“Dünən daha 20, bu gün daha 13 kənd…İki cəbhə-birində Qələbə, Zəfər, birində…”-ELDƏNİZ SƏLİMOV YAZDI

Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev cəmi dəqiqələr, saatlar öncə Azərbaycan xalqına yeni-növbəti Qələbə, Zəfər müjdəsini verdi.

Ali Baş Komandan daha bir rayonun-27 ildən bu yana düşmən tapdağında olan Qubadlı rayonunun, o cümlədən, Zəngilanın, Cəbrayılın və Xocavəndin daha bir neçə kəndinin işğaldan azad edildiyini bildirdi.

Ali Baş Komandanın rəhbərlik-sərkərdəlik etdiyi şanlı, rəşadətli, müzəffər Azərbaycan Ordusu yeni Zəfər, Qələbə tarixi yazdı, dünən daha 20 kəndimizi, bir qəsəbəmizi, bu gün daha 13 kəndimizi yağı, murdar düşməndən azad etdi, onları əvvəlki paklığına, saflığına, azadlığına qovuşdurdu.

Mənfur və murdar düşmənə, faşist və terrorist Ermənistana, onun qanlı havadarlarına daha bir sarsıdıcı, öldürücü zərbəsini vurdu.

Bəli, bunlar möhtəşəm tarixi anlar, tarixi günlər, tarixi hadisələrdir.

Çox xoşbəxt insanlarıq ki, bu günlərin, bu anların, bu hadisələrin canlı şahidləriyik.

Cənab Prezidentin Azərbaycan xalqına sonuncu-növbəti müraciətində də deyildiyi kimi,  düşmənə layiqli cavab veririk, düşməni cəzalandırırıq, düşmən bizim qarşımızda acizdir, düşmənin belini qırırıq, qıracağıq.

Eyni zamanda, biz düşməndən fərqli olaraq, dinc, mülki insanlarla deyil, cəbhədə, döyüş meydanında sözümüzü deyirik, faşist Ermənistanın quldur-cinayətkar silahlı birləşmələri ilə vuruşuruq.

Bizim hədəfimiz mülki, sıravi, dinc insanlar deyil.

Bizim mənfur və murdar ermənilərdən, onların terror və vassal dövlətindən böyük fərqimiz və üstünlüyümüz də elə bundadır.

Biz yüksək dəyərlərimizlə tanınırıq, onlar dəyirsizlikləri, qanadoymazlıqları, insani, bəşəri keyfiyyətlərdən tam uzaq olmaları ilə.

Biz Haqq savaşı aparırıq, biz Haqq yolundayıq və Haqq yolunda da, Haqq savaşında da onlara-nahaqlara, haqsızlara, nankorlara qalib gələcəyik.

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Həmçinin, onu da deyim ki, biz əslində iki cəbhədə, iki düşmənlə vuruşuruq.

Biz eyni zamanda, koronavirusla, gözəgörünməz, “gizli düşmən”lə mübarizə aparır, savaşırıq.

Çox təəssüflər olsun ki, digər-ön cəbhədən fərqli olaraq, bu cəbhədə vəziyyət heç də ürəkacan deyil.

Son iki ayın-avqust və sentyabr aylarının müsbət dinamikası tamamilə geriyə, mənfiyə doğru gedib.

Əgər cəmi 10-15-gün öncə gündəlik yoluxma 70-lərə, 80-lərə düşmüşdüsə, son günlərdə yoluxma sayı 600-ü, 700-ü, hətta 800-ü ötüb-keçib.

Son iki gündə yoluxma sayı 800-dən yuxarıdır, həmçinin, ölüm saylarında artım var.

Bunlar çox təəssüfedici və çox narahatedicidir.

Bunlar son 7-8 ayda çəkilən zəhmətlərin, əməklərin, edilən fədakarlıqların az qala yerə vurulmasıdır.

Çox təəssüflər olsun ki, may ayında olduğu kimi, avqust və sentyabr aylarındakı yumşaldılmalar da bəzi insanlarımızda növbəti dəfə arxayınçılıq, məsuliyyətsizlik yaratdı.

Çoxları yenə tibbi maskalardan istifadə etmədi, yenə sosial məsafəni gözləmədi, yenə karantin qaydalarına açıq-aşkar saymamazlıq, etinasızlıq nümayiş etdirdi və nəticədə də məlum acı tablo ortaya çıxdı.

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti sərtləşdirici, məhdudlaşdırıcı addımlarla bağlı qərar qəbul etdi.

Hesab edirəm ki, çox düzgün addım atdı. Bunlara çox ciddi ehtiyac və zərurət varıydı.

Qeyd edim ki, son qərar əsasən, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə  operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır. 

Eyni zamanda Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax və Zaqatala rayonlarında aşağıdakı tarixlərdə ictimai nəqliyyatın hərəkəti dayandırılır: -24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək, -31 oktyabr saat 00-dan 2 noyabr saat 06:00-dək.

Bir daha qeyd edirəm ki, bunlar lazımıydı, vacibiydi, olmalıydı. Başqa yol, variant yoxuydu.

Düşünürəm və inanmaq istəyirəm ki, heç olmasa, bundan sonra vətəndaşlarımız, xüsusilə, etinasızlıq, laqeydlik göstərənlərimiz vəziyyətin ciddiliyini anlayacaq və karantin qaydalarına, şərtlərinə, o cümlədən, verilən qərarlara birmənalı və sözsüz əməl edəcəklər.

Dövlətimizə, səhiyyə işçilərimizə, öncə cəhədə olan əsgərlərimizə, onların yanında, qulluğunda olan, dayanan həkimlərimizə, tibbi işçilərimizə əlavə problem, yük yaratmayacaqlar.

Özlərinin də, başqalarının da həyatlarını risq, təhlükə altına atmayacaqlar, xüsusilə də, Vətən uğrunda öncə cəbhədə döyüşənlərimizin.

Özlərini düşünmürlərsə, heç olmasa, əsgərlərimizi, hərbçilərimizi, həkimlərimizi düşünsünlər.

Bu, onların vəzifəsidir, borcudur.

Biz yalnız birlikdə-öz məsuliyyətimizlə, öz həmrəyliyimizlə hər iki düşmənə qalib gələ bilərik və qalib gələcəyik.

Hər iki cəbhədə də Qələbə, Qələbə, yenə Qələbə!

Biz yalnız Qələbə yaraşır!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış-DAYANDIRILIR…

Read Next

“Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir