“Deyirdi ki, Əsgərlikdən qayıdıb-gəlim, ev alacağam, canınızı kirayədən qurtaracağam…Balamdan sonra da, indi də kirayədə qalırıq…”-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, CƏMİ 18 YAŞLI, HEÇ ZAMAN İSTİ YUVALARI OLMAYAN, KİRAYƏLƏRDƏ YAŞAYAN HƏM NEFTÇALALI, HƏM DƏ BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HABİL TAHİR OĞLU MURADOVUN ANASI ŞAMAMA MURADOVA – ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ ŞƏHİDİN AİLƏSİNİ NƏHAYƏT, EVLƏ-MƏNZİLLƏ TƏMİN EDƏCƏKMİ? – FOTOLAR

“Deyirdi ki, ana, Əsgərlikdən qayıdıb-gəlim, ev alacağam…Canınızı kirayədən qurtaracağam…Çünki ömür boyu şəxsim evimiz, isti yuvamız olmayıb…Balamdan sonra da, indi də kirayədə qalırıq…Bilirəm ki, balamın ruhu narahatdır bizim üçün…Nə qədər kirayədə qalmaq olar, nə qədər qohum-əqrəba evində Anım Günü və mövlud keçirmək olar?

Nə qədər balamın əşyalarını, şəkillərini buradan-ora, oradan-bura daşımaq olar? Vallah, balamın da ruhunu narahat edirik…Bircə otaqdan ibarət evimiz, mənzilmiz olsa, ona da qane olarıq vallah, təki öz evimiz, ocağımız olsun…Canımız həm kirayədən qurtulsun, həm də balamın ruhu rahatlıq tapsın…”

Bunları Neftçala rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-həm əslən Salyanlı, həm də Bakılı olan Habil Tahir oğlu Muradovun anası Şamama Muradova dilə gətirdi onları ziyarətim zamanı…

Qeyd edim ki, 26 aprel 2024-cü il tarixində-axşam saatlarında Şəhidimizin 18 ildir Bakıda-kirayələrdə yaşayan ailəsini, valideynlərini ziyarət etdim…

Şəhidimizin valideynləri, ailəsi təxminən 3-4 ay olar ki, “Gənclik” metrostansiyası tərədə bina evlərindən birində kirayədə qalırlar…

Ümumiyyətlə, Muradovlar ailəsi 2006-cı ildən-Bakıya köçdükdən bu yana kirayələrdə yaşayıblar və yaşamaqdadırlar hələ də…

İmkansızlıqdan, kasıbçılıqdan özlərinə nə Neftçalada, nə də Bakıda bir ev-isti yuva qura biliblər…

Övladlarının Şəhidliyindən ötən 3 il 6 ay ərzində də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi tərəfindən nə Bakıda, nə Neftçalada-Beştalı kəndində evlə-mənzillə təmin olunublar…

Neftçalada-Beştalıda torpaq sahəsi ayrılsa da, hələ də Şəhidin ailəsinə fərdi yaşayış evi tikilməyib…

Sadəcə, adıçəkilən nazirlik, səlahiyyət sahibləri tərəfindən hər dəfə söz, vəd verilib…

Artıq Şəhidin ailəsi kirayə pulunu ödəməkdə də çox çətinlik çəkirlər…

Dövlətdən aldıqları pulun-müavinətin demək olar ki, 90 faizini kirayəyə ödəyirlər…

Eyni zamanda, səhhətlərində problemlər olduğu üçün Şəhidin nə anası, nə də atası işləyir…

Tək bacısı və tək qardaşı da işsizdir.

***

Ziyarətim zamanı Şəhidimizin Dərdli, Yaralı, üzlərindən, çöhrələrindən qəm-kədər, övlad həsrəti yağan valideynlərinə-anası Şamama xanıma və atası Tahir Muradova Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Müqəddəs və əziz ruhu qarşısında ehtiramla baş əydiyimi, bir ömür boyu Şəhidlərimizə, Habillərə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

“Heç zaman Şəhidlərimizin borcundan çıxa bilmərik və çıxa bilməyəcəyik”-söylədim…

Təxminən iki saata yaxın çəkən ziyarətim zamanı Şəhidimizin valideynləri ilə dərdləşdim, söhbətləşdim, onlara az da olsa, təsəlli verməyə çalışdım…

Heç bilmirəm təsəlli verə, onları az da ovundura bildimmi?…

Çox çətin idi, çox çətindir…

Bu yerdə qeyd edim ki, əslən-ata tərəfdən Salyanlı, ana tərəfdən Neftçalalı-Beştalılı olan Habil Muradov 2002-ci ilin mart ayının 12-də, sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…

Ona 1994-cü ildə vəfat edən babasının adını qoyublar…

Bacısı 2003-cü il, qardaşı isə 2004-cü il təvəllüdlüdür…

Hər ikisi də subaydır…

Atası, ev-təmir ustası-1973-cü il doğumlu Tahir Muradov da müharibə iştirakçısı olub…

1992-1996-cı illərdə Azərbaycan Ordusunda qulluq edib, Birinci Qarabağ Savaşında döyüşüb, vuruşub, yaralanıb, bədənində hələ də qəlpələr qalmaqdadır, müharibə veteranıdır…

Habil 2008-2017-ci illərdə Bakı şəhərində yerləşən 200 və 36 saylı orta məktəblərdə oxuyub, 9 illik təhsil alıb…

9-cu sinifdən sonra ailəsinə kömək, dəstək məqsədilə gecəsini-gündüzünə qatıb, işləyib, çalışıb, əlləri qabar bağlayıb…

Və 2020-ci ilin yazında Əsgərliyə, həqiqi hərbi xidmətə yolanıb…

Ağcabədi Füzuli istiqamətində yerləşən “N” saylı hərbi hissələrdə xidmət edib…

Və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə, döyüşlərə qatılıb…

Şərəfli döyüş yolu 10 gün çəkib…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 4-də danışıb…

Oktyabbrın 6-dan 7-nə keçən gecə isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabrın 8-də Neftçala rayonunun Beştalı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

O, həm də Beştalının yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

Şəhidliyindən sonra dörd medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenilə təltif olunub…

Beştalı kəndində adına küçə verilib…

Adını daşıyan “Şəhid bulağı” da Beştalıdadır.

***

Bəli, yuxarıda da qeyd etdiyim ki, Şəhidimizin ailəsinin heç zaman şəxsi evi, isti yuvası olmayıb və təəssüflər olsun ki, bu gün də evsiz-eşiksizdirlər, Bakı şəhərində-kirayədə ömür çürüdürlər…

Şəhidimizin valideynləri isə ya Bakı şəhərində mənzillə təmin olunmalarını, ya da Beştalıda ayrılan torpaq sahəsində onlar üçün fərdi yaşayış evinin tikilməsini istəyirlər…

Təki canları kirayədən qurtarsın, təki isti yuva üzünə həsrət qalan övladlarının-Şəhid Habilin ruhu rahatlıq, huzur tapsın…

Başqa heç nə istəmirlər, başqa heç nə tələb etmirlər…

Odur ki, başda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun nəzdindəki Sosial Xidmətlər Agentliyi olmaqla, bütün aidiyyatı qurumlar Şəhidin ailəsinin yaşayış və səhhət durumunu nəzərə almalı, onları tezliklə ya Bakı şəhərində mənzillə, ya da Beştalıda fərdi yaşayış evi ilə təmin etməlidirlər.

Artıq söz, vəd məqamı deyil, artıq əməl, konkret, real addımlar atmaq məqamıdır!

Cəmi 18 yaşında Vətən yolunda canını fəda etmiş Şəhidimizin ailəsinin evlə-mənzillə təmin olunması zamanıdır!

Məqamı Uca, dərgahı mübarək olsun, Şəhidimizin!

Nur içində uyusun, Nur üzlü Habil balamız, Habil Muradov!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hər bir ölkədə azad mətbuat olmalıdır, insan hüquqları pozulmamalıdır”-ALMANİYA KANSLERİ

Read Next

Ailənin tək və subay oğlu, orden Haqqı hələ də tanınmayan Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi Məhəmmədəli Məhəmmədəlizadənin Cənnətdəki dördüncü doğum günüdür-SABAH 32 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir