“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna və Əmək Məcəlləsinə-DƏYİŞİKLİK EDİLİR – FOTOLAR

Martın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclasında iki məsələyə baxılıb.

Etikxeber.az-ın xəbərinə görə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi və yenidən qurulması istiqamətində görülən işlərdən söz açıb, uzun illərdən sonra Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd etdiyimiz Novruz bayramı münasibətilə təbriklərini çatdırıb

.​Onlayn iclasda mahiyyət etibarı ilə bir-birini tamamlayan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda dəyişiklik edilməsi (birinci oxunuş) və Əmək Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Ziya Qasımov təqdim edib.

Bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində formalaşmış vahid sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub. Azərbaycan Prezidentinin 5 sentyabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılan “e-sosial.az” internet portalı sayəsində bu gün hər bir vətəndaş özünə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları və s. ilə bağlı məlumatları FİN nömrəsi ilə həmin internet portalı üzərindən əldə edə bilir. Bu da şəhadətnamələrin kağız daşıyıcıda verilməsinin aktuallığını aradan qaldırır.

Deputatların nəzərinə çatdırılıb ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda ümumilikdə 10 əlavə və dəyişiklik nəzərdə tutulur. Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra fərdi uçot sistemində proseslərin tam elektronlaşmasına mane olan hallar aradan qaldırılacaq, elektron pensiya sisteminin əhatə dairəsi genişlənəcək və qənaət edilmiş xərclər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək. Əmək Məcəlləsinə təklif olunan redaktə xarakterli 3 əlavə və dəyişiklik də bu qanuna ediləcək dəyişikliklərdən qaynaqlanır.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasov müzakirəyə çıxarılmış qanun layihələrini şərh edib.​

Müzakirələrdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlardan Vüqar Bayramov, Soltan Məmmədov, Arzu Nağıyev qanun layihələrinə dair rəy və təkliflərini bildiriblər.

Nazirliyin nümayəndəsi Elnur Abbasov deputatları maraqlandıran suallara cavab verib.

Fikir mübadiləsinin yekununda komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı və komitə üzvləri Əziz Ələkbərov, Aqil Məmmədov, Rauf Əliyev, Sevinc Hüseynova, İlham Məmmədov, Ziyad Səmədzadə, Səttar Möhbalıyev də iştirak ediblər.

Etikxeber.az

Read Previous

Daha 879 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Read Next

“Xəstəxanalarda doluluq faizi artarsa, xüsusi sərtləşdirilmiş rejimə, ciddi məhdudiyyətlərə getmək məcburiyyətində qalacağıq…”-Prezidentin köməkçisi – Ölkədə xüsusi karantin rejimi iyunun 1-dək uzadıldı – BAYRAM GÜNLƏRİNDƏ İCTİMAİ NƏQLİYYAT İŞLƏMƏYƏCƏK – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir