“Prezident dayanmayın, durmayın, çalışın, qurun, yaradın deyir, hər kəsi Azərbaycan naminə, Azərbaycanın gələcək və növbəti inkişafı naminə fəaliyyətə səsləyir, dəvət edir!”-JALƏ ƏLİYEVA SON GÜNLƏRİN MƏNZƏRƏSİNDƏN, AÇILIŞLARINDAN YAZIR… – (ÖZƏL)

Azərbaycan qurub-yaradır…

Bir yerdə dayanmır, nəfəs belə dərmir. Dünyaya səs salır.

Pandemiya, dəhşətli koronavirus belə onun qarşısını kəsə, dayandıra, əzmi, iradəsi qarşısında tab gətirə bilmir.

Hər gün bir tarix, hər gün bir dastan yazılır. Paytaxt Bakı, iri sənaye mərkəzləri ilə yanaşı, bütün bölgələr dirçəlir, inkişaf edir. Təkcə elə son 6-7 aylıq pandemiya dövrünün statistikasına, mənzərəsinə baxmaq, qısaca nəzər salmaq kifayət edər.

Deyilənlərin, söylənilənlərin gəlişigözəl sözlər, boğazdanyuxarı təriflər olmadığı tam aydınlığı, açıqlığı ilə görünər. Qobustanda, Şamaxıda (iki dəfə), İsmayıllıda, Qəbələdə, Balakəndə, Şəkidə, Ağcabədidə, Tərtərdə, Goranboyda, Şəmkirdə, Abşeronda, Gəncədə, Mingəçevirdə, Sumqayıtda, Bakıda bir-birinin ardınca reallaşdırılan, baş tutan açılışlar- yeni məktəb binaları, uşaq bağçaları, diaqnostika mərkəzləri, müasir, modul tipli xəstəxanalar, yollar, körpülər, keçidlər, klinikalar, Asan Xidmət, Dost mərkəzləri, fabriklər, zavodlar, yataqxanalar və sair və ilaxır…

Elə təkcə iki gün ərzində, yeni təhsil, tədris ilinin başlanğıcında, sentyabrın 15-i və 16-da Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun yaxından iştirakı ilə Bakı şəhəri də daxil olmaqla, bir neçə bölgəni əhatə edən 62 yeni təhsil müəssisəsinin, məktəb və məktəbəqədər təhsil ocaqlarının istifadəyə verilməsi Azərbaycanın əzminin, iradəsinin, qurub-yaratmaq eşqinin, şövqünün, onun gücünün, iqtisadi-siyasi qüdrətinin əyani təcəssümüdür.

Daha bir nümunəyə nəzər salaq. Bir neçə gün öncə ölkəmizin üçüncü böyük şəhəri və sənaye mərkəzi olan, həm də ötən əsrin 80-90-ci illərinin ağır mənəvi və iqtisadi tənəzzülündən qurtulub, böyük tərəqqi, intibah, sıçrayış dövrü yaşayan Sumqayıtda Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi böyük hadisə sayıla bilər. Son illər gerçəkləşdirilən və nəhəng layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkı nəzdində yaradılmış Peşə Təhsil Mərkəzi 500 tələbənin təhsil alması üçün nəzərdə tutulur.

Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var. Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Bununla yanaşı, Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.

Bunlar adi, sıradan işlər deyil. Bunların arxasında böyük əmək, böyük zəhmət, böyük iradə, böyük maliyyə dayanır. Pandemiyanın iqtisadiyyata, büdcəyə bu və ya digər dərəcədə zərərlərinə, ağırlıqlarına, neftin qiymətinin dəfələrlə ucuzlaşmasına rəğmən Azərbaycan dövləti, hökuməti heç bir işi, layihəni dayandırmır, maliyyəni kəsmir, əksinə, iqtisadiyyatın inkişafı, bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının inkişafı üçün əlavə vəsaitlər ayırır. Bunlar həm də inam deməkdir, bunlar həm də indiyə qədər formalaşdırılmış güclü baza deməkdir.

Bu baza, bu inam, bu qətiyyətdir bu işlərin arxasında dayanan, özülünü, mahiyyətini, məzmununu, təməlini, bünövrəsini təşkil edən. Bunları ortaya qoyan, bunları ərsəyə gətirən, bunların müəllifi isə əlbəttə ki, ölkə Prezidenti cənab İlham Əliyevdir.

Məhz onun uzaqgörən, müdrik siyasəti, möhkəm iradəsi, qətiyyəti, cəsarəti sayəsində bunlara nail olunur, olunub, olunmaqdadır! Dövlət başçısı Sumqayıtda açılış zaman dedi:

“…Bizim neft yataqlarımız nə vaxtsa tükənəcək. Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacağıq, çalışacağıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır…”

Bəli, dövlət başçısı bununla yeni hədəf müəyyənləşdirir, yol göstərir, inkişaf xəritəsi cızır!

Dayanmayın, durmayın, çalışın, qurun, yaradın deyir, hər kəsi Azərbaycan naminə, Azərbaycanın gələcək və növbəti inkişafı naminə fəaliyyətə səsləyir, dəvət edir!

Budur Azərbaycanın fərqi, budur İlham Əliyev fərqi!

19:04

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Dövlət başçımızın bəyan etdiyi kimi, ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik-Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-MİLLƏT VƏKİLİ PREZİDENTİN SON MÜSAHİBƏSİ, SƏSLƏNDİRDİYİ MESAJLAR BARƏDƏ YAZDI – (ÖZƏL)

Read Next

“Azərbaycan adlı karvan öz yolu ilə gələcəyə doğru inamla addımlayacaq…”-ZİYAD SƏMƏDZADƏ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir