“Dövlət rüsumlarına yenidən baxmaq lazımdır” – MİLLƏT VƏKİLİ- YENİLƏNİB

Mayın 17-də Milli Məclisin (MM) növbəti plenar iclası başlayıb.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclas cari məsələlərin müzakirəsi olmadan öz işinə start verib.

Mülki Məcəlləyə növbəti dəyişiklikləri nəzərdə tutan qanun layihəsi barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qeyd edilib ki, mövcud qanuna yeni maddələr əlavə edilib.

Qanun layihəsində göstərilir ki, yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir.

Həmçinin, qeyd edilir ki, daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.

Eyni zamanda, göstərilir ki, yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.

Sənəddə qeyd edilib ki, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir.

Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər.

Yəni, ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

***

Sonra iclasda “Dövlər rüsumu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib və qeyd edib ki, mövcud  qanuna texniki xarakterli dəyişikliklər edilib.

800px-Ziyad_Səmədzadə

Millət vəkili Çingiz Qənizadə isə rüsumların çoxluğuna etiraz edib:

“Dövlət rüsumlarına yenidən baxmaq lazımdır. Çünki rüsumlar bir qədər  çoxdur. Məsələn, icarəylə bağlı rüsum 92 manatdır. Hələ bundan sonra 14 faizlik də var. Kimsə balaca bir yer götürürsə, buna görə həmin rüsumu ödəməlidir. Elə olur ki, icarə müqaviləsini bir neçə dəfə dəyişməli olursan. Belə çıxır ki, iki-üç aydan bir sən həmin pulu ödəməlisən. Ona görə rüsumların həcmini, miqdarını aşağı salmaq lazımdır. Mən bu barədə fikirlərimi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinə də bildirmişdimm. Hətta, hörmətli həmkarım Vahid Əhmədovla da danışmışdım. O da demişdi ki, rüsumların bu dərəcədə olmasının əleyhinədir, amma onun fikirləri nəzərə alınmayıb. Axı, necə yəni nəzərə alınmayıb?! Bura Milli Məclisdir, qərarı bizlər-deputatlar veririk”.

oqtay-1

Spiker Oqtay Əsədov  öz növbəsində millət vəkili ilə razılaşmayıb:

“Yaxşı olardı ki, bu məsələni burada yox, komitədə bildirəydiniz”.

Sonra dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Çingiz Mustafayev “Eurovision 2019”-un finalında – FOTO – YENİLƏNİB

Read Next

Fazil Mustafa danışdı, Ziyafət Əsgərovla Siyavuş Novruzov qarşı-qarşıya gəldi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir