Məhkəmə iclasında qayda) maddəsinin 5-ci bəndinə əsasən, işdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada, həmçinin məhkəmənin icazəsi ilə kompüterdən istifadə etməklə istifadə etməklə qeydə almaq hüququ var.

Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən, mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir.Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər. Bəndə edilən əlavədə qeyd olunub ki, məhkəmə iclasının audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və iclasın onlayn rejimdə müşahidə edilməsi imkanı, habelə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı “Elektron məhkəmə” informasiya sistemi tərəfindən təmin olunur.

meclis-5

Azərbaycanda icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləği müəyyən edilib

Bu məsələ öz növbəsində “Tibbi sığorta haqqında” qanun layihəsində öz əksini tapıb.

Belə ki, icbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilib:

1. Xidmətlər zərfinin baza hissəsi üzrə -təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

Xidmətlər zərfinin əlavə hissəsi üzrə:

– sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

– sığortaolunan tərəfindən – işçinin əmək haqqının 2 faizi;

İşləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hallarda – Azərbaycan vətəndaşları, əmək pensiyası alan, sosial müavinət almaq hüququna malik olub əmək qabliyyəti olmayan şəxslər, ünvanlı sosial yardım alan ailənin üzvləri, hamilə qadınlar, doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün xidmətlər zərfinin əlavə hissəsi üzrə illik ödənişin adambaşına 120 manat olması təklif edilib.

İcbari tibbi sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən icbari tibbi sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

MM-in sonuncu plenar iclasında həmçinin  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul ediləcək.

Sessiya dövlət himinin oxunması ilə başa catacaq və bununla da MM növbəti qış tətilinə çıxacaq.

MM-in növbəti sessiyası, 2019-cu ilin yaz sessiyası fevarl ayının 1-də öz işinə start verəcək.

Yanvar ayının 15-20-si tarixlərindən isə yaz sessiyası ilə bağlı komitə iclasları başlayacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Milan” Maldini ilə müqavilə imzaladı…

Read Next

Bu maddənin istifadəsi məhdudlaşdırılır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir