Dilavər Əzimlinin məzarı-ZİYARƏT OLUNDU – FOTOLAR

Bu gün Bütöv Azərbaycan Ocaqlarının (BAO) qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş Dilavər Əzimlinin doğulduğu Cəlilabad rayonunun Ağdaş kəndində 40 mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, mərasim zamanı öncə mərhumun Ağdaş kənd qəbristanlığındakı məzarı ziyarət edilib.

Ziyarətdə Bütöv Azərbaycan Ocaqlarının rəhbərliyi (BAO) və üzvləri, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, Cəlilabad rayonunun ziyalıları, alimin yaxınları və kənd əhalisi iştirak ediblər.

Dilavər Əzimlinin məzarı üstündə mərhumun ruhuna dualar oxunub.

Daha sonra BAO başqanı Zahir Əlisoy, BAO başqanının humanitar məsələlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, ilahiyyatçı İsa Ələkbər və digərləri çıxış edərək Dilavər Əzimlinin çox dəyərli bir milli ziyalı, vətən və millət üçün gərəkli bir insan olması haqqında öz fikirlərini bölüşmüş, mərhum haqqında maraqlı xatirələrini danışıblar.

Tədbirdə Dilavər Əzimlinin dünyasını dəyişməsinin Azərbaycan elmi və Bütöv Azərbaycan mücadiləsi üçün ağır itki olduğu vurğulanıb.

Etikxeber.az

Read Previous

Daha 2414 yeni yoluxma-DAHA 36 ÖLÜM…

Read Next

“Çox mühüm siyasi hadisələrin astanasındayıq…”-MİLLƏT VƏKİLİ NƏLƏRƏ İŞARƏ ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir