“Nişanlı idi, toyu olacaqdı…Amma Vətənini hər şeydən üstün tutdu, könüllü şəkildə müharibəyə getdi…”-NAXÇIVANLI, KƏNGƏRLİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, DÖRD MEDAL VƏ BİR ORDENLİ ÜLVİ HABİL OĞLU CƏFƏROVUN ANASI CAVAN CƏFƏROVA – FOTOLAR

Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsi, 28 ilə yaxın işğal altında torpaqlarımızın, Qarabağımızın murdar və yağı düşmən tapdağından, erməni işğalından azad olunması yolunda canını fəda edən Qələbə və Zəfər Şəhidlərimizdən biri də Ülvi Cəfərovdur…

İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız Ülvi Habil oğlu…

Cəmi 22 yaşında gözlərini qırpmadan, tərəddüd etmədən Vətəni, Qarabağı yolunda canını qurban edən Ülvi Habil oğlu Cəfərov…

Naxçıvan Muxtar Respublikasında, Qarabağdan xeyli uzaqlarda-Kəngərli bölgəsində doğulub, Şuşa istiqamətində Şəhidlik zirvəsinə ucalan Fədaimiz…

Ülvi Cəfərov 1998-ci ilin yanvar ayının 16-da Naxçıvan Muxtar Respublikasının (NMR) Kəngərli rayonunun Xok kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri olub…

Tək bacısı ailəli, övlad anasıdır…

Orta məktəbi bitirdikdən sonra, 2016-2017-ci illərdə Əsgərlikdə, Vətənin keşiyində olub…

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…

Müqavilə müddəti bitsə də, Vətən sevdalısı Ülvi İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Bir aydan artıq şərəfli döyüş yolu keçib…

Cəbrayılı, Hadrut, XocavəndŞuşa istiqamətlərində döyüşüb…

Və oktyabrın 31-də Şuşa istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 6 gün sonra doğulub boya-başa çatdığı Xok kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

22 yaşında Şəhidlik məqamına ucalan Ülvi həm də nişanlı olub…

Ülvinin bəylik, valideynlərinin övlad toyu görmək arzusu yarımçıq, gözlərində qalıb…

Bəyliyi ağ kəfəni olub Vətən sevdalısı Ülvinin…

Və yenə də sözün bitdiyi, kəlmələrin aciz qaldığı yer!

***

Bu gün-24 may tarixində Şəhidimizin valideynləri-anası Cavan xanım və atası Habil kişi ilə tanış oldum…

Onlarla Naftalanlı İkinci Vətən Müharibəsi Şəhidi Elyəddin Cəfərovun Cənnətdəki üçüncü doğum günü ilə bağlı Qaşaltı-Qaraqoyunlu kəndində təşkil edilən mərasimdə görüşdüm, bir araya gəldim, qısa da olsa, söhbətləşdim…

Şəhidimizin valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm arzuladım…

“Məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Ruhu qarşısında baş əydiyimi bildirdim…

Və söz verdim ki, bir gün onları, eləcə də digər Naxçıvanlı Şəhidlərimizi və onların ailələrini öz məkanlarında, öz ocaqlarında ziyarət edəcəyəm…

Məqamı Uca, dərgahı mübarək olsun-Şəhidimizin!

Nur içində yatsın-cəmi 22 yaşında canını Vətən yolunda fəda edən Ülvi Cəfərovun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Naftalanlı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından, iki qardaşdan biri, subay Elyəddin Cəfərovun Cənnətdəki üçüncü doğum günüdür-BU GÜN ONUN 28 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Biz özümüzə sual verməliyik ki, 65 yaşı çatıb pensiyaya çıxan müəllim o fənni yaxşı tədris edər, yoxsa qeyri-ixtisas sahibi?”-MUSA QASIMLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir