“Dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki?” – VAHİD ƏHMƏDOV – YENİLƏNİB – (2)

Ölkənin sığorta bazarında, sığorta sistemində müəyyən işlər getsə də, müəyyən addımlar atılsa da, ciddi problemlər var. Ümumi Daxili Məhsulda (ÜDM) sığortanın çəkisi o qədər çox deyil.

Ziyad-Samadzadeh

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə adıçəkilən komitənin aprelin 26-da keçirilən iclasında “Aqrar sığorta haqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O, xatırladıb ki, bir müddət öncə ölkə prezidenti İlham Əliyev də bununla bağlı öz iradlarını bildirib və müvafiq göstərişlərini verib: “Biz özümüzü təbii risqlərdən qorumalıyıq. Risqlərin müəyyən hissəsi də özəl sektorun üzərinə düşür və düşməlidir. Onlar da bu məsələdə rol almalıdırlar. Həmçinin, aqrar sığorta ilə bağlı qanun layihəsi yeni və çox mühüm hadisədir. Çünki neçə illərdir ki, aqrar sığorta barədə danışılır, deyilir. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən indi belə bir sənədin hazırlanması çox mühüm hadisədir. Əminəm ki, belə bir sənədin qəbulu, eyni zamanda, adıçəkilən nazirlikdə aparılan kadr və struktur dəyişiklikləri nəticəsində bu məsələdə xeyli müsbət meyllər özünü göstərəcək”.

Vahid Əhmədov: “Dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki?”

Bunu isə  millət vəkili Vahid Əhmədov deyib.

Deputat bildirib ki,  aqrar sığorta ilə yeni qanun layihəsində sığortanın icbari və ya könüllü olması əks edilməlidr: “Həmçinin qanunda göstərilir ki, ayrıca Aqrar Sığorta şirkəti yaradılır. Amma Azərbaycanda digər dövlət və qeyri-dövlət sığorta şirkətləri də var. Onların bu prosesdə iştirak edib etməməsi qanunda əks olunmalıdır. Bundan əlavə, qiymətqoyma məsələsi də sığorta hallarında problemdir. Burada qeyd olunur ki, yerli və xarici mütəxəssis iştirak edə bilər. Bizim öz mütəxəssislərimiz  var. Xarici mütəxəssislərə məncə, ehtiyac yoxdur. Bundan əlavə, dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki? Dövlət büdcəsində aqrar sığorta məsələlərinə aydınlıq gətirilməsini istəyirik. Niyə dövlət  Aqrar Sığorta Şirkətinə vəsait verməlidir?”.

Millət vəkili qanun layihəsinin bütövlükdə yenidən işlənməsinin və təkmilləşdirilməsinin vacibliyini dilə gətirib.

***

ali-masimli

Əli Məsimli:”…Onu aldada-aldada gedirlər”

Millət vəkili Əli Məsimli öz növbəsində bildirib ki, əsas məsələ, indiyə qədər olan proseslərdən nəticə çıxarıb, işlək mexanizm qurulmasıdır:

“İşlək mexanizm qurulsa, bu qanun işləyəcək. Kəndliyə, fermerə sual verirlər ki, niyə sığorta olunmursan? Deyir ki, biz sığorta şirkətinə inanmırıq. Haqlı olaraq inanmır. Çünki onu aldada-aldada gedirlər. Bu problmlə həll olunsa, mətbuat vasitəsilə və s. üsullarla onlarda inam yaradılsa, çox yaxşı olar. Sığorta şirkətindən soruşduqda ki, niyə sığorta etmirsən? o isə cavab verir ki, risk böyükdür. Amma burada risklərin bölünməsi var. Müəyyən hissə dövlətin, sığortaolunanın və şirkətin üzərinə düşür. Yeni qanun layihəsinin işləməsi üçün aşkarlıq və ciddi nəzarət mexanizmi olmalıdır. Burada ictimai nəzarət və digər effektiv işləyən nəzarət mexanizmlərindən istifadə olunmalıdır”.

***

İlhamə Qədimova: Sığorta bu sahədə işləmir

“Aqrar sığorta ilə bağlı illər öncə qanun  qəbul olunsa da, işlək olmayıb. Bu səbədən də, aqrar sahədə sığorta mexanizminin işləməsində müəyyən problemlər yaranıb”.

Buunu kənd təsərrüfatı nazirinin müavini İlham Qədimova  deyib. Nazir müavininin bildirdiyinə görə, indiyədək aparılan müşahidələr zamanı məlum olub ki, nə kənd təsərrüfatı istehsalçılarının, nə də sığortaçıların bu istiqamətə marağı var:“Bir sözlə, sığorta bu sahədə işləmir. Ancaq başqa ölkələrdə bununla bağlı işlək mexanizm var”.

İ. Qədimova bildirib ki, kənd təsərrüfatı sahəsində işləyənlərin maliyyə gəlirləri yüksək olmadığı üçün onların sığortaya marağının olmaması başadüşüləndir: “Bu baxımdan, yeni “Aqrar sığorta haqqında” qanun layihəsinin qəbulu ilə müşətərək sığortanın tətbiq edilməsi mühümdür. Çünki yeni qanun layihəsinə əsasən aqrar sığortaya dövlət tərəfindən dəstək göstəriləcək, aqrar sığorta sahəsində məsuliyyətli qurum olacaq. Burada əsas məsələlərdən biri sığortaçıların bu riskli sahəyə cəlbidir ki, buna da ehtiyac var. Odur ki, müşətərək sığorta sistemi aqrar sahədə sığortanın işənməsinə imkan yaradacaq”.

***

 9 milyon manatlıq nizamnamə kapitalına ehtiyac olacaq…

“Aqrar sığorta şirkətinin fəaliyyəti üçün 9 milyon manatlıq nizamnamə kapitalına ehtiyac olacaq”

Bunu da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.
M.Əliyevin sözlərinə görə, illər üzrə sığorta haqlarının subsidiyalaşdırılması üçün birinci il 8,5 mln. manat, ikinci il 10 mln, daha sonrakı illərdə 12,5, 13 mln. manata ehtiyac olacaq.  Agentlik sədri qeyd edib ki, mexanizmin işlədiyi 10 ildən sonra rüsumlar aşağı düşməyə başlayacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Fəzail Ağamalı qaza və işığa qoyulan limitin ləğvindən yazdı…

Read Next

“İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır…” -PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir