Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ölkə prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Möhtərəm cənab Prezident!
Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri milli-mənəvi dəyərlərimizin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərdiyiniz qayğının əyani göstəricisi olan Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında imzaladığınız Sərəncama görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Dünyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığı nadir dövlətlərdən biridir. Ölkəmizdəki bu tolerant mühitin yaradılması və inkişafı bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər, həmçinin müstəqil Azərbaycanda möhkəm dayaqlara əsaslanan dövlət-din münasibətləri modelinin də əsasını qoymuşdur. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli-mənəvi dəyərlərimizin qorunması, dini ibadət ocaqlarının bərpası və inşası Ulu Öndərin daim diqqətində olmuşdur.
Bu gün də Sizin müdrik rəhbərliyinizin nəticəsində ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Müstəqilliyimizi bərpa etdiyimiz dövrdə Azərbaycanda 17 məscid fəaliyyət göstərdiyi halda, bu gün ölkəmizdə iki min beş yüzədək məscid mövcuddur və bu ibadətgahların bir çoxunun bərpası və inşası dövlət tərəfindən həyata keçirilmişdir. Sizin müdrik siyasətiniz nəticəsində ölkəmizdə məscid, kilsə və sinaqoqların bərpasına və yenilərinin inşasına xüsusi diqqət yetirilir. Gəncədəki İmamzadə ziyarətgahı, Şamaxı Cümə məscidi, xüsusilə Qafqazın ən böyük ibadət ocağı olan Heydər məscidi başda olmaqla, bir çox ibadətgahın dövlət vəsaiti ilə bərpası və inşası Sizin dinə olan qayğı və diqqətinizin əyani göstəricisidir.
Müasir Azərbaycanın iqtisadi və hərbi gücü ilə yanaşı, mədəni gücü ilə də dünya ölkələri sırasında özünəməxsus yeri vardır. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində bu gün bütün dünya Azərbaycanı multikulturalizmin və tolerantlığın mərkəzi kimi tanıyır. Dövlətimizin bu siyasətini dünyadakı böyük din mərkəzləri rəğbətlə qarşılayır. 2016-cı ili “Multikulturalizm İli” elan etməyiniz dünyada get-gedə rəvac tapmağa çalışan mono-kultural düşüncələrə layiqli cavabdır. Həmçinin imzaladığınız Sərəncamla 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi məzhəbçilik və təfriqəçilik ideyalarına qarşı İslam dünyasını vəhdətə səsləyən mühüm bir mesaj olmuşdur. Multikultural dəyərlərə sadiqlik baxımından dünyaya nümunə olan ölkəmiz, İslam həmrəyliyinə verdiyi önəm baxımından da müsəlman dünyası üçün örnəkdir. Təsadüfi deyildir ki, dünyada böyük nüfuz sahibi olan bir çox dini lider Azərbaycanın müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində yaşadığı ölkə olduğunu vurğulamış və bu birgəyaşayış ənənəsinin ölkəmizin haqlı olaraq fəxr edə biləcəyi dini dözümlülük və qarşılıqlı anlaşma sayəsində mümkün olduğunu bildirmişdir. Şübhəsiz ki, bütün bunlar Ulu Öndərin və Zati-alinizin ümumbəşəri dəyərlərə əsaslanan siyasətinin nəticəsində olmuşdur. Xalqımıza məxsus olan ali insani dəyərlərin dünyada təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də danılmazdır.
Təəssüflə qeyd edirik ki, müasir dünyanın bir çox yerində dini dəyərləri istismar edən radikal qüvvələrin destruktiv fəaliyyətinə şahid oluruq. İnsanların ən müqəddəs duyğularından sui-istifadə edən belə qüvvələr din adı ilə müxtəlif mənfi hərəkətlərə yol verərək bir çox ölkəni xaosa sürükləməyə nail olmuşlar. Onların dünyanın müxtəlif guşələrində özlərinə sosial dayaq tapmalarında dini dəyərlərin insanlara düzgün çatdırılmamasının rolu danılmazdır. Bu baxımdan dünya dinlərini, o cümlədən İslamı, xristianlığı və yəhudiliyi elmi əsaslarla tədris edən təhsil müəssisələrinə ciddi ehtiyac vardır. Belə müəssisələrin mövcudluğu ali dini və bəşəri dəyərlərin insanlara çatdırılması, eləcə də dini fanatizmin və radikalizmin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasına dair imzaladığınız Sərəncam da məhz bu mərama xidmət edir. İnstitutun dinşünaslıq və islamşünaslıq sahələrindəki təhsil standartları, eləcə də bu müəssisədə dərin biliyə və yüksək intellektə malik olan, müxtəlif dillərdə sərbəst şəkildə mühazirə oxuya bilən alimlərin çalışması onu deməyə əsas verir ki, Azərbaycan İlahiyyat İnstitutu Sizin etimadınızı doğruldacaq, imzaladığınız Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin edən elm ocağına çevriləcəkdir.
Möhtərəm cənab Prezident!
Sizi əmin etmək istərdik ki, Azərbaycan İlahiyyat İnstitutu istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyimizin keşiyində duran yüksək ixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcəkdir.
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Aleksandr
Bakı və Azərbaycanın arxiyepiskopu
Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Aleksandr Şarovski
Avropa yəhudilərinin Bakı icmasının sədri
Robert Mobili
Alban-udi dini icmasının sədri”
Etikxeber.az