Dövlət başçısının qol saatı hədiyyə etdiyi “Cəbi” ləqəbli Əfsanəvi Xüsusi Təyinatlı-DOĞUM GÜNÜNDƏ, 37 YAŞININ TAMAMINDA ƏBƏDİYYƏTƏ UĞURLANAN ŞƏHİD-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI SÜBHAN CƏBRAYILOV…- FOTOLAR

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) daha bir əfsanəsi, daha bir Əfsanəvi Xüsusi Təyinatlı…

Vətənini, Dövlətini, Torpağını, Qarabağını hər kəsdən üstün tutan, canını Vətəni yolunda fəda edən daha bir Vətən sevdalısı…

Daha bir İkinci Vətən Müharibəsi Şəhidi, daha bir Vətən fədaisi…

İgidliyi, Qəhrəmanlığı dillər əzbəri olan, cild-cild kitablara sığmayan, sığmayacaq Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov tarixi 44 günlük İkinci Vətən Müharibəsi zamanı 60 Şəhid vermiş Salyan rayonunun Marışlı kəndində, 23 oktyabr 1983-cü il tarixində, sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Ailənin dörd övladından, üç qardaşdan biri olub…

Uşaqlıqdan vətənpərvərliyi, Dövlətinə, Vətəninə, Torpağına bağlılığı ilə seçilib, fərqlənib…

Böyükdən-kiçiyə hər kəsin hörmətini, rəğbətini qazanıb…

1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin birinci sinfinə gedib və 2000-ci ildə oradan məzun olub…

2001-ci ildə müddətli həqiqi hərbi xidmətə, Əsgərliyə çağırılıb…

Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində, 2002-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb…

2004-cü ildən də Xüsusi Təyinatlı Qüvvəllərin Xızı rayonu  ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmətə davam edib…

Və bir Vətən sevdalısı kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşıb, yüksək şücaəti ilə fərqlənib…

Aprel döyüşlərində göstərdiyi şücaətə görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Sübhana hədiyyə olaraq sol saatı bağışlayıb…

Və 2020-ci ilin 27 sentyabr tarixində başlayan İkinci Vətən Müharibəsinə ilk saniyələrindən qatılanlar arasında Sübhan və döyüş yoldaşları da olub…

Xüsusi Təyinatlı Qüvvələrinin Baş giziri olan Sübhan İkinci Vətən Müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan Qubadlının azad olunmasında iştirak edib…

Döyüş yoldaşları, dostları, digər Əfsanəvi Xüsusi Təyinatlılarla birlikdə düşmənə qan uddurub, Qəhrəmanlıq dastanı yazıb…

Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısı Sübhanın da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər, həmçinin, digər dəstələrin 30 nəfər hərbi qulluqçusu Qubadlı rayonu istiqamətində strateji əhəmiyyətə malik mövqelər uğrunda döyüşlərə qatılıb…

Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənib…

Və ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlayıb…

Döyüşlər ərzində də Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olub…

Sübhan və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün döyüşləri əvvəlcə Qubadlı rayonu uğrunda aparıb…

Və 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən Sübhan da daxil olmaqla 4 nəfər-Baş gizir Camal İsmayılov, Gizir Şəhriyar Quliyev və Gizir Elyar Vəliyev qəhrəmancasına Şəhid olublar…

Ümumilikdə Sübhan Cəbrayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur…

“Cəbi” ləqəbi ilə tanınan Sübhan 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək Şəhid olub…

Onun nəşi iki gün neytral ərazidə qalıb…

Və nəşi doğulduğu gün-23 oktyabrda, 37 yaşının tamamında Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən öncə 5 medalla, Şəhidliyindən sonra isə 4 medalla-“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və ən yüksək fəxri adla-“Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub…

Salyanda adını daşyan kücə var, eyni zamanda, Salyandakı Peşə liseyinə Sübhanın adı verilib…

Sübhan həm də ailəli olub, Sevda adlı xanımla ailə həyatı qurub…

Atasının adını daşıyan Rahim adında oğlu və Fidan adında qızı yadigar, Vətənə, ailəsinə əmanət qalıb…

Torpağı sanı yaşasınlar, ruhu köməkləri olsun!

***

Bu yerdə onu da qeyd edim ki, hələ aylar öncə, 2022-ci ilin avqustunda-daha bir Əfsanəvi Xüsusi Təyinatlı, “Azərbaycan Bayrağı” ordenlı Kərim Əliyevin Cənnətdəki ikinci doğum günü mərasimində-Ucar rayonunda Şəhidimizin anası, Analar anası, kübarlığı, əsaləti ilə seçilən Ləzifə ana ilə tanış oldum…

Qısaca da onunla söhbətləşdim, dərdləşdim, Şəhidimizin müqəddəs ruhu və Onun qarşısında baş əydiyimi dilə gətirdim…

Və Ləzifə anaya söz verdim ki, bir gün onları, Şəhidimizin ocağını da ziyarət edəcəyəm…

Düzdür, üstündən aylar keçsə də, hələ də bəzi obyektiv səbəblərdən Şəhidimizin ailəsini, ocağını, Ləzifə ananı ziyarət edə bilməmişəm, amma yaxın gələcəkdə mütləq şəkildə ziyarət edəcəyəm…

Çünki boynumun borcudur…

İnsanlıq, vətəndaşlıq, jurnalistlik borcumdur…

Və hər zaman qeyd etdiyim, yazıb vurğuladğım kimi Şəhidlərimizə, onları bu Vətən üçün yetişdirən Qəhrəman ailələrə olan borcumu heç zaman ödəyə bilməyəcəm…

Nə mən, nə də kimsə bu borcu ödəyə biləcək…

Şəhidlərimizə olan borcum, borcumuz heç zaman ödənməyəcək, bitməyəcək!

***

Ləzifə xanımın, Ləzifə ananın mətbuata dediklərindən:

“…Sübhan sonbeşiyim idi. Hərbi xidmətdə olarkən boyuna, bədəninə, fiziki qüvvəsinə görə onu XTQ-yə seçmişdilər. Boksla, əlbəyaxa döyüşlə məşğul olurdu. 18 il idi ki, xüsusi təyinatlılarda kəşfiyyatçı kimi xidmət göstərirdi. Həmişə hara getdiyini soruşanda deyirdi, təlimə gedirəm. Heç vaxt işi haqqında danışmazdı. Sonuncu dəfə oğlumla sentyabrın 25-i görüntülü danışdım. Dedi, təlimə gedəcəyəm, mən də ona sağ-salamat geri dönməsini arzuladım. Daha bilmədim ki, bu təlim, o təlimdən olmayacaq. Balamız, geri dönməyəcək, qəhrəmancasına vuruşacaq və şəhid olacaq. Anasına şəhid anası adı verəcək…”

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Casusluq edən xarici ölkə vətəndaşı həbs edildi-DTX MƏLUMAT YAYDI – FOTO

Read Next

85 yaşı tamam olan Anar 1-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir