“Deyə bilərlər ki, oturmusan xaricdə, valyuta ilə maaş alırsan…” – SƏFİR HACI ZEYNALABDİNDƏN YAZDI, TƏKLİF VERDİ

Çox dəyərli bir təşəbbüs – Bakıda məşhur xeyriyyəçi, “millət atası” Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması ilə bağlı təklif artıq gerçəkləşmək üzrədir.

Bu məsələ ilə bağlı çoxdan bəri üzərində düşündüyüm bir fikri facebook istifadəçiləri ilə bölüşmək istərdim:

Dostlar, bəlkə H.Z.Tağıyevin abidəsinin ümumxalq ianəsi ilə qoyulması ilə bağlı bir təşəbbüs qrupu yaradılsın?

Əlbəttə, dövlətimizin iqtisadi gücü, qüdrəti və xeyirxah iradəsi qat-qat böyük layihələri maliyyələşdirməyə imkan verir.

Lakin ümumxalq istəyi və ianəsi ilə görülən hər hansı bir iş insanların ürəyindəki minnətdarlıq duyğusunun ifadəsi, milli şüurun yetkinliyi baxımından son dərəcə önəmlidir.

heykel

Tarixdə belə nümunələr az deyil.

“Hophopnamə”nin 1914-cü ildə çıxan ilk nəşri xalqın qəpik-qəpik, manat-manat topladığı ianə hesabına çap olunmuşdu.

Moskvadakı məşhur Minin və Pojarski abidəsi ümumxalq ianəsi ilə qoyulub.

Hazırda Macarıstanda ümumxalq ianəsi əsasında hunların əfsanəvi lideri Atillanın şərəfinə abidə kompleksinin tikilməsi ilə bağlı geniş ictimai müzakirələr aparılır.

Azərbaycanda belə ümumxalq sevgisinə layiq ictimai xadimlərin önündə heç şübhəsiz, Hacı Zeynalabdin gəlir.

Əlbəttə, mənə deyə bilərlər ki, sənin nə vecinə, oturmusan xaricdə, valyuta ilə maaş alırsan. Amma camaatın vəziyyəti ağırdır və s.

Vaxtı ilə Həsən bəy Zərdabi kəndbəkənd dolaşıb məktəb üçün vəsait toplayanda qoca bir suçu dolağını açıb oradan bir neçə şahı pul çıxarmış və utana-utana Həsən bəyə uzadaraq “Gümanım gələn budur”- demişdi.

Həsən bəy “Sənin boğazından kəsib verdiyin bu bir neçə şahı zənginlərin verəcəyi (əgər versələr!) yüz manatlardan daha dəyərlidir” -deyə, qocanı sakitləşdirmişdi.

Yəni hərə öz imkanına, öz ürəyinə görə!

Məncə 10 milyonluq xalq (hələ xaricdəki millətsevər soydaşlarımızı demirəm) öz xeyirxahının xatirəsini bu şəkildə əbədiləşdirməyə qadir olmalıdır.

Bunu bacarsaq, cəmiyyətimizi qurd kimi yeyən laqeydlik mikrobuna da ölümcül bir zərbə vurmuş olarıq.

P.S. Heykəlin təqdim olunan maketi isə doğrusu, məni o qədər də açmadı.

Məncə, məşhur rus rəssamı Brodskinin çar II Nikolay tərəfindən H.Z.Tağıyevə “həqiqi mülki müşavir” çini verilməsi münasibəti ilə çəkdiyi “paradnı portreti” mərmərə köçürməyə lüzum yox idi. Böyük xeyriyyəçinin daha xəlqi, Azərbaycan insanının ürəyinə daha çox yatan bir obrazını yaratmaq üzərində düşünmək lazım idi.

Vilayət QULİYEV,

Professor, Azərbaycanın Macarıstandakı səfiri

Etikxeber.az

Read Previous

Şəmkirdə ağır yol qəzası: 1 NƏFƏR ÖLDÜ, 15 NƏFƏR XƏSARƏT ALDI – NAZİRLİKLƏR MƏLUMAT YAYDI – YENİLƏNİB – (1)

Read Next

“İpək Yoluna Dəstək Qrupu”nun Andermatt Bəyannaməsi – QƏBUL OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir