“Deyirdi ki, ana, mən Şəhid olacağam, tabutda qayıdağacam…Dediyi kimi də oldu, balam Şəhid oldu, tabutda qayıtdı…”-EVİN-AİLƏNİN TƏK OĞLU, BU GÜN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ, 20 YAŞI TAMAM OLAN ŞƏHİD EYNULLA LƏTİFOVUN ANASI GÜLBACI XANIM – FOTOLAR – YENİLƏNİB

Bu gün-8 sentyabr Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Eynulla Niyətulla oğlu Lətifovun doğum günüdür.

Evin-ailənin tək oğlu, iki bacının tək qardaşı olan Şəhidin bu gün 20 yaşı tamam olur və bu, onun Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az xəbər verir ki, E. Lətifov 2001-ci ilin sentyabrın 8-ində Qubanın İkinci Nügədi kəndində sadə bir ailədə anadan olub.

Orta məktəbi bitirdikdən sonra, 2019-cu ilin oktyabrın 16-sında hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

İkinci Vətən Müharibəsi başlanan gündən də döyüşlərdə olub.

Əsgərliyinin bir ilinin tamamından 3 gün sonra, 2020-ci ilin oktyabrın 19-unda, cəmi 19 yaşında isə Xocavənd istiqamətində ağır və qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi səhərisi gün, 20 oktyabr tarixində İkinci Nügədinin qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra “Vətən uğurunda”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Bu gün, 8 sentyabr 2021-ci il tarixində isə Cənnətdəki ilk ad günü ilə bağlı Şəhidin məzarı ziyarət edilib.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Qubadan, Bərdədən, Mingəçevirdən, Xaçmazdan olan Şəhid ailələri, Şəhid anaları, o cümlədən, hərbçilər, Şəhidin döyüş yoldaşları, kənd sakinləri, din xadimləri, məktəblilər və digərləri iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.

Eyni zamanda, E.Lətifovun döyüş yoldaşları, Şəhid anaları Şəhidin məzarı önündə çıxış ediblər.

Məktəblilər Şəhidlərimizə aid şeirlər səsləndiriblər.

Ziyarətə qatılanlar arasında tanınmış müğənni Yusif Mustafayev də olub.

O da Şəhidlə bağlı fikirlərini, ürək sözlərini səsləndirib, Şəhidin ailəsinə, o cümlədən, ziyarətə qatılan Şəhid analarına səbr diləyib.

Ziyarət təxminən bir saat çəkib.

Sonra kənddəki sadlıq sarayında Şəhidlə bağlı mərasim keçirilib, adına ehsan verilib, bir daha Şəhidin ruhuna dualar edilib.

***

Şəhidimizin ailəsinin və məzarının ziyarətinə Bərdəli Şəhidimiz, 3 medallı İgidimiz, Vətən sevdalımız Fəxri Qərinzadənin anası Mehparə xanımla birlikdə getmişdik…

Hər ikimiz Şəhidimizin anası Gülbacı xanıma, bacılarına və atası Niyətulla kişiyə bir daha başsağlığı verdik, Allahdan onlara və cəmi Şəhid ailələrinə səbr dilədik, “Şəhidlərimizin, Şəhidimizin, Eynulla balamızın məkanı cənnətlik olsun, ruhu qarşısında baş əyirik!”-dedik…

Şəhidimizin ailə üzvləri, döyüş yoldaşları ilə söhbətləşdik, onun, digər Şəhidlərimizin döyüş, həyat yolundan qısaca da olsa, bəhs etdik…

Şəhidimizin anası Gülbacı xanım “Şəhidliyi sanki ürəyinə dammışdı. Əsgərliyə gedəndə müharibədən əsər-əlamət yoxuydu. Amma deyirdi ki, ana, mən Şəhid olacağam, tabutda qayıdağacam (Gözləri dolur)…Dediyi kimi də oldu, balam Şəhid oldu, tabutda qayıtdı…”-deyə, bildiridi və övlad itkisi nə qədər ağır olsa da, oğlunun Şəhidliyi ilə Fəxr etdiyini, Qürur duyduğunu da sözlərinə əlavə etdi.

Onu da yeri gəlmişkən qeyd edim ki, Şəhidimizin ailəsinin ev, mənzil problemi var, yaşadıqları ev onlara məxsus deyil, həm də çox şəraitsizdir…

Yaxşı olardı ki, Şəhidimizin ilinə kimi ailəsi evlə, mənzillə təmin olunar, bununla həm ruhu şad edilmiş, həm də ailəsi ən azı bir problemdən qurtulmuş olardı…

İnanıram, inanmaq istəyirəm ki, belə də olacaq, Şəhidimizin ailəsi çox yaxın zamanlarda evlə, mənzillə təmin ediləcək.

Allah Şəhidimizin məkanını bir daha cənnətlik, Cənnətdəki ilk ad gününü mübarək etsin, bir daha ailəsinə, əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Bakı-Quba-Nügədi-Quba-Bakı

Etikxeber.az

Read Previous

Daha 2557 yeni yoluxma-DAHA 39 ÖLÜM…

Read Next

Ailənin iki övladından biri, anasını vaxtsız itirən, sentyabrın 8-də dünyaya gələn və noyabrın 8-də Şəhid olan Baş leytenant, bir orden və iki medallı-CEYHUN NƏHMƏTOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ…-FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir