Dilimizin hüdudsuz imkanlarından düzgün istifadə edilməməsi halları kifayət qədər geniş yayılıb – SONA ƏLİYEVA

SONA ƏLİYEVA: Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib
Etikxeber.az  Milli Məclisin deputatı Sona Əliyevanın müsahibəsini təqdim edir:

– Sona xanım, məlum olduğu kimi Azərbaycan beynəlxalq humanitar əməkdaşlıq məkanına çevrilib. Bu faktın ölkəmizin dünyadakı nüfuzuna təsirini necə dəyərləndirisiniz? 

– Bildiyiniz kimi, müasir dünyanın reallıqları fonunda humanitar məsələlərlə bağlı müzakirələr aparılması, bu sahədə qazanılan uğurların dəyərləndirilməsi və problemlərin həlli yollarının araşdırılması mühüm çağırışlardan birinə çevrilib. Bu baxımdan, Azərbaycanın öz imkanlarını təqdim edərək ölkələr və xalqlar arasında humanitar əməkdaşlığın möhkəmlənməsinə töhfə vermək səyləri təqdirəlayiqdir. Respublikamız bu mövqedən çıxış edir ki, qlobal miqyasda humanitar-mədəni əməkdaşlığın əhatə dairəsinin genişlənməsi öz növbəsində dövlətlər arasında qarşılıqlı inamın yaranmasına, sabitliyə, müxtəlif sivilizasiyalara qarşı yönələn təhdidlərin aradan qaldırılmasına, ölkələrin öz potensialını qarşıdurmalara deyil, sosial-iqtisadi inkişafa yönəltmələrinə, həmçinin cəmiyyətlərin mühafizəkar meyillərdən uzaqlaşmasına, demokratik dəyərlərin həyat norması kimi qəbul edilməsinə öz müsbət təsirini göstərir. İndiyədək ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib ki, bu da Azərbaycanın niyyətini, həyata keçirdiyi siyasətin mahiyyətini bütün dünyaya nümayiş etdirir.

Bu yaxınlarda respublikamızın paytaxtı humanitar əməkdaşlıq sahəsində qlobal platformaya çevrilən daha bir mühüm tədbirə – VI Bakı Beynəlxalq Humanitar Forumuna böyük uğurla ev sahibliyi edib. VI Bakı Beynəlxalq Humanitar Forumu bir sıra önəmli cəhətləri ilə yanaşı, ölkəmizin müstəqillik illərində dövlət quruculuğu, cəmiyyətin demokratikləşməsi, sosial-iqtisadi inkişaf sahəsində qazandığı nailiyyətlətin təbliği baxımından da böyük əhəmiyyət daşıyır. Bütövlükdə, dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa  böyük töhfələr verir. Bununla yanaşı, Azərbaycan dövləti zəngin milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirir.

– Yeri gəlmişkən,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman cəmiyyətimizdə geniş müzakirə mövzusudur. Sizcə, bu Fərmanın əhəmiyyəti nədən ibarətdir?

– Prezident İlham Əliyevin noyabrın 1-də imzaladığı  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman  böyük əhəmiyyətə malikdir. Fərmanda qeyd olunur ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir.

Məhz bu təsirli tədbirləri görmək üçün ölkə başçısı tərəfindən imzalanan Fərmana əsasən Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Eləcə də, Fərmana əsasən Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlayıb bir ay müddətində təsdiq etməlidir. Bununla yanaşı, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edilməsi də Fərmanda öz əksini tapıb.

Göründüyü kimi, bu Fərman Azərbaycan Prezidenti İlham Əliyevin ana dilimizin təbliği, onun saflığının qorunması və inkişafına diqqət və qayğısının bariz nümunəsidir. Ümumiyyətlə, təcrübə göstərir ki, Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları geniş yayılıb. Və mövcud vəziyyət bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin həyata keçirilməsini tələb edir. Bu baxımdan, yaradılacaq Monitorinq Mərkəzinin mövcud çatışmazlıqların aradan qaldırılmasında əsaslı rola malik olacağını söyləmək mümkündür.

sonya-alieva-suleymanova

– Dövlət dili olaraq Azərbaycan dili ilə bağlı indiyə qədər bir sıra mühüm sənədlər qəbul olunub, dövlət başçısı səviyyəsində Fərman və sərəncamlar imzalanıb. Bu barədə də fikirlərinizi bilmək istərdik…

– Bilirsiniz ki, ana dilimizə dövlət qayğısı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş SSRİ dövründə “sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Məhz belə bir şəraitdə Ümummilli liderimiz Heydər Əliyevin ana  dilimizə münasibəti ilə hər kəsə örnək oldu, Azərbaycan dilinin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü.

Təsadüfi deyil ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Bu, Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb. Ən mühüm məqamlardan biri isə budur ki, 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında məhz Ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başladı və onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yarandı. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Eləcə də 2001-ci ilin iyununda Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalandı.

Sevindirici haldır ki, bu gün Ulu öndərimizin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın – azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib.

Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Ölkə başçısı tərəfindən 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamın imzalanması müstəsna əhəmiyyət kəsb edir. Eləcə də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.

Bütün bünlar göstərir ki, ölkə başçısının bu mənada sonuncu Fərmanı daha böyük əhəmiyyətə malikdir. Bu Fərmanın imzalanması Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu milli siyasətin fonunda ana dilimizin – Azərbaycan dilinin mühafizəsi və inkişafı yönündə həyata keçirilən belə səmərəli tədbirlərin Prezident İlham Əliyev tərəfindən dövrün aktual çağırışlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirildiyini bir daha sübut edir. 

Etikxeber.az

Read Previous

Deputatdan tələbələrlə bağlı maraqlı təklif…

Read Next

“Zamirənin xərclədiyi 130 milyonla 88-97-ci illərin şəhidlərinın haqqını vermək olardı” – ZAHİD ORUCDAN ÖNƏMLİ TƏKLİFLƏR VƏ MESAJLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir