DSX-nin hərbi helikopteri Xızıda qəzaya uğrayıb, həlak olanlar və yaralananlar var-RƏSMİ – YENİLƏNİB – (1)

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir.

Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

12:39

***

Dövlət Sərhəd Xidməti “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan və yaralanan hərbi qulluqçuların siyahısını yayıb.

Xidmətdən verilən məlumata görə, noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olublar:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.

16:26

***

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  daxil olan məlumatda deyilir:

“Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir”.

Etikxeber.az

Read Previous

Daha 1678 yeni yoluxma-DAHA 23 ÖLÜM…

Read Next

Gənc siyasi şərhçinin-AŞQABAD SAMMİTİNƏ BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir