“Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın ölkə yoxdur” – SPİKER – FOTO

Şamil Ayrım: “Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır

Fevralın 18-də Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşüblər.

Etikxeber.az xəbər verir ki, İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq, bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur:

“Bu əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır”.

Diqqətə çatdırılıb ki, MM-in 125 deputatından 65-i Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə deyib ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir.

Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Ş. Ayrım xüsusilə təhsil sahəsində əlaqələrin uğurlarından danışıb.

Enerji sahəsində əməkdaşlığa toxunan dostluq qrupunun rəhbəri “Star” neft emalı zavodunun önəmini qeyd edib. Bildirib ki, bu, Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır.

Tərəflər parlamentlərarası əlaqələrin inkişafına hər zaman töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

TBMM-MM

Spiker Oqtay Əsədov  da  Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Görüşdə Oqtay Əsədov Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. O deyib ki, dünyada elə ölkələr yoxdur ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsunlar.

Dövlət başçısı İlham Əliyevin yenidən Prezident seçiləndən sonra ilk xarici səfərini Türkiyəyə etdiyini xatırladan sədr deyib ki, ölkələrimizin rəhbərləri arasında dostluq münasibətləri mövcuddur:

“Prezident Rəcəb Tayyib Ərdoğan da dövlət başçısı seçiləndən sonra ilk səfərini Azərbaycana edib. Bu, artıq ənənə halını alıb. Azərbaycan ilə Türkiyə arasında münasibətlər təksə siyasi sahədə deyil, digər sahələrdə də yüksək səviyyədədir. Dövlətlərimiz bir sıra mühüm layihələrə imza atıblar”.

Oqtay Əsədov bu yaxınlarda baş verən faciə nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib.

O, dövlətlərimizin və xalqlarımızın istər yaxşı, istərsə də pis günlərdə bir-birinin yanında olduğunu bildirib.

Başsağlığına görə təşəkkür edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyənin hər zaman Azərbaycanın sevincinə və kədərinə şərik olduğunu deyib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan türkiyəli qonaq Türkiyənin bu məsələdə də hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Bildirib ki, 1992-ci il fevralın 26-da Xocalıda bütün dünyanın gözü qarşısında Azərbaycan xalqına qarşı soyqırımı törədilib. Bu faciə ilə bağlı Türkiyədə tədbirlər keçiriləcək, faciə qurbanlarının xatirəsi bir daha anılacaq.

İki ölkə arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Şamil Ayrım dövlətlərimizin başçılarının bu münasibətləri daha da yaxşılaşdırmaq üçün səylə çalışdıqlarını bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sumqayıtda ekoloji vəziyyət ürəkaçan deyildi…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Bu il bu məsələ həll olunmalıdır” – İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir