Dördtərəfli görüş növbəti dəfə Gürcüstanda olacaq – FOTO – YENİLƏNİB – (3)

Azərbaycan, Gürcüstan, İran və Türkiyə arasında bəyannamə imzalanıb.

Etikxeber.az-ın xəbərinə görə, bəyannamə bu gün Bakıda keçirilən dörd ölkənin xarici işlər nazirlərinin görüşü zamanı imzalanıb.

“Artıq Bakı bəyannaməsini imzaladıq. Bu, çox önəmli sənəddir. Qərara gəldik ki, növbəti görüş Gürcüstanda keçirilsin. Həmin vaxta kimi növbəti görüşlə bağlı fəaliyyət planı üzərində işlərimizi quracağıq”.

Bu fikirləri isə imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

***

elmar-baku
Çavuşoğlu: Yeni format sülh və sabitliyə töhfə verəcək

Bugünkü yeni format tarixi və mədəni bağları olan ölkələr arasında qurulub.

Bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu  mətbuat konfransında deyib.

“Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu dostluq, qardaşlığımız hər gün genişlənir” – deyən, M. Çavuşoğlu bildirib ki, yeni format sülh və sabitliyə töhfə verəcək: “Başda bu ölkələr olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Üzləşdiyimiz çətinliklərə qarşı birgə mübarizə aparacağıq. Bütün sahələrdə əlaqələri, əsasən də, iqtisadi əlaqələri daha da genişləndirəcəyik. Həm ticarət, həm yatırım, həm də xalqlar arasında əlaqələri inkişaf etdirmək üçün nəqliyyat şəbəkəsini genişləndirmək vacibdir”.

O, əlavə edib ki, bu format gələcək layihələr üçün önəmlidir.

***

Zərif: Dördtərəfli əməkdaşlıq daha geniş əməkdaşlıq üçün imkan açacaq

Çoxtərəfli iclasın Bakıda keçirilməsi üçün şadam. Dost və qonşu Azərbaycan xalqına təşəkkür edirəm.

Bu sözlər İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə məxsusdur.

“Biz regional əməkdaşlığa sadiqliyimizi təsdiq edirik. İran güclü regiona inanır. İstəyirik ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqlar formalaşsın” – deyən, nazir qeyd edib ki, İran, Azərbaycan, Türkiyə və Gürcüstanı mədəni ortaqlıqlar bağlayır. Onun sözlərinə görə, beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti, regionda əməkdaşlığı daha da gücləndirəcək. O, bildirib ki, enerji, tranzit, turizm, sənaye və texnologiya sahələrində əməkdaşlıq bütün region ölkələrinin inkişafına töhfə verə bilər:

“Fars körfəzi İranı Hind okeanı və Aralıq dənizinə birləşdirir və bununla biz region ölkələrinə daha rahat marşrut təqdim edirik. Gələcək iclaslarda bu sahələrlə bağlı daha geniş müzakirələr apara bilərik. Ümid edirəm ki, dördtərəfli əməkdaşlıq daha geniş əməkdaşlıq üçün imkan açacaq”.

***

 Canelidze: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Sülh, sabitliyi qorumaq uçun ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik.

Bunu da öz növbəsində Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze  deyib. “Münasibətlərimizin uzun tarixi var. Əsas məsələ müasir dövr münasibətləri və gələcək üçün planlarımızdır” -deyə, qeyd edən gürcü nazir bildirib ki, müstəqilliyin ilk illərindən Gürcüstan Azərbaycan, Türkiyə və İranla bərabər əsasda əlaqələri inkişaf etdirməyə çalışır. O, Gürcüstanın ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkür etdiklərini qeyd edib.

“Biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Sülh, sabitliyi qorumaq uçun ərazi bütövlüyünə dair beynəlxalq hüquqa sadiqliyimizi bəyan edirik. Bu əməkdaşlıq regionda sülh, sabitlik və rifaha yönəlib.Bu ölkələrin nəqliyyat dəhlizi potensialı daha geniş istifadə oluna bilər. Asiya və Avropanı birləşdirmək üçün bu imkanlardan yararlanmaq lazımdır.Müntəzəm görüşlərimizi davam etdirməliyik” – deyə, gürcü nazir sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Cümhuriyyətin qurucuları ilə fəxr edirik – PREZİDENT – YENİLƏNİB – (1)

Read Next

Əliyev Makedoniya, Albaniya və Moldova liderləri ilə görüşdü – FOTOLAR- YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir