Dövlət büdcəsi dəyişdirildi, xərclər artırıldı – YENİLƏNİB (1)

Milli Məclisin (MM) dünən keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilib.

Etikxeber.az xəbər verir ki, layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O, 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətləri açıqlayıb. Onun sözlərinə görə, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2%-ni təşkil etməklə (təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd çox), mütləq ifadədə 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək.

Sənəddə bildirilib ki, qeyri-neft sektorundan 5 mlrd. 805 mln. manat vergi daxilolması nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 135 mln. manat və ya 2,4% çoxdur. Layihədə o da qeyd olunub ki, büdcədənkənar gəlirlər üzrə 429 mln. manat vəsaitin daxilolması nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 76 mln. manat və ya 21,5% çoxdur. Bu daxilolmaların artımına səbəb Vergi Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə proqnozun artması, Dövlət Gömrük Komitəsi tərəfindən toplanılan xidmət haqlarının tariflərinin artması, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq olunan inzibati cərimələrin məbləğlərinin artması ilə bağlı olub. Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1041,0 mln. manat artırılaraq 17941,0 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq. Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 26,9%-ə bərabər olacaq ki, bu da təsdiq olunmuş göstəricidən 1,5% bənd çox deməkdir.

***

“Büdcə təşkilatlarının büdcədənkənar gəlir və xərclərinin artırılması üçün yenidən baxılacaq dövlət büdcəsində əlavə 76,0 mln. manat (Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər təşkilatlar üzrə) vəsait nəzərdə tutulur”.

Bu barədə maliyyə naziri Samir Şərifov deyib.O əlavə edib ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan protokolların, qərarların (qərardadların) hazırlanması və çapı ilə bağlı xərclər üçün ilk dəfə olaraq dövlət büdcəsində 2,5 mln. manat vəsait nəzərdə tutulur.

***

Müzakirələr zamanı millət vəkili Vahid Əhmədov bildirib ki,dünya iqtisadiyyatında baş verən təlatümlər fonunda Azərbaycan iqtisadiyyatındakı dəyişikliklər müsbt hesab edilir: “Büdcənin xərc hissəsi 1 milyard civarında nəzərdə tutulub. Azərbaycan Dövlət Neft Şirkətinə, Əmənətlərin Sığortalanması Fonduna vəsait ayrılıb.  SOCAR-a ayrlmış vəsait “Azəriqaz”da qazla əlaqədar itkilərin baş verməsi ilə bağlıdır. Amma “Azəriqaz” itkilərin qarşısını almaq üçün tədbirlər planı işləyib hazırlamalıdır.Beynəlxalq Banka avadanlıq emiyyası ilə bağlı 4 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Bu da dövlət imicinin qorunub saxlanılması üçün vacibdir. Bundan əlavə, əgər biz iqtisadiyyatın inkişafına nail olmaq istəyiriksə, real sektora vəsaiti ayırmağı da diqqətdə saxlamalıyıq”.

 

Deputat ƏIi Məsimli çıxışında  qeyd edib ki, neft dövründən qalan problemlərin həllinə də vəsait ayırırıq: “ Hesab edirəm ki, bankları düşdüyü vəziyyətdən çıxarmaq lazımdır, nəinki onların lisenziyalarını əldən almaq. Eyni zamanda iki yeni bank da yaradıla bilər. Bunlar Aqrar Sənaye Bankı və İnnovasiya və İnkişaf banklı ola bilər. Bunun üçün də yaxşı olardı ki, Bank Məcəlləsinin qəbulu sürətləndirilsin”.

Millət vəkili Tahir Kərimli isə bildirib ki,  bəzi qurumlar MM-ə mexaniki aqreqat kimi baxırlar:

“Büdcə müzakirə olunarkən fikirlərimizi bildirmişdik.  Mən qorxuram ki, gələcəkdə də bəzi dediklərimiz nəzərə alınmasın. Məgər büdcə təsdiq olunanda bütün xərclər görünmürdü? Büdcə qalığı hesabına kəsirin silinməsini görmək mümkün deyildimi? Ona görə də çıxışlarımızda demişdik ki, xərcləri artırmaq lazım idi. Niyə biz 6 ay itirdik?  Bəzən şübhə edirəm ki, biz bazar iqtisadiyyatına keçməmişik, yoxsa, Karl Marksın dediyi fikirlərin bəlasına düşmüş olardıq”.

Etikxeber.az

Read Previous

Bir sıra hakimin səlahiyyət müddəti artırıldı

Read Next

Siyavuş Novruzov: “Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil” – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir