Dünya azərbaycanlıları birliyə və həmrəyliyə çağırıldı – DEPUTATLAR TƏTİLƏ GETDİLƏR – YENİLƏNİB

Parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Milli Məclis  dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciəti vitse-spiker Bahar Muradova səsləndirib.

Müraciətdə qeyd olunur ki, Azərbaycan son 1 əsrdə qərinələrə bərabər yol keçib.

Bildirilib ki, Azərbaycan Cənubi Qafqazın liderinə və azərbaycanlıların qürur yerinə çevrilib.

Vuröulanıb ki,bu illər ərzində xaricdə yaşayan soydaşlarımızla Azərbaycan arasında əlaqələr daha da möhkəmlənib.

Müraciətdə dünya azərbaycanlıları bir daha birliyə və həmrəyliyə çağırılıb.

Sonda müraciət qəbul olunub və bununla da parlamentin payız sessiyası başa çatıb.

***

TAM MƏTN:

“Əziz soydaşlar, dəyərli həmvətənlər!

Tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş Azərbaycan xalqının övladlarını öz milli varlığı, ölkəsinin və soydaşlarının taleyi haqqında düşünməyə səsləyən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birinizi səmimi qəlbdən salamlayırıq.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 28 il öncə milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcının qoyulması yeni dövrün salnaməsinin ən mühüm siyasi hadisələrindən biri olub. Dövlət müstəqilliyimizlə yaşıd olan bu hərəkat sonrakı dövrdə geniş vüsət alıb, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələri ilə haqlı olaraq fəxr edir. Tarix boyu xalqımızın yaradıcılıq enerjisinin və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlər dünya sivilizasiyasının inkişafına dəyərli töhfələr veriblər.

İyirminci yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik potensialının yeni şəraitdə təzahür etməsi və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi. Yüz illiyini qeyd etdiyimiz ilk müstəqil dövlətimiz təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında ayrıca bir mərhələ təşkil edib.

İyirminci əsrin sonlarında yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan Respublikası tarix baxımından qısa müddətdə qərinələrə bərabər yol keçib. Bu yolun əsas göstəriciləri ümummilli liderimiz Heydər Əliyevin xidmətləri sayəsində siyasi və dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyəti elementlərinin, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması kimi səciyyələndirilə bilər.

Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilməkdədir. Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və dünya azərbaycanlılarının qürur yerinə çevrilib.

Azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönələn düşünülmüş tədbirlər həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Müstəqilliyin bərpasından öncə dünyanın müxtəlif bölgələrində bir-birindən çətinliklə xəbər tutan soydaşlarımız arasında bu gün möhkəm bağlar yaranıb. Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına, tarix səhnəsində ənənəvi mühüm rolunu bərpa etməsinə yol açır.

Azərbaycan Respublikası bütün azərbaycanlıların ata-baba yurdu olduğuna görə dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə kömək göstərməkdir. Qarabağ dərdi hamımızın ağrılı yeridir. Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza isə işıqlı gələcək arzulayırıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İcbari və tibbi sığortayla bağlı dəyişikliklər müəyyənləşdi – DEPUTAT İSƏ YENİ QANUNA EHTİYAC GÖRÜR

Read Next

“Vest Hem” Nəsri ilə anlaşdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir