Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Havanada fotosərgi açıldı

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibətilə Kubanın paytaxtı Havananın İnqilab Muzeyində “Müstəqillik uğrunda mübarizə” adlı fotosərgi açılıb.

Etikxeber.az-ın səfirliyə istinadən məlumatına görə, tədbirdə Kuba hökumətinin, o cümlədən Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, bu ölkədə akkreditə edilən diplomatik korpusun təmsilçiləri, Azərbaycanda təhsil almış Kuba vətəndaşları və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Fotosərginin açılışında Kubanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

İnqilab Muzeyinin direktoru Xose Andres Peres Kintana tədbirdə çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında əlaqələrin tarixi köklərə əsaslandığını və Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən fotosərginin bu əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Xose Andres Peres Kintana İnqilab Muzeyini yaxın həftələr ərzində ziyarət edəcək on minlərlə Kuba vətəndaşı və xarici turist üçün bu sərginin böyük maraq doğuracağına əminliyini bildirib.

Azərbaycanın Kubadakı səfiri Yaşar Əliyev tədbirin təşkilinə görə təşəkkürünü bildirib. Diplomat iştirakçılara Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış xüsusi Sərəncam haqda ətraflı məlumat verib.

Sonra iştirakçılar sərgidə nümayiş etdirilən fotoşəkillərlə yaxından tanış olub, yerli mətbuat nümayəndələri ilə təəssüratlarını bölüşüblər.

Tədbirdə Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin klassik musiqi əsərləri səsləndirilib, müasir Azərbaycanın inkişafından və turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş olunub.

Fotosərgidə nümayiş olunan 100-dən çox şəkildə Azərbaycanın müstəqillik tarixinin müxtəlif dövrləri əks olunub. Sərginin kompozisiyasına 20 Yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində misilsiz tarixi xidmətləri, müasir Azərbaycanın inkişafı, beynəlxalq nüfuzu, daxili və xarici siyasəti ilə bağlı maraqlı fotolar daxil edilib.

Fotosərgi noyabrın 1-dək davam edəcək.

sefirrrrrrr

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub

Read Next

Konqresmendən Azərbaycana xüsusi təbrik: “Azad dövlət kimi…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir