Dünya düzəninə töhfə verən son üç səfər və hər gün yazılan Tarix!-ELDAR İBRAHİMOV YAZDI

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə cənab İlham Əliyev yenə tarix yazmağa davam etməkdə, yenə Azərbaycanın dünya düzənindəki yerini möhkəmləndirməkdə, rolunu, çəkisini artırmaqdadır.

Yenə Azərbaycan adlı evimizin kərpici üzərinə hər gün daha bir kərpic qoymaqda, əlavə etməkdədir.

Yenə Liderlik qabiliyyətini ortaya qoymaqda, yenə əsl necə Lider olmalıdır obrazını nümayiş etdirməkdədir.

Heç təsadüfi deyil ki, cəmi son 9-10 gün ərzində dövlət başçımız tərəfindən üç dost və qardaş ölkəyə-Tacikistana, Qazaxıstana, Bosniya və Herseqovinaya tarixi səfərlər reallaşdırılıb, eyni zamanda, strateji müttəfiqlərimizdən olan qonşu Gürcüstanın Baş naziri ölkəmizin ən dilbər guşələrindən olan Qəbələdə qəbul edilib.

Təbii ki, bu səfərlərin və qəbulların hər biri həm ölkələrimiz, həm bölgəmiz və bütövlükdə dünyamız üçün önəmli, əhəmiyyətli, faydalıdır, həm də hər biri dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına verilən töhfələrdəndir.

Ancaq bu yerdə daha çox son iki səfərin-qardaş və dost Qazaxıstana və yenə strateji müttəfiqlərimizdən olan Bosniya və Herseqovinaya olan səfərlərin üzərində dayanmaq istərdim.

Qardaş və dost Qazaxıstana səfər zamanı çox yüksək səviyyədə qarşılanan dövlət başçımız bu ölkənin lideri  Kasım-Jomart Tokayevlə görüşərək, önəmli addımlara imza atdı.

Prezidentlərin mətbuata bəyanatlarında cənab İlham Əliyev ilk öncə qardaş və dost Qazaxıstana Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasına töhfə verməsinə görə minnətdarlığını ifadə etdi.

Bildirdi ki, Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb.

Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Xüsusən indi – biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda.

Bəli, dost və qardaş ölkədən də gözlənilən bu idi.

Bəyanatında “Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim. Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq və bu gün hələ bu barədə diskussiyaları davam etdirəcəyik”-deyə, bəyan edən dövlətimizin başçısı bildirdi ki, bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir.

Cənab Prezidentin dediyi kimi, bu halda da qazaxıstanlı qardaşlarımızı təbrik etmək istərdik ki, ölkənin beynəlxalq arenada nüfuzu artır və Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.

Bəyanatda o da vurğulandı ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyi təqdirəlayiqdir.

Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif edib.

Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur.

Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır.

Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.

Səfərin ən önəmli və yaddaqalan məqamlarından biri də Astana şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçəsinin təntənəli açılış mərasimi oldu.

Bunun özü də qardaşlığa, dostluğa hörmət və sədaqətin, Ulu Öndərin ruhuna ehtiramın bariz nümunəsidir.

Qazaxıstan Prezidentinin də qeyd etdiyi kimi, bu hadisənin xüsusi rəmzi mənası var.

“Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir”-deyərək, qardaş və dost ölkənin Lideri bildirdi ki, iki ölkə arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib.

O, “Biz yaxşı xatırlayırıq, o, qazaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün və irsimizin ortaq olmasını vurğulayırdı. Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çətinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib, həmişə hiss edib və başa düşüblər ki, onlar eyni köklərə mənsubdurlar. Bu sözlər 1997-ci il iyunun 10-da deyilib”-deyərək, sözlərinə əlavə etdi ki, ölkələrimiz arasında müasir möhkəm və ahəngdar qarşılıqlı münasibətlər bu sözləri təsdiq edir.

Bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir.

Bu addıma görə Qazaxıstan dövlətinə və qazax xalqına minnətdarlığnı ifadə edən dövlətimizin başçısı “Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi”-deyə, bildirərək qeyd etdi ki, bu gün biz onun-Heydər Əliyevin işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir.

Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq.

Dövlət başçımızın Bosniya və Herseqovaya səfərinə gəlincə bu səfərin təbii ki, ən mühüm və ən önəmli məqamı iki ölkənin lideri arasında “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması oldu.

Bu, rəsmən iki ölkə arasında uzun illərdən bəri davam edən dostluq və əməkdaşlığın ən üst səviyyəyə, strateji mütəffiqlik səviyyəsin qaldırılmasının bəyanı idi.

Bu, dünyanımızın indiki çox həssas dönəmində çox mühüm və gələcəyə yönəlik önəmli addımlardandır.

Bəli, cənab Prezidentin mətbuata bəyatında səsləndirdiyi kimi, strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir.

Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq.

Əminik ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.

İki ölkə arasında xüsusilə, energetika sahəsində çox geniş imkanlar var.

Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir.

İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir.

Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir.

“Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir”-deyərək, Azərbaycan Prezidenti həmiçinin bəyan etdi ki, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacaq və bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq.

Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyub və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır.

Bununla paralel olaraq nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır.

Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur.

Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər.

Bəyanatında “Söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük”-deyən dövlətimizin başçısı vurğuladı ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər.

Çünki həm Bosniya və Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir.

Ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir.

Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar var.

Bəli, yuxarıda da qeyd etdiyimiz kimi, bu səfərlərin hər biri olduqca önəmli, əhəmiyyətli və vacibdir.

Xüsusilə, dünyamızın qaynar qazan kimi qaynadığı bir dönəmdə.

Odur ki, bu xətt, bu seçim bundan sonra da davam etdiriləcək, cənab Prezident tərəfindən yeni-yeni tarixlər yazılacaq.

Bütün Qələbə və Zəfərlər bizimdir və bizim də olacaq!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Küçədə əl qumbarası tapıldı-YASAMALDA – FOTO

Read Next

İnam Kərimov Məcnun Məmmədovla-ƏVƏZLƏNDİ – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir