“Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir…”-Hikmət Hacıyev – Diplomatların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə – NÖVBƏTİ SƏFƏRİ – YENİLƏNİB – (1)

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ” Twitter”də bildirib. 

“Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpusları Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərə aparırıq. Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”-deyə, H. Hacıyev qeyd edib. 

09:42

***

“Məscidin dağıdılması ilə yanaşı, həm də təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir”.

Bunu H. Hacıyev Füzulinin Mərdinli kəndində diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verərkən deyib.

“Mərdinli kəndinə gəlməyimizin əsas səbəblərindən biri bu kəndin dağıdılması ilə yanaşı bu kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir. Gördüyünüz kimi, digər işğal edilmiş ərazilərdə şahid olduğumuz kimi, burda da görürük ki, bu məsciddən də heyvanların, donuzların saxlanması üçün istifadə edilib.

İndiyə qədər səfər edilən kəndlərdə yaşayış yerlərində də görmüsünüz ki, daş-daş üstündə qalmayıb. Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı onun təhqir edilməsi düşünürəm ki, bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir”, – o qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, digər ərazilər kimi bu kəndin ərazisi də piyadalar və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib: “Bu ərazilərin təmizlənməsi üçün ANAMA tərəfindən işlər aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanları olub”.

H. Hacıyev bildirib ki, bütün bu dağıntılara baxmayaraq Azərbaycan tikinti və bərpa işləri aparır.

O, qeyd edib ki, səfər çərçivəsində Füzuli Hava Limanı və Füzulidən Şuşaya çəkilən əsas magistral yolla da tanışlıq olacaq.

11:40

***

Diplomatik korpusun nümayəndələri Qubadlı şəhərinin mərkəzində də olublar.

H. Hacıyev bildirib ki, rayon işğal dövründə elə dağıdılıb ki, onun mərkəzinin harada yerləşdiyini müəyyən etmək belə çətindir.

O, deyib ki, yaşayış binaları dağıdılıb, işğal dövründə yalnız hərbi məqsədlər üçün Ermənistan tərəfindən istifadə olunan binalar tikilib.

H. Hacıyev Qubadlının işğal tarixi barədə diplomatları məlumatlandırıb:

“Qubadlının və Zəngilanın işğalı çox çətin şəraitdə baş verib. Cəbrayıl və Füzuli işğal olunduğu üçün bu rayonlarda yaşayan insanların rayonu tərk etməsi çətin idi, onlar mühasirəyə alınmışdı. Belə bir şəraitdə mülki əhalinin çox hissəsi Araz çayı üzərində İranın yaratdığı humanitar dəhliz vasitəsilə çıxmaq məcburiyyətində qaldı. Onların bir çoxu isə Araz çayında öz həyatlarını itirdi. Bu da Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işğal prosesi çərçivəsində törətdiyi qırğın siyasətinin tərkib hissəsi idi”.

O, diqqətə çatdırıb ki, ekspert qrupları Qubadlıda olub, burda törədilən dağıntıları qiymətləndirib.

Qubadlı şəhərinin Azərbaycan üçün tarixi və mədəni baxımdan önəmini qeyd edən H. Hacıyev bildirib ki, bu şəhərdə çoxlu sayda dini və mədəni abidə olub, lakin bu abidələr dağıdılıb:

“Mən xüsusilə dağıdılan qəbiristanlıqlar barədə danışmaq istərdim. Evlər və mülkiyyətlərlə yanaşı, biz qəbiristanlıqların da hədəflənmiş şəkildə dağıdılmasının şahidiyik”.

Daha sonra Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov 1993-cü ildə XİN əməkdaşı olaraq Qubadlıya son səfəri barədə danışıb.

O, bildirib ki, əhalinin əksəriyyəti həmin dövrdə rayonu tərk etmək istəmirdi:

“Rayon coğrafi baxımdan çox strateji yerdə yerləşir. Rayon 1988-ci ildə Ermənistanda qovulan azərbaycanlıları qəbul edən ilk rayonlardan biri idi.

Əhali rayonu müdafiə edirdi, lakin həm Qarabağdan və həm də Ermənistan ərazisində yerləşən Qafan şəhərindən davamlı artilleriya atəşinə məruz qalan rayon sakinləri xilas olmaq üçün evlərini tərk etməyə məcbur oldular”.

E. Əmirbəyov onu da deyib ki, müharibə dönəmində Qubadlının əhalisi təxminən 29000 nəfər olub, keçən illər ərzində rayonun əhalisinin sayı artıb, hazırda 40 000-i keçib.

“Mən əminəm ki, bu insanların arzusu öz ata yurdlarına qayıtmaqdır”.

Etikxeber.az

Read Previous

“Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək…”-MİLLƏT VƏKİLİ

Read Next

Gender əsaslı zorakılığın qarşısının alınmasında iştirakı olan müxtəlif tərəflərin birgə-DİNLƏMƏSİ KEÇİRİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir