Deputatların sayı artırılmalı, proporsional sistemə keçilməlidir – MİLLƏT VƏKİLİ – FOTOLAR

Qüdrət Həsənquliyev:“Ən azı vitse-spikerlərdən biri, komitə sədrlərindən və komitə sədrlərinin müavinlərindən bir neçəsi digər partiyaların təmsilçiləri olmalıdır”

“Ölkədə siyasi mədəniyyətin artırılması, çoxpartiyalılığın oturuşması üçün proporsional seçki sisteminə keçilməlidir”.

Bunu Etikxeber.az-a açıqlamasında ixtisasca hüquqşünas olan millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, qarşıdan növbəti-6-cı çağırış, yəni, 2020-ci ilin parlament seçkiləri gəlir və bu baxımdan da, həmin vaxta qədər ölkədə seçki qanunvericiliyi vasitəsilə proporsional seçki sisteminə keçilməlidir:

qudrat-oxu

kamil-qudrat

qudrat-2

kamil-qud-2

“Proporsional seçki sisteminə keçilməsi üçün Konstitusiyaya dəyişikliklər edilməsinə, bunun üçün yenidən referendum keçirilməsinə də o qədər ehtiyac yoxdur. Bu məsələni seçki qanunverciliyi, Seçki Məcəlləsi ilə də tənzimləmək, reallaşdırmaq mümkündür. Yəni, elə etmək olar ki, qarşıdan gələn 2020-ci ilin parlament seçkiləri tam proporsional seçki sistemi əsasında keçirilsin. Düzdür, əvvəllər deyirdik ki, yarı majoritar, ya proporsional seçki sistemi olsun, amma indi bütövlükdə parlamentin proporsional seçki sistemi əsasında formalaşdırılmasını məqbul və məqsdəuyğun sayırıq. Çünki buna ciddi ehtiyac var”.

Millət vəkili bildirib ki, Azərbaycanda çoxlu sayda partiyalar olsa da, onların böyük əksəriyyəti qeydiyyatdan keçsələr də, ölkədə hələ də çoxpartiyalılıq bərqərar olmayıb, oturuşmayıb:

“Bizdə çoxpartiyalılığın adı var. Qeydiyyatdan keçməklə məsələ bitmir ki?! Bizdə əsl çoxpartiyalılığa, onun bərqərar olmasına və oturuşmasına ehtiyac var. Bu məsələdə artıq formallıqdan uzaq olmaq lazımdır. Biz Cənubi Qafqazda yeganə ölkəyik ki, parlament idarəetməsində hakim partiya təmsilçilərindən və bitərəflərdən (qismən də olsa) başqa heç bir siyasi təşkilat nümayəndəsi iştirak etmir. Hətta, bizdə komitə sədrlərinin müavinlərindən belə kimsə başqa partiyanın təmsilçisi deyil. Hansı ki, parlament kollegial orqandır və onun idarəçiliyində, rəhbərliyində Milli Məclidə çoxluq təşkil edən hakim partiya nümayəndələri ilə yanaşı, mövqeyindən, müxalifət və ya iqtidaryönlü olmasından asılı olmayaraq, digər təmsilçilik hüququ əldə etmiş siyasi təşkilatın və ya təşkilatların nümayəndəsi də iştirak etməlidir. Yəni, ən azı vitse-spikerlərdən biri, komitə sədrlərindən və komitə sədrlərinin müavinlərindən bir neçəsi digər partiyaların təmsilçiləri olmalıdır. Hətta, xarici ölkələrdə ən əsas komitələrdən olan büdcə (bizdəki İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi-red) komitəsinin sədrliyi müxalifətin təmsilçisinə verilir. Burada da məqsəd büdcə kimi vacib məsələdə şəffaflığın tam təmin olunmasıdır. Amma təəssüflər olsun ki, dediyim ki, Cənubi Qafqaz ölkələri arasında tək biz bu məsələdə istisnayıq. Ona görə hesab edirəm ki, 2020-ci ilin parlament seçkiləri tam proporsional seçki sistemi üzrə keçirilməli və parlamentdə azlıqda qalan partiyaların nümayəndələri də Milli Məclisin idarəciliyində iştirak etməlidir”.

BAXCP sədri eyni zamanda bildirib ki, ölkə əhalisinin sayı artır və buna uyğun olaraq da, parlamentdə deputat yerlərinin artırılmasına da ehtiyac var:

“Düşünürəm ki, deputatların sayı ən azı 150 nəfər olmalıdır. Yəni, 125-dən 150-yə qaldırılmalıdır”.

Kamil HƏMZƏOĞLU

FOTO: ELNUR

Etikxeber.az

Read Previous

“Alınmadı, yenə də hesabları düz çıxmadı və…” – ZİYAD SƏMƏDZADƏ

Read Next

“Heç kimin haqqı yoxdur ki…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir