Dövlət Komitəsi “PwC” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə dünya reytinqində “Böyük dördlük” şirkətlərindən biri kimi tanınan “PricewaterhouseCoopers” (PwC) beynəlxalq şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

ƏMDK-dan Etikxeber.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən özəlləşdirmə prosesinə investisiyaların təşviqi və dünyada yüksək nüfuza malik beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi barədə tapşırıqlar verilib. Bununla bağlı komitə tərəfindən qabaqcıl standartlara uyğun özəlləşdirmə prosesinin reallaşdırılması məqsədilə nüfuzlu şirkətlər, investisiya qurumları və beynəlxalq maliyyə institutlarının prosesə cəlb edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. İlin əvvəlindən etibarən dünyanın nüfuzlu dördlüyünə daxil olan beynəlxalq məsləhətçi şirkətlər, o cümlədən “PwC” ilə danışıqlar və qarşılıqlı məsləhətləşmələr aparılıb. Həmçinin digər müstəqil beynəlxalq məsləhətçi və ekspertlərin tövsiyələri, Avropa, Türkiyə və MDB ölkələrinin müsbət təcrübələri də nəzərə alınıb.

Professional xidmətləri ilə dünyada tanınan “PwC” şirkəti Azərbaycanda aparılan özəlləşdirmə prosesinə investisiya yatırmaq imkanları olan çoxsaylı potensial investorlar bazasına malikdir. İmzalanmış memoranduma əsasən, “PwC” ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesində xarici investorlarla işgüzar əlaqələrin qurulması və onların bu prosesə cəlb edilməsində zəruri dəstəyi göstərəcək. Bu dəstək çərçivəsində belə investorların və maraqlı tərəflərin iştirakı ilə özəlləşdirməyə dair investisiya konfrans və forumlarının təşkili də həyata keçiriləcək.

Hazırda komitə ilə beynəlxalq şirkət arasında gələcək əməkdaşlığın xəritəsi və atılacaq praktiki addımlar barədə müzakirələr aparılır. Özəlləşdirmənin yerli və xarici investorlar üçün daha cəlbedici formada həyata keçirilməsi məqsədi ilə qarşılıqlı məsləhətləşmələrə başlanılıb. “Dəyirmi masa”ların təşkili və intensiv fikir mübadiləsi formatında keçirilən işgüzar görüşlər zamanı şirkət ekspertlərinin özəlləşdirmənin optimal üsulları, strateji sahələrin özəlləşdirilməsi istiqamətində tövsiyələri nəzərə alınır. Məqsəd bu sahədə yerli və xarici iş adamlarının diqqətini cəlb etmək, onların gözləntilərini nəzərə almaqdır. Özəlləşdirmə prosesində beynəlxalq təcrübəyə əsaslanan müasir yanaşmaların və innovasiyaların tətbiqi isə prosesin effektivliyini daha da artıracaq.

Qeyd edək ki, komitə tərəfindən belə əməkdaşlıqların digər beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərlə də qurulması istiqamətində işlər davam etdirilir. Ölkəmizdə özəlləşdirməyə açılan sahələr və müəssisələrə xarici investisiyaların yatırılması onların daha kompleksli və əsaslı fəaliyyətinə yeni imkanlar açır. Özəlləşmiş müəssisələrdə rəqabətədavamlı və ixracqabiliyyətli məhsulların istehsalına şərait yaradır. Bu isə öz növbəsində ixrac potensialının gücləndirilməsinə və “Made in Azerbaijan” brendinin dünyada tanınması prosesinə dəstək verəcək. Yekunda dövlət büdcəsinə daxilolmalar artacaq, regionların iqtisadi potensialı güclənəcək və ölkədə biznes mühiti daha da yaxşılaşacaq. Bu isə son nəticədə ölkədə iqtisadi aktivliyi və büdcə yükünün azaldılmasını təmin edəcək.

Etikxeber.az

Read Previous

Neftin qiyməti 2017-ci ildə 60 dollardan aşağı olacaq?

Read Next

Bankomat problemi aradan qaldırıldımı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir