Dünyaca məşhur pərhləvanlarımız: DOQQUZQAT DÜNYA REKORDÇULARI-LAÇIN VƏ HÜSEYN ABDULHÜSEYNOV QARDAŞLARI…VƏ YA QARDAŞLARA HAQQ ETDİKLƏRİ DƏYƏR VERİLƏCƏKMİ? – FOTOLAR

Azərbaycanın dünyaca məşhur pəhləvanı, pəhləvanlar ailəsinin layiqli davamçısı Laçın Əli oğlu Abdulhüseynov…

Sözül əsl mənasında Azərbaycanın Fəxri, Qüruru olan bir oğul, Vətən sevdalısı…

İki gün öncəyə kimi açıq etiraf edim ki, Laçını tanımırdım, onun barəsində heç bir bilgiyə malik deyildim…

Onun barəsində yalnız ilk dəfə iki gün öncə Qubalı Şəhid Miqdad Abduləlimovun anası Tünzalə xanımdan eşitdim…

Dedi ki, bir azdan Laçın gələcək, çox gözəl insandır, oğlumun-Miqdadımın ağırlıqqaldırma üzrə müəllimi olub, həm də çox vətənpərvərdir, daim bizlərin-Şəhid ailələrinin, Qazilərin yanındadır…

Barəsində bu cür xoş sözləri eşitdikdən sonra Laçınla tanış olmaq marağım xeyli artdı…

Və Şəhid anasının dediyi kimi də oldu, sözləri bir daha təsdiqini tapdı-Laçınla tanışlıqdan sonra onun necə gözəl və vətənpərvər bir insan, əsl Vətən sevdalısı olduğunu gördüm…

Laçınla tanış oldum, xeyli söhbətləşdim və onunla tanışlıqdan da məmnun qaldım, söhbətindən-söhbətlərindən də xüsusi ləzzət aldım…

Lacın 1986-cı ildə Qubanın Möhüc kəndində-Azərbaycanın, həm də Dağıstanın məşhur pəhləvanlarından olan Əli Abdulhüseynovun ailəsində dünyaya gəlib…

Atası-mərhum Əli Abdulhüseynov Dağıstanın xalq pəhləvanı adını qazanıb…

Laçın ailənin 4 övladından, 3 qardaşdan biri olub…

Gözünü açandan da idmanla, pəhləvanlıqla məşğul olub…

Qardaşı, ondan 3 yaş böyük Hüseyn Abdulhüseynovla birlikdə Azərbaycanı dünyada tanıdıblar…

Necə deyərlər, ot kökü üstə bitər…

Atalarının və əmilərinin yolunu layiqincə davam etdirən Laçın və Hüseyn Abdulhüseynovlar Azərbaycanın məşhur el sənətini bütün dünyada tanıdaraq, bir-birinin ardınca rekordları yeniləyərək dünyanın 24 ölkəsində yarış və televiziya şou proqramlarında çıxış ediblər…

2017-ci ildə qubalı pəhləvan qardaşlar Amerika Birləşmiş Ştatlarının “America’s Got Talent” teleşousunda iştirak edərək amerikalı tamaşaçıları da öz qeyri-adi nömrələri ilə şoka salmağı bacarıblar…

Abdulhüseynov qardaşları Türkiyə, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan, Kolumbiya, Rumıniya və bir çox başqa ölkələrdə qeyri-adi istedada malik insanların çıxış etdikləri şou proqramlarında yaddaqalan nömrələr göstəriblər…

Onların bir çox nömrələri ekspertlər tərəfindən efir üçün təhlükəli olduğuna görə yayımlanmayıb…

Laçın qeyri-adi üsulla göz nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaq, kəsici-deşici aləti boğaz boşluğuna söykəməklə avtomobil itələmək və heç bir qoruyucu vasitə olmadan biləyi üzərindən 2 tonluq maşını keçirməklə dünya rekorduna imza atıb…

Qardaşı Hüseyn isə boğaz boşluğunda 33 kiloqram daş asmaqla, ayaqları üzərindən 3,4 ton ağırlığında avtomobili keçirməklə fərqlənib…

Qubalı qardaşlar doqquzqat dünya rekordçularıdır…

Hazırda Abdulhüseynovlar ailəsinin daha 5 üzvü pəhləvanlığın sirlərini öyrənir…

İbrahim, Kənan, Əli, Emil və Cavid yaşlarının az olmasın baxmayaraq bir çox rayon tədbirlərində, güclərini qüvvələrini sınayıblar…

Pəhləvanlardan ən kiçiyi Laçın Abdulhüseynovun oğlu İbrahimdir.

Altı yaşlı İbrahim atası və babası kimi güclü və məşhur pəhləvan olmaq istəyir.

Hələ dörd yaşı olanda çəki daşları ilə məşq etməyə başlayıb.

Ən xoşladığı nömrə isə avtomobil dartmaqdır.

O, bu yaşda iki tondan ağır avtomobil dartmaqla da məşhurlaşıb…

***

Amma və lakin…

Çox təəssüflər və əfsuslar olsun ki, qardaşların əməyi, fəaliyyəti Azərbaycanda yetərincə qiymətləndirilib…

Keçmiş mədəniyyət, eləcə də, idman və gənclər nazirləri tərəfindən qardaşlara sözlər, vədlər verilsə də, heç bir söz, vəd bugünəcən də yerinə yetirilməyib…

Qardaşların Azərbaycanın bu qədim sənətini tanıtmasına şərait yaratmayıblar…

Amma qardaşlar da əzmlərindən, indalarından dönməyiblər…

Azərbaycanı onun hüdudlarından çox-çox kənarlarda və çox layiqli şəkildə tanıtmağa nail olublar və bu gün də eyni əzmdə, eyni şövqdə, eyni inadkarlıqdadırlar…

Bunu Laçınla tanış olduğum, söhbətləşdiyim, yol yoldaşı olduğum iki gündə bir daha gördüm…

Və bir daha belə bir oğulla, Vətən sevdalısı ilə tanışlıqdan Qürur duydum, İftixar hissi keçirdim…

Allah daim əzmli, daim şövqlü, daim sağlam, daim ruhlu etsin, Laçını və Abdulhüseynovları!

Böyük Yaradan Yar və Yardımçıları olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kortala Şəhidi, evin tək və subay oğlu-ƏSGƏR HÜSEYNOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ… – FOTOLAR

Read Next

“Ermənistanın əsassız bəyanatını qətiyyətlə rədd edirik”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir