Doğum günündə və dünyaya gəldiyi saatlarda Şəhid olan Qaysalı İgid Heybullah, 3 yerindən ağır yaralanan, bağırsaqları hələ də çöldə olan 20 yaşlı, Xalatalalı Qazi Məhəmməd-AĞDAMDA MİNAYA DÜŞƏN, YARALANAN, HADRUTDA ÖLÜMDƏN DÖNƏN TÜLÜLÜ MƏHƏMMƏD…-KAMİL HƏMZƏOĞLU YAZDI – FOTOLAR

Bu gün (bir az olar) Balakənə səfərimi, dostlarla, qardaşlarla, Şəhid ailələri və Qazilər ilə görüşlərimi başa vurub, rayonumuza-kəndimiz Qızılhacılıya dönmüşəm…

Səfərimi, görüşlərimi başa vurmazdan əvvəl, yəni, dünən-17 yanvar tarixində növbəti dəfə Şəhid ailəsi və Qazilərlə görüşdüm…

İlk olaraq, İkinci Vətən Müharibəsində Şəhid vermiş Qaysa kəndinə, Şəhid Əsdiyev Heybullah Məzahir oğlunun ailəsinə baş çəkdim…

Mənimlə birgə ziyarətdə Yusif müəllim (Mirzəyev) və dostum Mehman Papaxov da iştirak edirdi…

Qaysa kəndinə, Şəhidimizin doğulub boya-başa çatdığı evə çatarkən şəxsən məni duyğulandıran, kövrəldən, həm də sevindirən, qürurlandıran bir məqam, bir an yaşandı…

Şəhidimizin evlərinin darvazasından həm Azərbaycanımızın, həm də Türkiyəmizin dövlət bayraqları qoşa dalğalanılırdı…

Həm də həyətdə, evlə üzbəüz ağacdan Azərbaycanımızın daha bir bayrağı asılmışdı…

Və təbii ki, bu mənzərə bu ailənin, Şəhid vermiş Əsdiyevlərin nə qədər vətənpərvər, nə qədər Azərbaycansevər olduğunu elə ilk baxışdan sübut edir, ortaya qoyurdu…

Yalnız belə bir vətənsevər, bayraqsevər ailənin övladı Şəhidlik məqamına Ucala bilərdi…

Bizi ilk qarşılayan Şəhidimizin məğrur və qürurlu, acısını, iztirabını, oğul itkisini qəlbində gizlədən, ürəyinə gömən atası oldu…

Əsl Azərbaycan kişisi, əsl vüqarlı Şəhid atası…

Sonra Şəhidimizin anası Nəzakət xanım və artıq Şəhid ailəsinin tək-yeganə övladı olan Kamran bəylə görüşdük…

Şəhidimizin atası kimi, anası da, qardaşı da vüqarlı, məğrur, dərdə qalib gələn insanlardır…

Görüşdükdən sonra Şəhidimizin otağına daxil olduq…3 aydır ki, onun yolunu gözləyən otağı, yatağı, geyim dolabı…

Yatağı başdan-ayağa üçrəngli bayrağımıza bürünmüşdü…Fotoları, şəkilləri səliqə ilə düzülmüşdü…

1993-cü ilin oktyabrın 14-də dünyaya gələn İgidimiz özü könülü şəkildə səfərbərliyə müraciət edib, İkinci Vətən Müharibəsinin ilk günlərindən, ilk anlarından da cəbhənin ən ağır nöqtələrindən, bölgələrindən olan Talış, “Ağuçuq”, Suqovuşan istiqamətlərində olub, döyüşüb…

İgidliyi, Qorxmazlığı, Cəsurluğu ilə döyüşçü yoldaşları arasında tez bir zamanda ad-san qazanıb, ermənilərə sözün əsl mənasında qan uddurub…

Neçə-neçə döyüşçü yoldaşının həyatını öz həyatını risq altına qoyaraq, ölümdən xilas edib…

Və…döyüşlərin birində, elə anadan olduğu gündə və saatlarda da Şəhid olub…

Anası Nəzakət xanımın dediklərindən:

“Heybullah çox tərbiyəli, çox savadlı-ali təhsil almasa da-, çox vətənpərvər oğul idi…Bir il yarım olardı ki, Rusiyadan qayıtmışdı…O şəhər olmamışdı ki, orada olmasın…Artıq yaşı keçirdi, evləndirmək istəyirdik (gözləri dolur)…Axırıncı dəfə onunla oktyabrın 13-də danışdıq, dedi ki, ana, hər şey yaxşıdır, məndən narahat olmayın, düşmənin də cavabını necə lazımdırsa, veririk, komandarimiz də çox yaxşı insandır…Cəmi bir gün sonra, 27 yaşı tamam olan gün, oktyabrın 14-ü, günorta 1-2 arasında isə oğlum Şəhid olub…Elə 1993-cü ildə də həmin saatlarda dünyaya gəlmişdi (göz yaşlarını saxlaya bilmir)…Doğulduğu gündə, doğluduğu saatda da balam Şəhid olub…Ancaq onu 3 gün sonra kəndimizdə, Qaysa qəbiristanlığında dəfn edə bildik…

Əvvəllər bizə təsəllü üçün “Öğlunuz Şəhidliyə ucalıb, o Şəhid olmaq üçün doğlulubmuş…” deyəndə onu qəbul edə bilmirdik…Amma indi həqiqətən də, o sözlərlə, öz təsəllilərlə razılaşır və qəbul edirik ki, oğlumuz Vətən, Torpaq üçün yaranıbmış, Şəhidlik üçün bu dünyaya gəlibmiş…Oğlum olduğu üçün demirəm, Heybullah çox İgid, çox Qəhrəman bir oğuluydu…Hamı, bütün əsgər, döyuş yoldaşları da onun başına and içirmişlər…Belə oğul idi Heybullah…”

Atası, Birinci Qarabağ Savaşışının iştirakçısı, Laçın-Qubadlı istiqamətində döyüş yolu keçmiş Məzahir kişi də oğlu ilə fəxr etdiyini, qürur duyduğunu bildirir.

Qeyd edir ki, oğlu sanki bu dünyanın insanı deyilmiş, bu dünyada özünə yer tapmırmış, darıxırmış:

“O, tamam, bir başqa xasiyyətli insan idi…Çox ədalət, haqqpərəst insan idi…Ədalətsizliyi, haqsızlığı qəbul edə, götürə bilmirdi…Sanki darıxırdı…Bəlkə də Şəhadətinə doğru yürüyürmüş, Şəhidliyinə doğru gedirmiş…Bir ata kimi fəxr edirəm ki, belə bir İgid, Şəhid atasıyam…O, evdən deyil, eldən gedən oğuldur…”.

Qeyd edim ki, ölümündən sonra Heybullah “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Nur içində yatsın, məqamı Ucalardan Uca olsun!

Şəhid ailəsi ilə sağollaşıb, Xalatala kəndinə, 20 yaşlı İgidimiz, Qazimiz Məhəmmədgilə yola düşdük…

Məhəmmədgilin də həyətlərində üçrəngli bayrağımız dalğalanırdı…

Sadə, zəhmətkeş bir ailənin oğlu olan-2001-ci il təvəllüdlü Məhəmməd Qalayçıyev 2019-cu ilin aprel çağırışçısıdır, bu ilin yanvarında da hərbi xidmət müddəti başa çatıb…

Məhəmməd oktyabr ayının 10-da-Füzuli, Alxanlı istiqamətində ağır döyüşlərdə çox ağır şəkildə yaralanıb…

Özü də üç yerindən-çiyinindən, göbəyindən və ayağından.

Uzun müddət Bakıda, “Papanin” hospitalında yatıb, müalicə alıb, 3 dəfə əməliyyat olunub…

Təxminin iki ay-ay yarım sonra isə dördüncü əməliyyatına gedəcək…

Məhəmməd həm qəlpə, həm də güllə yarası alıb, çiynində hələ də iki güllə qalır…

Eyni zamanda, göbək nahiyəsindən yaralandığı üçün bağırsaqları çöldədir…

Ancaq buna baxmayaraq, Məhəmməd çox məğrur və ürəklidir…Üzündə qəti və qəti narazılıq, küşkünlük, inciklik yoxdur…

Allah köməyi olsun, tezliklə şəfasını versin, növbəti əməliyyatı tam uğurlu başa çatsın və əvvəlki sağlamlığına qovuşsun…

Məhəmmədgildən çıxıb gedərkən, Qaysa qəbiristanlığını, Şəhidimiz Heybullahın məzarını ziyarət etdik, ruhuna dualar oxuduq…

Sonuncu görüşüm isə dünən axşamüstü Sarıbulaq kəndində, dostum, keçmiş il yoldaşım Nasirin xalası Şəfiqə xalagildə oldu…

Şəfiqə xalanın nəvəsi İbadov Məhəmməd Şahruddin oğlu da İkinci Vətən Müharibəsinin iştirakçılarındandır, bir müddət Hadrutda olub…

Bu yaxınlarda, dekabr ayında isə Ağdamda mina partlayışı zamanı ağır yaralanıb, kəllə-beyin-travması alıb, üz-gözü qəlpələrdən tanınmaz halda olub, yanıb…

Bir müddət Bakıda, hospitalda müalicə olunduqdan sonra-“sağalıb” adı ilə yenidən Ağdama göndərilib…

Məhəmməd yanvarın əvvəllərində hərbi xidmətdən buraxılmalı olsa da, hələ də xidmətini, özü də səhhəti gündən-günə ağırlaşan, pisləşən bir vəziyyətdə davam etdirir….

İgidimizin rəhmətlik atası da döyüşçü, Birinci Qarabağ Savaşının iştirakçılarından olub, döyüşlərdə ağzından ağır yaralanıb, hətta ailəsinə ölüm xəbəri gəlib…

Ancaq sonradan sağ olduğu məlum olub…Bir neçə il öncə isə dünyasını dəyişib…

Məhəmmədgil bir bacı, bir qardaşdırlar…

Anası onları minbir zülmlə, əzab-əziyyətlə böyüdüb, oğlunun durumundan da çox natahatdır, onun daha ciddi müalicə almalı olduğunu, əks halda, səhhətində ciddi fəsadlar yarana biləcəyini deyir…

Bu yerdə qeyd edim ki, Məhəmməd Tülü kəndindən olsa da, anası və bacısı ilə Bakıda yaşayırlar…

Və inanmaq istəyirik ki, İgidimizin vəziyyəti, durumu nəzərə alınacaq, hərbi xidmətdən buraxılacaq və daha ciddi müalicə ala biləcək, müalicəsinə kömək göstəriləcək…

Allah özü Yar və Yardımçısı olsun!

***

Bəli, Balakənə 4 günlük səfərim başa çatdı…

Bu 4 gündə Balakənə və Balakənlilərə bir daha vuruldum, bir daha aşiq oldum…

Azərbaycan, Vətən, Türkiyə, Türk, Bayraq…sevərliklərinə, içdən, səmimi, təmənnasız sevgilərinə görə…

Balakən Azərbaycan 3-4 rayonundan birdir ki, burada onlarla (20-dən çox) xalq, millət, milli azlıq, entik qrup yaşayır…Əsl milli-etnik zənginlik-gözəllik…Əsl dostluq-qardaşlıq mühiti…

Balakən bəlkə də yeganə rayondur ki, burada az qala hər bir evdə, hər bir küçədə, hər bir döngədə Azərbaycan bayraqları asılıb, dalğalanır…Həm də qardaş Türkiyənin bayrağı ilə qoşa…

Son 4 gündə Balakənin özündə, Şərifdə, Yeni Şərifdə, Xalatalada, Tülüdə, Talalarda, Şambulda, Meşəşambulda, Sarıbulaqda oldum…

Şəhid və Qazi ailələrinə baş çəkdim…Xüsusilə də, avar qardaşlarımızla bir arada oldum..

.Hamısında dəhşətli Azərbaycan, Türkiyə, Türk, Bayraq…sevgisi var…

Hələ heç bir yerdə belə bir mənzərəyə, sevgiyə rast gəlməmişdim…

Çox qürurlandım, çox fəxr etdim, çox duyğulandım…

Halal olsun, Var olsunlar, qarşılarında baş əyirəm-əziz, doğma Balakənlilərin, Balakənlilərimin!

Allah üstlərində Yar olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru və “525-cı qəzet”in parlament müxbiri

Etikxeber.az

Read Previous

“Bu gün də mənim fəaliyyətimdə o bölgələrin – Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur: Bu, təsadüfi deyil, bu, təbiidir”-PREZİDENT – FOTOLAR

Read Next

Yanvarın 18-dək dəfn edilən Şəhidlərimmizin sayı 2855-ə çatdı-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir