Dövlət Sərhəd Xidməti ilə Tacikistanın müvafiq qurumu arasında əməkdaşlıq məsələləri müzakirə edildi

Tacikistan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Komandanının müavini, polkovnik Odilbek Nosirovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Etikxeber.az-a bildiriblər ki, BMT-nin Cənubi Asiyada Narkotiklər və Cinayətkarlıq üzrə Regional Nümayəndəliyinin dəstəyi ilə “Tacikistan-Əfqanıstan sərhədləri boyunca nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi sərhəd nəzarətinin və xidmətin təşkili, qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Azərbaycan Respublikasının təcrübəsi ilə tanışlıqdır.

Nümayəndə heyəti ilə DSX-nin Aparatında keçirilən görüşdə Azərbaycanın sərhəd mühafizə sisteminə və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə dair təqdimatlar keçirilib. Həmçinin Azərbaycanın dövlət sərhədləri və mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, Xidmətin strukturu, əsas vəzifə və tapşırıqları, narkotiklərin daşınması, qeyri-leqal miqrasiya və digər qanunsuz fəaliyyətlərlə mübarizədə sərhəd təhlükəsizliyinin gücləndirilməsi üzrə həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, sərhəd mühafizəsində istifadə olunan texniki vasitələr barədə ətraflı məlumat verilib. Bununla yanaşı, DSX-nin beynəlxalq əlaqələri, digər ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri və müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər qonaqların diqqətinə çatdırılıb.

Tacikistan nümayəndələri öz növbəsində Sərhəd Qoşunlarının strukturu, vəzifələri və fəaliyyəti, eləcə də Tacikistan-Əfqanıstan sərhədindəki mövcud əməliyyat şəraitinə dair təqdimatla çıxış ediblər.

Səfər çərçivəsində qonaqlar Azərbaycanın cənub sərhədlərinə səfər edib, mövcud vəziyyətlə, narkotiklərin qanunsuz daşınmasının qarşısının alınmasında istifadə olunan texniki avadanlıq və xüsusi texniki vasitələrlə, bu sahədə işin xüsusiyyətləri və üsulları ilə tanış olub, təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin DSX Aparatının struktur bölmələri, DSX Akademiyası, Xüsusi Məktəb, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanış olublar. Qonaqlar Bakıda keçirilən “ADEX-2016” sərgisini də ziyarət ediblər.

Səfər çərçivəsində Tacikistan nümayəndələri narkotik vasitələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Dövlət Sərhəd Xidmətinin təcrübəsi ilə yaxından tanış olub, bu və digər sahələrdə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Etikxeber.az

Read Previous

Paytaxtın bir neçə avtobus dayanacağında xüsusi məlumat lövhəsi quraşdırıldı

Read Next

Əli Həsənov: “İslamı terrorla eyniləşdirmək cəhdləri…”- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir