“Dövlət başçımız bir daha Paşinyana dərsini verdi, ona yerini tanıtdı…Bədnam, avantürist Baş nazir bir daha dünyanın gözü qarşısında rəzil oldu…”-TAHİR RZAYEV AZƏRBAYCANIN HAQQ SAVAŞINDA QALİB GƏLƏCƏYİNƏ, MÜHARİBƏNİ QƏLƏBƏ İLƏ BAŞA ÇATDIRACAĞINA ƏMİNLİYİNİ İFADƏ ETDİ – (ÖZƏL)

Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə yeni Zərəf, tarix yazmaqdadır. Artıq 5 gündür ki, xalqımız, dövlətimiz, Ordumuz düşmənə, işğalçıya, təcavüzkara qan uddurmaqda, həm döyüş meydanında, həm də diplomatiya səngərində dərs verməkdədir. İşğalçı və təcavüzkar Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti təxribat, fitnkənarlıq xalqımızı, dövlətimizi, Ordumuzu bir daha bir yumruğa döndərib, düşmən üzərinə bütün cəbhə boyu hücuma keçilib.

Çünki artıq başqa yol yoxdur, düşmən hərbdən başqa bizə seçim imkanı tanımadı və xalqımız, dövlətimiz, Ordumuz müharibə, hərb yolu ulə münaqişəni həll etmək qərarında, əzmindədir. Onu heç kim bu yoldan, Haqq savaşından çəkindirə, döndərə bilməz və bilməyəcək. Bu, son və qəti döyüşdür, Qələbə bizimlədir və bizimlə olacaq. Cənab Prezidentin dediyi kimi, Qarabağ Azərbaycandır, Qarabağ bizimdir, Qarabağ bizim olacaq.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri Tahir Rzayev deyib.

O, qeyd edib ki, 32 ildir bizi münaqişəyə cəlb edən, 20 faiz torpaqlarımızı işğal edən, 27-28 ildir işğala son qoymayan işğalçı və təcavüzkar Ermənistana edilən sərt xəbərdarlıqlara baxmayaraq, o, nəticə, dərs çıxarmadı, növbəti təxribatlara və fitnəkarlıqlara əl atdı, həm iyulun 12-də, həm də sentyabrın 27-də.

“Onsuz da 26 ildir atəşkəs rejiminə (son hadisələrə kimi) baxmayaraq, Ermənistan hər gün demək olar ki, təxribatlara və fitnəkarlıqlara əl atır, sülhə, təhlükəsizliyə töhlükə törədir, sülhə gəlmək istəmir, razı olmurdu. Amma son illər, son aylar, xüsusilə, avantürist Paşinyanın hakimiyyətə gəlişindən sonra bu təxribatlar, fitnəkarlıqlar ara vermir, dayanmırdı. Təbii ki, ölkəmiz, dövlətimiz, Ordumuz da bu təxribatların, fitnəkarlıqların cavabını layiqli və kəskin şəkildə verirdi. İyul hadisələrində də belə oldu, düşəmənə son dərəcədə ağır və sarsıdıcı zərbələr vuruldu.

Ancaq onlar bundan da, eləcə də, Azərbaycanın, ölkə Prezident cənab İlham Əliyevin son sərt xəbərdarlıqlarından nəticə çıxarmadı. Nəticədə də düşmənə növbəti və daha ağır zərbələr endirildi və endirilməkdədir. 5 gün ərzində işğal altında olan 7 kəndimiz, bir sıra mühüm, strateji yüksəkliklərimiz azad edildi, düşmən tərəf canlı qüvvə, eləcə də, hərbi texnika sarıdan böyük itkilərə məruz qoyuldu və qoyulmaqdadır. Bundan sonra-tam və qəti Qələbəyəcən də düşmənə ağır zərbələr endiriləcək, ona daha ağır itkilər verdiriləcək. Azərbaycan Ordusu, Azərbaycan dövləti buna qadirdir.

Ölkə Prezidentinin sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə qeyd etdiyi kimi, “Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir”.

Bəli, əslində bu sözlər, eləcə də, səsləndirdiyi digər fikirləri Ermənistanın əsl-gerçək simasını bir daha açıb ortaya qoydu, bütün dünya gördü ki, kim kimdir, kim haqlıdır, kim haqsız. Həm də bu veriliş bədnam Paşinyanın hər mənada fiaskosu oldu, o, batdıqca, batdı, Azərbaycan Prezidenti qarşısında da, dünyanın gözü qarşısında rəzil gününə düşdü. Həm də dünya bir daha İlham Əliyevin LİDER keyfiyyətlərini gördü, kəşf etdi.

Bəli, ölkə Prezidentinin dediyi kimi, Sorosun əlaltısı olan Paşinyan çevriliş yolu hakimiyyətı gələndə ermənilərə böyük vədlər vermişdi, ancaq bu müddət ərzində həmin vədlərin heç birinə nail ola bilmədi, mümkün də ola bilməzdi. Çünki hamısı əfsanə, utopiya, səfsəfə idi. Vədlərini yetirə bilmədikcə də, Ermənistan cəmiyyətində özünə qarşı yaranan kəskin etiraz dalğasını görüb, onu özündən uzaqlaşdırmaq, hakimiyyət ömrünü uzatmaq, həmçinin, “erməniçilik”dən irəli gələn təxribatçılıq və fitnəkarlıq niyyətlərini gerçəkləşdirmək üçün müharibə ritorikasına üstünlük verməyə çalışdı. Bununla bir daha Ermənistanı və erməniləri daha böyük uçuruma yuvarladı. Hər halda, bu, bizim problemimiz deyil, onların problemidir.

Bizim məqsədimiz Qarabağın işğalına, Ermənistanın təxribat və fitnəkarlıqlarına birdəfəlik son qoymaq, işğal olunmuş ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırmaqdır. Bu yolda, bu Qələbə, Zəfər yolunda da inanmla və qətiyyətlə addımlayırıq. Artıq Ermənistana da, onun havadarlarına da, münaqişənin bu vəziyyətə gəlib çatmasında günahı olanlara-BMT-yə, ATƏT-ə, Minsk qrupuna da güzəşt limitimiz bitib.Bu günə qədər-işğala məruz qalsaq da-çox səbr göstərdik, münaqişənin sülh və danışıqlar yolu ilə həlli üçün nə lazımdırsa, hamısını etdik, bütün səmimi, əməli addımlarımızı atdıq.

Bu, bizim güzəştimiz idi, artıq bundan sonra heç bir güzəşt olmayacaq, Ermənistan işğala son qoymayınca, Haqq savaşımız davam edəcək və bu savaşı da mütlıq şəkildə Qələbə ilə sonuclandıracağıq. Ali Baş Komandanımızın da bəyan etdiyi kimi, “biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər yaralanıb, 16 nəfər həlak olub-RESPUBLİKA PROKURORLUĞU

Read Next

“Bəli, Azərbaycan Haqq yolunda, Haqq Savaşındadır… Bizimlə, Haqla olanları da, bizimlə olmayanları, Haqqa göz yumanları da unutmuruq, unutmayacağıq!”-JALƏ ƏLİYEVA QARABAĞ SAVAŞINDAN, İKİNCİ VƏTƏN MÜHARİBƏSİNDƏN, XALQIMIZIN, ALİ BAŞ KOMANDANIN QƏLƏBƏ ƏZMİNDƏN YAZDI – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir